Əli İsa Cabbarov onlara cavab verdi: "İmzalar saxtadır, mane ola bilməyəcəklər!"

“Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və bir qrup tanınmış kino xadimi sabah keçirilməsi nəzərdə tutulan qurultayı boykot etdiklərini açıqlayıblar. Bununla bağlı yayılan birgə bəyanatda mayın 26-da Bakıda keçirilməsi planlaşdırılan növbədənkənar Ümumi Yığıncağın həm Azərbaycan qanunvericiliyinə, həm də ittifaqın nizamnaməsinə uyğun təşkil olunmadığı bildirilib.

Bəyanatda qeyd olunub ki, toplantı qeyri-legitim hesab edilir və həmin yığıncaqda qəbul olunacaq qərarların hüquqi qüvvəsi olmayacaq.

Screenshot_3-1707730191.jpg (38 KB)

Bəyanata imza atanlardan biri, kinorejissor Cahangir Mehdiyev Musavat.com-a açıqlamasında seçkilərlə bağlı yekun qərarın verilmədiyini və bu səbəbdən prosesin qeyri-müəyyən vəziyyətdə qaldığını deyib:

“Əvvəlcə İdarə Heyətinin iclası keçirilməli, qurultayın tarixi müəyyənləşdirilməli idi. Amma İdarə Heyətində ortaq razılıq olmadığı üçün proses təxirə salındı. Qərara gəlinmişdi ki, məsələ əvvəlcə İdarə Heyətinin daxilində həll olunsun, bir və ya iki namizəd müəyyənləşdirilsin. Bu baş vermədiyinə görə qurultayın keçirilməsinə ehtiyac görülmədi.

İdarə Heyəti və katiblik birlikdə iclas keçirməli, qərar qəbul etməli, daha sonra qurultay təşkil olunmalı idi. Buna görə toplantının müəyyən müddətə qədər təxirə salınması və əlavə müzakirələrin aparılması qərara alındı.

Seçkiyə bir namizədlə getmək təklif olunmuşdu. Hazırda isə iki namizədin – Şəfiqə Məmmədova və Əli İsa Cabbarovun adları hallanır. Məqsəd vahid namizəd üzərində razılığa gəlmək idi və həmin namizədi də İdarə Heyəti müəyyən etməli idi”.

İttifaqın mətbuat katibi və sədrliyə namizədlərdən biri olan Əli İsa Cabbarov isə Musavat.com-a açıqlamasında bəyanatın ciddi əsaslara söykənmədiyini bildirib. O qeyd edib ki, imza atan şəxslər arasında ittifaq üzvü olmayanlar da var:

“İmzaların bir qismi saxtadır. Dəqiqləşdirmə apardıq və bəzi şəxslər həmin sənədə imza atmadıqlarını bildirdilər.

İdarə Heyətinin hesabatının gündəlikdə olmaması ilə bağlı iddialar da yanlışdır. Gündəliyi konfrans iştirakçılarının səsverməsi müəyyənləşdirəcək. Orada həm hesabat, həm də nizamnaməyə əlavələr məsələsi yer alıb. Bəyanat tələsik hazırlanıb və konfransın keçirilməsinə mane olmayacaq.

Qurultaya bir namizədlə qatılmaq təklif edilmişdi, lakin biz buna etiraz etdik. Bildirdik ki, alternativ əsasda ikinci namizəd də olmalıdır. Hətta üçüncü namizədin də irəli sürülməsini təklif etdik.

Mənim tərəfimdən İdarə Heyətinin iclasında hesabat təqdim olunub və müsbət qarşılanıb. Namizədliyimin irəli sürülməsinin əsas səbəblərindən biri də görülən işlərin müsbət qiymətləndirilməsi olub”.

Şahanə Rəhimli
Musavat.com

25.05.2026 17:43
2906