Azərbaycanda kirayə mənzil bazarında ilin əvvəlindən etibarən ciddi qiymət dəyişiklikləri müşahidə olunmur.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a bildirib ki, həm ötən ilin sonu, həm də cari ilin əvvəlində bazar nisbətən sabit qalıb və bu dövr üçün kəskin artım xarakterik deyil.
Ekspertin sözlərinə görə, kirayə bazarında əsas qiymət dalğalanmaları hər il olduğu kimi avqust–sentyabr aylarına təsadüf edir:
“Bu dövrdə xüsusilə tələbələrin böyük həcmdə paytaxta axını baş verir ki, bu da qiymətlərə birbaşa təsir göstərir. Əsas yük Bakı şəhərinin üzərinə düşsə də, Xırdalan və Sumqayıt kimi ətraf yaşayış məntəqələrində də bu proses qismən hiss olunur. Regionlarda vəziyyət fərqli mənzərə yaradır. Gəncə, Mingəçevir və Yevlax kimi ölkənin iri şəhərlərində tələbə aktivliyi müşahidə edilsə də, bu, kirayə qiymətlərində ciddi artıma səbəb olmur. Həmin şəhərlərdə həm tələb həcminin məhdudluğu, həm də mövcud mənzil fondunun bazarı nisbətən balansda saxlaması qiymətlərin sabit qalmasına şərait yaradır”.
Elnur Azadov qeyd edib ki, kirayə mənzil bazarında uzunmüddətli artım tendensiyası əsasən 2020-ci ildən sonra başlayıb: “Pandemiyanın səngiməsi ilə əhalinin böyük hissəsinin Bakıya və digər iri şəhərlərə yönəlməsi, eyni zamanda bazarda təklifin tələbi tam ödəməməsi qiymətlərin kəskin yüksəlməsinə səbəb olub. Məhz həmin dövrdə kirayə bazarında ən ciddi artımlar qeydə alınıb. Daha sonra Rusiya ilə Ukrayna arasında baş verən hərbi qarşıdurma fonunda miqrant axınının artması 2022–2023-cü illərdə də kirayə qiymətlərinə əlavə təzyiq yaradıb. Xüsusilə Bakı şəhərində bu proses daha qabarıq hiss olunub”.
Ekspertin sözlərinə görə, hazırda bazar əvvəlki illərlə müqayisədə daha stabil mərhələyə daxil olub. Son 1–2 il ərzində Bakı şəhəri üzrə kirayə mənzil qiymətlərində artım orta hesabla 10–15 faiz civarındadır ki, bu da mənzil fondunun mövcud vəziyyətini əks etdirir:
"Hazırda da daha çox tələbat 1 və 2 otaqlı mənzillərədir, xüsusilə də Bakı şəhərinin daxili hissəsində, metroya yaxın ərazilərdə. Qiyməti 500 manat olan evlərə tələbat daha çoxdur. 500 manatdan yuxarı olan evlərə tələbat nisbətən azdır. Qiymət artımı daha çox "ekonom" və orta seqmentdə müşahidə olunur. 500 manatla 750–800 manat arasında olan seqmentdə artım var. 1000 manat və 1000 manatdan yuxarı olan seqmentlərdə isə qiymət artımı bir o qədər müşahidə olunmur”.
Nigar HƏSƏNLİ,
Musavat.com