Azərbaycanda xüsusilə iri bankların kredit kartlarına xidmət haqqını müştərilərə xəbərdarlıq etmədən və tez-tez artırmaları əhali arasında narazılıqlara səbəb olmaqdadır. Kredit kartları üzrə şərtlərin, xidmət haqlarının vaxtaşırı dəyişdirilməsi və müştərilərə bununla bağlı vaxtında xəbərdarlıq edilməməsinə dair şikayətlər sürətlə artır.
Bank sektorunun tənzimləyicisi, bu sahədə istehlakçıların hüquqlarını müdafiə edən Mərkəzi Bank bununla bağlı hansı addımlar atır? Bu sahədə banklarla iş aparılırmı?
Musavat.com-un məsələ ilə bağlı sualını cavablandıran Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, tənzimləyicinin hansısa addım atması üçün müştərilərin müraciətləri olmalıdır:
“Bizim İnternet saytımızda müvafiq bölmə var. Tarifi müştəriyə xəbərdarlıq etmədən artıran bankla bağlı müraciət olunsun ki, biz konkret addım ataq. Daha bir mühüm məsələ budur ki, əgər hansısa bank şərtləri xəbərdarlıq etmədən dəyişirsə, tarifi artırırsa, müştərilər onun xidmətindən imtina etsinlər. Bank görsün ki, atdığı addım müştəri itkisinə səbəb olur. Yəni bizdə bu məsələyə yanaşma qəribədir ki, bank müştərini seçir. Halbuki müştəri bankı seçməlidir. Bir bankdan narazı qalan müştəri onu başqası ilə əvəz etsə, bank da növbəti dəfə narazılığa səbəb olan addımı atmayacaq”.
Kazımov onu da bildirib ki, Mərkəzi Bank tariflərə birbaşa müdaxilə etmir və hesab edir ki, qiymətləri bazar müəyyən etməlidir:
“Siz müştərilər deməlisiniz ki, qiymətləri sal aşağı, yoxsa gedəcəyik başqa banka. Lakin biz 2025-ci ildən başlayaraq bankların fəaliyyətinə istehlakçı hüquqlarını müdafiə baxımından nəzarəti artırmışıq. Bu ilin ikinci yarısından artıq bu, gündəlik rutin nəzarət prosesinə çevriləcək Harada görəcəyik ki, banklar müştərilərə xidmət haqqını haqsız qaldırırlar, yaxud artımla bağlı məlumatı müştəriyə birbaşa çatdırmayıb, saytın hansısa beşinci guşəsində yerləşdirirlərsə, onda biz bunların qarşısını alacağıq. İstər bank olsun, istərsə sığorta şirkəti, investisiya qurumu, effektiv nəzarət olması üçün sizin - müştərilərin şikayətləri, müraciətləri vacibdir. Belə şikayətlər çox olduqda həmin maliyyə qurumunun, sığorta şirkəti riskli qurumlar siyahısına düşür və bu halda biz ona qarşı daha sərt tənzimləmə tələbləri təqdim edirik”.
Dünya,
Musavat.com