ABŞ-də 30 ilə yaxın ölüm hökmünün icrasını gözləyən 50 yaşlı Krista Paykın edamı son anda dayandırılıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın 6-cı Dairə Apellyasiya Məhkəməsi Paykın edamına təxminən bir saat qalmış hökmün icrasını müvəqqəti dayandırıb. Onun sentyabrın 30-da ölümcül inyeksiya ilə edam edilməsi nəzərdə tutulurdu.
O, edam edilsəydi, Tennessi ştatında 200 ildən artıq müddətdə edam olunan ilk qadın olacaqdı.
Krista Payk 1995-ci ildə 19 yaşlı tələbə yoldaşı Kollin Slemmerin xüsusi amansızlıqla öldürülməsinə görə məhkum edilib. Cinayət törədiləndə Paykın cəmi 18 yaşı olub. İstintaq materiallarına görə, Slemmer meşəlik əraziyə aparılıb, işgəncələrə məruz qalıb və öldürülüb. Qurbanın bədəninə pentaqram da həkk edilib. Payk 1996-cı ildə ölüm cəzasına məhkum olunub.
Məhkumun vəkilləri ölüm hökmünün yenidən nəzərdən keçirilməsinə çalışırlar. Müdafiə tərəfi bildirir ki, ilkin məhkəmə prosesində münsiflərə Paykın uşaqlıqda məruz qaldığı ağır zorakılıqlar və psixoloji travmalar barədə kifayət qədər məlumat təqdim edilməyib. Son müraciətlərdə onun uşaqlıqda cinsi zorakılığa məruz qalması, eləcə də psixi sağlamlığı ilə bağlı məsələlər əsas arqumentlər sırasındadır.
Tennessi qubernatoru Bill Li daha əvvəl Paykın ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsi barədə əfv müraciətini rədd etmişdi. Ştatın Baş Prokurorluğu isə edamın dayandırılması qərarının ləğvi üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.
Musavat.com