Bu insan zəkası və ixtiraçılığı ilə XX əsrin gedişatını dəyişdirərək dünyaya misli görünməmiş rahatlıq və texnoloji irəliləyişlər bəxş edib. Amma yenə də eyni insan bilmədən planet miqyasında iki ekoloji fəlakətə səbəb olub və bəşəriyyət bu gün də onların nəticələri ilə üzləşir.
Kiçik Tomas Miclinin hekayəsi bir mühəndislik dahisinin başgicəlləndirici yüksəlişindən bəhs edir. Onun əsərinin zərərləri ölümündən sonra da onilliklər boyu davam edib, ondan indiki və gələcək nəsillərə də pay düşəcək.
Micli sadəcə istedadlı olmayıb - o, praktiki problemlərin həllində dahi olub. O, 1920-ci illərdə “General Motors” tədqiqat laboratoriyasında işləyərkən avtomobil sənayesini narahat edən bir problemlə qarşılaşıb: daxili yanma mühərrikində taqqıltı.

Yanacaq-hava qarışığı silindrlərdə sıxıldıqda, vaxtından əvvəl partlayıb, gücü azalıb, mühərriki köhnəldib və qorxunc metal cığıltı səsi çıxarıb. Kimyaçı olan Micli benzinin döyülməyə davamlı olmasını təmin edəcək bir qatqı axtarıb. Nəhayət, onu 1921-ci ildə tapıb - tetraetil qurğuşun (TEL). Təsiri heyrətamiz olub: mühərriklər rəvan, güclü və səssiz işləyib.
“GM”, “DuPont” və “Standard Oil” tərəfindən TEL istehsal etmək üçün yaradılan şirkət, qədim romalılara da məlum olan təhlükəli neyrotoksin olan qurğuşuna istinad etməkdən qəsdən yayınaraq, cəlbedici “Ethyl Corporation” adını seçib.
İlk fəlakət
Micli və onun rəhbərləri qurğuşunun toksikliyindən yaxşı xəbərdar olublar. İlk TEL zavodlarında çalışanlar qurğuşun zəhərlənməsinin dəhşətli simptomlarından əziyyət çəkiblər: hallüsinasiyalar, qıcolmalar, iflic və ölüm.

Şirkət şikayətlərə hiyləgərliklə cavab verib: əlaqəni inkar edib, məlumatları gizlədib, evfemizmlər (“qurğuşunlu” əvəzinə “qurğuşunlu benzin”) tətbiq edib və Miclinin özünü PR alətinə çevirib.1924-cü ildə TEL-in təhlükəsizliyini sübut etməyə çalışaraq mətbuat konfransı keçirən kimyaçı heyrətlənmiş jurnalistlərin qarşısında TEL-i əllərinə töküb və bir dəqiqə ərzində onun iyləyib və iddia edib ki, bunu hər gün zərər vermədən edə bilər. Bu, çarəsiz və təhlükəli bir hiylə olub. Halbuki tezliklə o, ağır xəstələnib və uzun müddət yataqda olub.
Amma buna baxmayaraq, bu addım işə yarayıb və qurğuşunlu benzin qalib gəlib. Onilliklər ərzində dünyanın müxtəlif şəhərlərinin küçələri görünməz qurğuşun tozunun dumanı ilə örtülüb, ağciyərlərə və böyrəklərə çöküb, qan dövranına nüfuz edib və ən dəhşətlisi isə uşaqların sümüklərində və beynində toplanaraq sinir sisteminə dönməz ziyan vurub, zəkanın azalmasına və aqressiv davranışa səbəb olub.

Fəlakətin miqyası yalnız 1970-ci və 1980-ci illərdə, tədqiqatlar işlənmiş qazlardakı qurğuşunla zəhərlənmə epidemiyası arasındakı əlaqəni birmənalı şəkildə nümayiş etdirdikdə məlum olub. Qurğuşun qadağası onilliklər boyu davam edib və bəzi ölkələrdə hələ də tamamlanmamış qalıb.
İkinci fəlakət
Micli soyuducularda və kondisionerlərdə təhlükəli soyuducu maddələri əvəzləmək istəyib. Çünki ammonyak, kükürd dioksid və propan kimi maddələr təsirli olsa da, zəhərli, partlayıcı və alışqan olub. O, ideal soyuducu üçün kimyəvi cəhətdən inert, toksik olmayan və alovlanmayan maddə yaratmağa başlayıb. 1928-ci ildə o, DuPontun freon adlandırdığı ilk xlorflüorkarbonu (CFC) sintez etməklə buna parlaq şəkildə nail olub. Bu, möcüzə kimi görünüb. Freon soyuducuları kompakt və əlverişli edən, kondisionerlərin isə kütləvi istehsalına şərait yaradan təhlükəsiz, sabit bir qaz idi. O təkcə mətbəxləri deyil, həm də aerozol qutularından tutmuş köpük istehsalına qədər bütün sənaye sahələrini fəth edərək bütün dünyaya zəfərlə yayılıb.
Micli Amerika Kimya və Mühəndislik Cəmiyyətlərindən ən yüksək mükafatlara layiq görülüb. O, bəşəriyyətin xeyirxahı kimi qəbul edilib. Heç kim, xüsusən də Miclinin özü, freonun sabitliyinin - onun əsas üstünlüyünün ölümcül bir qüsura çevriləcəyini təsəvvür edə bilməyib.

Problem ondadır ki, xloroflorokarbonlar atmosferin aşağı qatlarında parçalanmayıb. Onlar yavaş-yavaş, lakin davamlı olaraq stratosferə, 15-50 kilometr yüksəkliyə qalxıblar. Günəşin sərt ultrabənövşəyi şüalanmasına məruz qalan molekullar, nəhayət, parçalanaraq xlor atomlarını buraxıb. Xlor atomları isə amansız qatillərə çevrilib. Hər bir xlor atomu, molekulyar terminator kimi, on minlərlə ozon (O3) (Yer kürəsini ultrabənövşəyi şüalanmadan qoruyan təbəqə) molekulunu məhv etmək bacarığına malikdir. Bu, yalnız 1974-cü ildə Şervud Rouland və Mario Molina (Nobel mükafatı laureatı 1995) tərəfindən kəşf edilib. Miclinin ixtirası Antarktida üzərində nəhəng bir ozon dəliyinin əmələ gəlməsinə və bütün planetdə təbəqənin incəlməsinə səbəb olub.
Alimin öz həyatı da faciəvi şəkildə və dəhşətli istehza ilə başa çatıb. O, 1940-cı ildə, 51 yaşında, poliomielit xəstəliyinə tutulub, qismən iflic olub və yataq xəstəsinə çevrilib. Lakin onun yorulmaz ixtiraçılıq ruhu qırılmayıb. Micli köməksiz oturub özünü hərəkət etdirə bilməsi üçün çarpayısına bərkidilmiş mürəkkəb bir ip sistemi qurub. Lakin 2 noyabr 1944-cü ildə sistem əks təsir göstərib. O həmin iplərə ilişib və boğularaq ölüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün