Dünyanı gözləyən qorxulu gələcək: Ukrayna sadəcə, başlanğıc və "qlobal fəlakətin laboratoriyası"dır

Avropa məkanının təhlükəsizlik arxitekturası “soyuq müharibə"dən sonrakı mərhələni artıq tədricən geridə buraxmağa başlayıb... Rusiya təhlükəsi Baltikyanı regionu, Qara dəniz hövzəsini və Kalininqrad xəttini tədricən XXI əsrin yeni hərbi-strateji qarşıdurma poliqonuna çevirməkdədir...

Avropa məkanının təhlükəsizlik sistemində gərginlik son illərin ən böhranlı mərhələsinə daxil olub. Belə ki, Ukrayna müharibəsi uzanır, NATO-Rusiya ziddiyyətləri dərinləşir və qarşıduran tərəflərin ittihamları daha sərtləşir. Bu qarşıdurma artıq “lokal müharibə” anlayışını aşaraq, bütöv Avrasiya təhlükəsizlik düzənini dəyişdirən prosesə çevrilməyə başlayıb. Və son vaxtlar həm Rusiyanın aqressiv bəyanatları, həm də NATO ölkələrinin savaş ssenarili hərbi təlimləri tərəflərin artıq real silahlı toqquşma ehtimalını nəzərə alaraq, strateji hazırlıq mərhələsinə keçdiklərini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Rumıniyaya qarşı PUA hücumu ilə bağlı açıqlaması Kremlin Qərbə yönəlik mövqeyinin daha da sərtləşdiyini biruzə verdi. Çünki Dmitri Medvedyev əvvəlcə həmin PUA-nın kimə məxsus olduğunu müəyyən etməyin vacibliyini vurğuladı. Ardınca isə Avropa Birliyi ölkələrinə “sakit olmağı” məsləhət gördü. Və həm də açıq şəkildə Qərb ölkələrini Ukrayna savaşında birbaşa iştirak etməkdə suçladı.

Əslində, bütün bunlar Rusiyanın son dövrlərdə formalaşdırdığı əsas siyasi xəttin tərkib hissəsidir. Belə ki, Kreml artıq NATO və Avropa Birliyinin Ukraynaya hərbi yardımlarının “dəstək” mərhələsini keçdiyini və savaşda birbaşa iştirak səviyyəsinə yüksəldiyini iddia edir. Xüsusilə də, Ukraynaya verilən uzaqmənzilli raketlər, peyk kəşfiyyatı, pilotsuz sistemlər və s. Rusiyanın NATO-nu “dolayı tərəf” deyil, “faktiki savaş iştirakçısı” kimi təqdim etməsinə imkan verir.

38d02546-b32e-41f8-b11f-f6418c472979.jpg (277 KB)

Digər tərəfdən, PUA hücumuna məruz qalan Rumıniya son illərdə Qara dəniz regionunda NATO-nun əsas hərbi-strateji platformalarından birinə çevrilib. Eyni zamanda, ABŞ hərbi bazalarının genişləndirilməsi, raketdən müdafiə sistemlərinin yerləşdirilməsi və Ukraynaya logistik dəhliz rolunun güclənməsi Rumıniyanı Kremlin xüsusi diqqət mərkəzinə çıxarıb. Və bu baxımdan, Kremlin Rumıniyaya yönəlik sərt ritorikası da əslində, Rusiyanın daha genişmiqyaslı geopolitik manevrlərinin tərkib hissəsidir.

Məsələ ondadır ki, Kreml Qara dəniz regionunu artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, həm də NATO ilə uzunmüddətli hərbi-strateji qarşıdurmanın əsas poliqonlarından biri kimi görür. Belə ki, Ukrayna savaşının ilk mərhələsində əsas diqqət Donbas və cənub istiqamətinə yönəlmişdi. Ancaq indi isə Baltik-Qara dəniz arealı bütövlükdə NATO-Rusiya ziddiyyətlərinin əsas geopolitik qarşıdurma xəttinə çevrilməkdədir.

Bütün bunları nəzərə aldıqda, Rusiya prezidenti Vladimir Putinin Kalininqrad məsələsi ilə bağlı son sərt bəyanatı xüsusi olaraq, diqqət çəkir. Belə ki, prezident Vladimir Putin Avrasiya İqtisadi İttifaqının sammitindən sonra bildirib ki, əgər, NATO Kalininqrad bölgəsindəki Rusiya hərbi obyektlərinə zərbə endirsə, onun ölkəsi “hücum edənləri yerlə-yeksan etməyə” qadirdir. Və Rusiya liderinin bu bəyanatı yalnız emosional siyasi çıxış deyil, həm də strateji nüvə silahı ilə təhdid kimi qəbul olunur.

Təbii ki, belə vəziyyətdə Böyük Britaniyada keçirilən son hərbi təlimlər Qərbin Rusiya təhlükəsinə münasibətinin hansı istiqamətdə dəyişdiyini də göstərir. Belə ki, Böyük Britaniya ordusunun 2030-cu il üçün ehtimal olunan ssenari üzrə Baltikyanı ölkələrə Rusiya hücumunu simulyasiya etməsi NATO daxilində artıq uzunmüddətli müharibə planlaşdırmasının başladığını biruzə verir. Və bu isə onu göstərir ki, Qərb artıq yalnız Ukraynanın müdafiəsi ilə kifayətlənməyərək, həm də potensial NATO-Rusiya birbaşa hərbi qarşıdurmasını da ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.

08e83754-9f14-43b3-b864-2230f412b93d.jpg (204 KB)

Əslindəsə, Ukrayna savaşı artıq gələcək qlobal müharibələrin ilkin sınaq laboratoriyasına çevrilmiş kimi görünür. Belə ki, əksər NATO ölkələri bu savaşın verdiyi təcrübədən nəticə çıxararaq, yeni hərbi doktrinalar hazırlamağa başlayıblar. Halbuki Böyük Britaniya generallarının son açıqlamaları Qərbin ölkələrinin ciddi problemlərlə üzləşdiyini də biruzə verir. Çünki Böyük Britaniyanın kifayət qədər hərbi istehsal gücünə, və uzunmüddətli müharibə sənayesi üçün resurs bazasına malik olmadığı etiraf edilib.

Təbii ki, bu neqativ etiraf əslində, Avropa ölkələrinin əsas strateji dilemmasını da göstərir. Belə ki, NATO müasir hərbi texnologiyalar və maliyyə baxımından, Rusiyadan ciddi şəkildə üstündür. Ancaq uzunmüddətli hərbi istehsal potensialı ilə bağlı olduqca ciddi problemlərlə də qarşılaşır. Halbuki, Kreml isə sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatını getdikcə daha çox hərbi istehsal modelinə uyğunlaşdırır.

Digər tərəfdən, Rusiya üçün əsas strateji üstünlüklərdən biri də məhz uzunmüddətli müharibə iqtisadiyyatına keçid bacarığıdır. Halbuki, Qərb ölkələri isə hələ də “sülh dövrü iqtisadiyyatı” ilə “müharibə iqtisadiyyatı” arasındakı keçid məntəqəsini hələ tam aşa bilməyiblər. Bu səbəbdən də Avropada müdafiə büdcələrinin artırılması, müasir hərbi zavodların yaradılması və yeni silah istehsalı proqramlarının sürətlə reallaşdırılması artıq əsas prioritetə çevrilib.

12285999-d060-4e5c-9a4c-6b1b2db02689.jpg (315 KB)

Eyni zamanda, Rusiyanın Qərbə qarşı aqressiv təhdidlərinin məqsədləri sırasına Avropa cəmiyyətləri üzərində siyasi-psixoloji təzyiq yaratmaq da daxildir. Çünki Kremldə anlayırlar ki, uzunmüddətli qarşıdurmada yalnız hərbi deyil, ictimai-siyasi dayanıqlılıq da həlledici rol oynayacaq. Bu səbəbdən də, Rusiya Qərb ictimai məkanında “müharibə qorxusu”, “enerji böhranı”, “iqtisadi yorğunluq” və “Ukraynaya dəstəkdən bezmə” kimi neqativ tendensiyaları gücləndirməyə çalışır.

Halbuki, Qərb ölkələri isə buna paralel olaraq, öz cəmiyyətlərini potensial böyük hərbi qarşıdurmaya indidən hazırlamağa çalışırlar. Belə ki, son illərdə Avropada mülki müdafiə proqramlarının yenilənməsi, sığınacaq sistemlərinin modernləşdirilməsi və fövqəladə vəziyyət ssenarilərinin yenidən gündəmə gətirilməsi bunu təsdiqləyir. Və bu baxımdan, Avropa məkanının təhlükəsizlik arxitekturası “soyuq müharibə"dən sonrakı mərhələni artıq tədricən geridə buraxmağa başlayıb.

Ona görə də, yaxın gələcəkdə əsas məsələ məhz qarşıduran tərəflərin birbaşa müharibəyə başlamasından daha çox, hibrid savaşın idarə edilməsinin hansı həddə qədər mümkünlüyü ilə bağlı olacaq. Çünki hazırkı vəziyyətdə ən böyük təhlükə planlaşdırılmış hücumdan deyil, məhz nəzarətdən çıxa biləcək hərbi-siyasi gərginlikdən qaynaqlanır. Baltikyanı region, Qara dəniz hövzəsi və Kalininqrad xətti tədricən XXI əsrin yeni geopolitik qarşıdurma poliqonuna çevrilməkdədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

31.05.2026 17:30
1709