Dünya yeni təhlükə ilə üz-üzə - Bəs alternativ...

Hörmüzdə gəmiçiliyin çətinləşməsi və bu prosesin yeddi aydır davam etməsi, qlobal ərzaq böhranı riski yaradır.

Musavat.com The Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Beynəlxalq Ticarət Palatasının (ICC) rəhbəri Con Denton çıxış edib.

Onun sözlərinə görə, mövcud gübrə təchizatı artıq təxminən 40 faiz azalıb.

Qəzetin məlumatına görə, dünya gübrə təchizatının təxminən üçdə biri Hörmüzdən keçir. Dentona görə, fasilədən bəri bazar təxminən 2,7 milyon ton məhsul itirib. O, vəziyyətin davam edəcəyi təqdirdə əsas qida məhsullarının qiymətlərinin kəskin şəkildə artacağını və xüsusilə taxıl qiymətlərinin potensial olaraq 80 faiz yüksələcəyini deyib.

GH31pa5pN5CzxOMKzeks8VSq3UBdlHRNr76uJepK_1200.jpg (31 KB)

ABŞ-İran müharibəsinin ilk aylarında Yaxın Şərqdəki gübrə istehsalçıları təhlükəsizlik səbəbiylə istehsalı tam dayandırıblar. İran isə ABŞ blokadasına görə gübrə ixracından tam məhrum olub. Beynəlxalq Gübrə Assosiasiyasının(IFA) hesablamasına görə, İran, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn 2024-cü ildə qlobal karbamid ticarətinin təxminən 34 faizini təmin edib. Karbamidin istehsalı üçün zəruri olan ammonyak havada sürətlə yayılaraq insanlara zəhərləyən maddədir. Buna görə də Yaxın Şərqdəki istehsalçılar İranın zərbələrinə görə mart ayında istehsalı tam dayandırıblar. İstehsal apreldən etibarən bərpa olunmağa başlayıb. Lakin karbamindin maya dəyərinin 90 faizə yaxını olan qaz qiymətlərindəki artım Yaxın Şərqdən kənarda yerləşən böyük istehsalçıların da istehsal xərclərini və son məhsulun dəyərini artırıb.
Yaxın Şərqdəki vəziyyətə görə dünyanın əsas gübrə ixracatçılarından olan Çin də martda ixraca məhdudiyyət tətbiq edib. Bu məhdudiyyət may-iyunda aradan qaldırılıb.

Bazara Çin məhsulunun geri qayıtması sonrakı aylarda təklif gərginliyini müəyyən qədər yumşaldıb. Eyni zamanda ABŞ İranın Hörmüz ətrafındakı silahlarını məhv etməklə boğazdan ticarət gəmilərinin keçidi üçün şərait yaradıb ki, bu da bölgədən İran istisna olmaqla, gübrə və onun istehsalı üçün zəruri olan qaz ixracının böyük ölçüdə bərpa olunmasına gətirib çıxarıb.

078b433e-d21b-34d3-9ed6-af4fdbeae0e0_1200.jpg (135 KB)

Nəticədə aprel-maydakı rekorddan sonra gübrə qiymətləri sürətli azalmaya keçib. Dünya Bankının hesablamalarına görə, qlobal bazarlarda karbamidin 1 tonunun qiyməti apreldə 857 dollar, mayda 771 dollar, iyunda 453 dollar, iyulda 400 dollar, avqustda isə 390 dollar olub. Bu isə o deməkdir ki, avqustda qiymət ötən ilin eyni dövründəki 508 dollardan da aşağı düşüb. Buna baxmayaraq, ilin sonuna qlobal gübrə qiymətinin ötən ilkindən 31 faiz yüksək olacağı gözlənilir.

Qlobal ərzaq bazarında gözlənilən böhranda həmçinin Rusiya-Ukrayna müharibəsinə görə Qara dənizdə gəmiçilikdəki fasilələr və El Niño cərəyanının yaratdığı əlverişsiz hava şəraitinin də mühüm rol oynaya biləcəyi qeyd edilir.

Belə ki, Yaxın Şərq və Hindistan, Pakistan, Banqladeşdə gübrə istehsalının azalması fonunda Rusiya və Belarusun qlobal gübrə bazarında payı artır. Rusiya dünyada ammonyak ixracının 23 faizini, karbamid ixracının 14 faizini, Belarusla birlikdə kalium gübrəsi ixracının isə təxminən 40 faizini təmin edir. Ukraynanın Qara dənizdən Rusiya ixracına yaratdığı ciddi maneə, Baltik limanlarında zərbələri bu ölkədən gübrə ixracının azalmasına gətirib çıxarır. Hesablamalara görə, 2024-cü ildə dünyada ümumi gübrə ixracı 113 milyon tonu keçib. Bu zaman Rusiya 23,2 milyon tonla birinci, Kanada 14,4 milyon tonla ikinci, Mərakeş 12,2 milyon tonla üçüncü və Çin 10,1 milyon tonla dördüncü yerdə gəlir. Bu dörd ölkə birlikdə qlobal gübrə ixracının 53 faizini təmin edib.

ERZA.jpg (187 KB)

Qeyd edək ki, gübrə və ərzaq bazarındakı proseslərin Azərbaycana təsiri çoxşaxəlidir. Gübrə ixracatçısı olaraq, qiymətlərin artmasından ölkə daha yüksək gəlir əldə edir. Belə ki, bu ilin yanvar-avqustunda Azərbaycan 105 milyon 114.81 min dollar dəyərində 265 069.9 ton azot gübrəsi ixrac edib. Ötən ilin eyni dövründə ixrac 114 milyon 812.97 min dollar dəyərlə 377 656.27 ton olmuşdu. Miqdar baxımından azalma əldə olunan gəliri də azaldıb. Lakin 1 ton gübrənin ixrac qiymətində artım qeydə alınıb:1 ton gübrənin ixrac dəyəri 304 dollardan 396,6 dollara qədər artıb. İyun-avqustda ixrac dəyəri daya yüksək olub.

Gübrə ixracındakı azalma onun istehsalının azalmasından qaynaqlanır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqustda Azərbaycanda 363 min ton karbamid istehsal edilib ki, bu da illik müqayisədə 15,4 faiz azalma deməkdir. İstehsaldakı azalmanın səbəbi kimi əsas xammal olan təbii qazın daha çox ixraca yönəldilməsi, həmçinin Azərbaycan gübrəsinin əsas alıcısı olan Ukraynanın limanlara Rusiya zərbələri nəticəsində alışları kəskin azaltması çıxış edə bilər.

Gübrə bazarındakı qiymət artımı bu məhsulun idxalçısı kimi Azərbaycan üçün əlverişli deyil. Yanvar-avqustda ölkəyə 61 milyon 161.75 min dollar dəyərində 93 min 786.47 ton gübrə idxal edilib. 2025-ci ilin ilk 8 ayında Azərbaycana 54,9 milyon dollar dəyərində 111 228 ton gübrə idxal edildiyini nəzərə alsaq, cari ildə gübrə idxalının miqdar baxımından 16,7 faiz azaldığını, dəyər baxımından isə 11,4 faiz artdığını görmək olur. Bir ildə idxal olunan gübrənin 1 tonunun dəyəri 493,6 dollardan 652,1 dollara qədər – 32,1 faiz artıb.

Qlobal ərzaq bazarında gözlənilən böhranın təsiri isə Azərbaycan üçün ciddi problemlər yarada bilər. Çünki ölkənin ərzaq təminatının böyük hissəsi məhz idxal hesabına həyata keçirilir. Buna görə də qlobal ərzaq bazarında qeydə alınan qiymət artımları qısa müddətdə daxili bazarda əksini tapır. Ölkədə inflyasiyanın əsas hərəkətverici amili məhz ərzaqla gələn idxal inflyasiyası hesab olunur.

Onu da qeyd edək ki, Yaxın Şərqdə müharibənin yenidən alovlanması riskləri sürətlə artır. Belə ki, ABŞ İranın dəniz blokadasını davam etdirməklə yanaşı, onun ticarətinə da böyük ölçüdə mane olur. Xüsusilə İran maliyyə sistemi ilə əlaqəli hüquqi və fiziki şəxslərin hədəf alınması Tehranı ciddi problemlərlə üz-üzə qoyur.

Ötən gün ABŞ prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazı üzərində "tam nəzarəti" ələ keçirdiyini bəyan edib: "Hörmüz boğazı - böyük həcmdə; təkcə son bir neçə gündə milyonlarla barel neft daşınıb. Biz indi onu bəzən müharibədən əvvəlki səviyyələrdən də çox yüksək səviyyədə nəql edirik".

TRAMPP.jpg (91 KB)

ABŞ dövlət katibi Marko Rubio da Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə Afinada keçirilən birgə mətbuat konfransında Hörmüz boğazından neft daşınmalarının demək olar ki, münaqişədən əvvəlki səviyyəyə qayıtdığını bildirib. Rubio boğazdan keçən neftin həcminin hazırda münaqişədən əvvəlki səviyyə ilə demək olar ki, eyni olduğunu deyib.

Bloomberg əvvəllər Səudiyyə Ərəbistanının neft ixracının avqust ayında gündə 3,4 milyon bareldən sentyabr ayında 6,1 milyon barelə qədər artdığını qeyd edib. JPMorgan da Yaxın Şərqdən neft ixracının münaqişədən əvvəlki səviyyənin 98 faizinə çatdığını elan edib.

Ciddi iqtisadi problemlərlə üzləşən İran bir neçə dəfə ABŞ-a Hörmüzü açmaq müqabilində atəşkəs təklif etsə də, Tramp onları qəbul etməyib. İxrac imkanları əlindən alınan Tehran bu vəziyyətlə barışmayacağını dəfələrlə elan edib. Dünən Bloomberg agentliyi İranın son günlərdə Hörmüz boğazında tankerlərə hücumların tempini artırdığına dair məlumat yayıb. Təkcə bu ay Tehranın tankerlərə doqquz hücumu qeydə alınıb ki, bu da sentyabr ayında baş verən bütün hücumların yarısını təşkil edir.

Tramp da noyabrın 3-də keçiriləcək ara seçkilərdən dərhal sonra İran münaqişəsinin sona çatacağını deyir. Əksər analitiklər bu açıqlamanın İranla yeni müharibənin anonsu olduğu qənaətindədirlər. Bu ehtimal reallaşarsa və İran yenidən bölgə dövlətlərinə hücum edərsə, qlobal ərzaq bazarında böhran qaçılmaz hala gələ bilər...

Dünya,
Musavat.com

07.10.2026 17:31
722