Fransanın Pompidu-Mets Mərkəzindən italyan rəssam Mauritsio Kattelan tərəfindən yaradılmış "Komediant" adlı əsər oğurlanıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
2019-cu ildə ərsəyə gətirilən bu instalyasiya divara skoçla yapışdırılmış adi bir banandan ibarətdir. Konseptual sənət nümunəsi hesab olunan bu əsər 6,2 milyon dollar dəyərində qiymətləndirilir.
Sözügedən sənət əsəri Kattelanın 40 işinin nümayiş olunduğu "Un Dimanche Sans Fin" ("Sonsuz bazar günü") sərgisi çərçivəsində nümayiş etdirilirdi.
Nəşrin yaydığı məlumatda bildirilir ki, şənbə günü səhər saatlarında mühafizəçi divara skoçlanmış bananın yerində olmadığını fərq edib. Muzey rəhbərliyi dərhal hadisə barədə polisə məlumat verib və faktla bağlı cinayət işi açılıb. Bununla belə, Pompidu-Mets Mərkəzi art-obyekti artıq bərpa edib, yoxa çıxan meyvə yenisi ilə əvəzlənib.
Qeyd olunur ki, bu "tez xarab olan eksponat" çürüməyə başlayanda və ya sərgi ziyarətçilərindən biri onu yemək qərarına gələndə müntəzəm olaraq yenisi ilə dəyişdirilir.
Xatırladaq ki, 2024-cü ildə "Tron" blokçeyn layihəsinin təsisçisi Castin San Nyu-Yorkdakı "Sotheby's" hərracından 6,2 milyon dollara satın aldığı analoji bananı elə hamının gözü qarşısında yemişdi.
Sənətşünaslar isə bu layihəyə fərqli yanaşırlar. Bəziləri "Komediant"ı açıq-aşkar təxribat hesab edir, digərləri isə burada sənətin dəyərini sorğulayan Marsel Düşanın konseptual əsərlərinə istinad görürlər. Kattelan özü isə bananı "şərh-əsər" və "nəyə dəyər verdiyimiz barədə bir düşüncə" adlandırıb.
Musavat.com