“Azərbaycana qarşı Avropa ölkələrinin məlum hücumu Ermənistanın ikiüzlü siyasətinin göstəricisidir. Ermənistan hakimiyyəti üzdə sülh prosesinə sadiqliyini nümayiş etdirir, arxada isə Azərbaycanın üzərinə gəlmək üçün vasitələr axtarır”.
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərlə bağlı vaxtaşırı səsləndirilən iddialar və rəsmi İrəvanın sabit olmayan siyasəti ilə bağlı Musavat.com-a açıqlamasında bildirib.
Ekspert Ermənistanın hökumət başçısının özünü sülhməramlı aparmasına daim şübhə etdiyini bildirib: “Dəfələrlə demişik: Nikol Paşinyan guya Qarabağ ermənilərinin geri qayırması məsələsini gündəmdən çıxardığını elan edir, amma diplomatik kanallarla bir çox ölkələrdə belə bir fikir yaratmağa çalışır ki, Qarabağ ermənilərinin geri dönüş kimi beynəlxalq haqqı var. Eyni zamanda o, ölkə içində də bu məsələnin gündəmə gəlməsinə mane olmur”. Q.Çaxmaqlı revanşistlərə geniş meydan verilməsini də səbəbsiz saymır: “İndi seçkiyə qatılan partiya və fraksiyaların ilk sıraya qoyduqları məsələ budur”. Siyasi şərhçi anti-Azərbaycan fəaliyyətindəki aktivləşməni də səbəbsiz saymır: “Avropa ölkələrinin parlamentlərində qəbul olunan qətnamələr Qarabağ ermənilərinin “dönüş haqqını” legitimləşdirir. Qərb də, elə Rusiyanın özü də münaqişənin davam etməsini istəyir, çünki bu yolla bölgəyə müdaxilə imkanları əldə edirlər. Bu məqsədin dərinliyində əlbəttə, sülhü pozmaq cəhdləri də var. Mən bu fikirdəyəm ki, Qərb hər zaman Qarabağ ermənilərinin geri dönüşü məsələsini gündəmə gətirəcək. Ermənistandan da gələcəkdə belə tələblər olacaq və var. Diplomatiyamız buna hazır olmalıdır”.
E.Paşasoy,
Musavat.com