Deputat tikinti şirkətlərini topa tutdu: "Məsuliyyətsizlik, maliyyə intizamsızlığı..."

Milli Məclisin ötən gün keçirilən plenar iclasında Razi Nurullayev problemli MTK məsələsini yenidən gündəmə gətirib. O, bildirib ki, bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib:

“Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri...Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır. Bunun üçün ilk növbədə MTK üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamadan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməlidir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır. İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır”.

Deputatın sözlərinə görə, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır: “Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır. Dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır. Zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım. Mövqeyim aydındır: “istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir”, - deyə o əlavə edib.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, 2018-ci ildə mülki qanunvericiliyə əlavə və dəyişikliklər olsada, mexanizm işləmədi: “Bütün dünyada ilkin qeydiyyat çıxarışı var, Azərbaycanda isə çox az tikinti şirkəti bundan faydalanırdı, amma sonradan bu da tətbiq olunmadı. Yəqin ki, qanun tam yazılmadığı üçün bundan sui-istifadə olundu. Son 10 ildə qanunvericilikdə faktiki olaraq, dəyişikliklər edilsə də, tətbiq mexanizmi yoxdur. Prosedur və mexanizm daha ətraflı olmalıdır ki, vətəndaşların hüquqları təmin olunsun. Ölkəmizdə 25 ildən çox müddətdə yeni tikililərlə bağlı təcrübə mövcuddur. Həmin təcrübədə rast gəlinən bütün xoşagəlməz halları nəzərə alaraq, vətəndaşların risklərdən qorunması üçün ciddi tədbirlərin görülməsinin zamanı gəlib çatıb. Təkcə, inşaat prosesində deyil, alışdan sonra da problemlər çoxdur. Bina sakinlərə sırf satılmaq məqsədilə verilmir. Əsas məqsəd istehlakçıların bu binalarda firavan, qanunauyğun yaşamasıdır. Lakin hazırda bu sahədə yüzlərlə problem var. Ölkədə 2500-ə yaxın yeni inşa olunmuş bina var. Bu binalardan mənzil əldə edənlərin sayı 1 milyondan çoxdur. Binaların 99 faizində idarəetmə problemləri var.

Elnur Azadov

Beynəlxalq təcrübə və yerli təcrübədən istifadə etməklə vətəndaşların hüquqlarını qorumaq üçün kifayət qədər mexanizm var, onların tətbiq olunması da mümkündür. Onlardan biri ilkin qeydiyyat çıxarışıdır. Qonşu Türkiyədə bank sistemi ilə yerli icra qurumları və tikinti şirkətləri arasında mükəmməl bağlantı qurulub, üçün də bir-birindən asılıdır. Layihəni yerli dövlət qurumları hazırlayır, tenderlər keçirilir, bank tikinti şirkəti üçün sərfəli kredit xətti açır, tikinti prosesinə nəzarət edir, bina tam hazır olduqdan sonra çıxarış əldə olunur. İlkin qeydiyyat çıxarışı (tapu) verilir, bina hazır olduqdan sonra bank əməliyyatları bağlanır, vətəndaşlar artıq binadan istədiyi kimi istifadə edir. Yəni bina istehlakçıların mülkiyyətinə keçir və idarəçiliyinə verilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

03.02.2026 21:00
1313