COP-29-dan sonrakı Azərbaycan - dostlar sevinir, bədxahlar isə...  

Elman Nəsirov: “Ölkəmiz çox böyük bərpaolunan enerji potensialına malik olduğunu sübut edəcək”

Qarşıdakı payız Azərbaycan daha bir böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək (COP-29, 11-21 noyabr). Bu, sözsüz ki, ölkəmizə olan beynəlxalq inam və etimadın növbəti sübutudur.

Məlumdur ki, Bakıda hələ bu səviyyədə mötəbər, qlobal əhəmiyyətli tədbir keçirilməyib. Söhbət həm də bir çox ölkə rəhbərlərinin eyni vaxtda Azərbaycana səfərə gəlməsindən gedir. Bu isə dövlət adına böyük məsuliyyət olmaqla yanaşı, uğurlu təşkilatçılıq və təhlükəsizlik məsələlərinin təşkili, çevik və mobil tədbirlərin reallaşması zərurəti deməkdir.

Heç şübhəsiz, Azərbaycan Respublikası bu işlərin də öhdəsindən uğurla gələcək, gərəkənləri edəcək və ölkə adına yeni dividentlər qazanacağıq. Hər halda təcrübə də var. 

Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məsələləri prioritet elan edib və bu istiqamətdə ciddi əməli addımlar atır: 

“Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi bütün dünyaya Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri ilə zəngin olduğunu bir daha sübut edir. Nəzərə alsaq ki, COP28 BƏƏ-də keçirilib, COP29 Azərbaycan, COP30 isə Braziliyada keçiriləcək, bu siyahının özü də Azərbaycannın dünyanın nəhəng iqtisadiyyatları ilə yanaşı addımlar atdığını göstərir. Bu tədbir sayəsində dünyanın nəbzi Bakıda döyünəcək. Təxminən 80 mindən artıq xarici qonağın ölkəmizə səfəri gözlənilir. Eyni zamanda tədbirin nəhəngliyi ondan ibarətdir ki, tədbir çərçivəsində bir çox beynəlxalq təşkilat sammitləri Bakıda keçirəcəklər. Bir çox halda nəhəng beynəlxalq təşkilatların sammitləri dünyanın həmin dövr üçün gündəliyini müəyyən edir. COP29 çərçivəsində keçiriləcək sammitlər isə tədbirin miqyasını aydın göstərir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə böyük potensiala malik olduğunu və bu potensialı reallaşdırdığını sübut edir”.

E.Nəsirov hesab edir ki, COP29-a həm də Ermənistan-Azərbaycan sülh gündəliyinin tərkib hissəsi kimi baxmaq lazımdır: “Bu tədbir çərçivəsində təkcə iqlim dəyişikliyi, maliyyə məsələləri deyil, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlər diqqət mərkəzində saxlanacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də söyləyib ki, COP29-a qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istisna deyil. Ermənistanın bu istiqamətdə əməli addımlar atacağına ümid edirik. İlk növbədə Ermənistanın Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini, bunu referendum vasitəsilə həyata keçirməsini, xalqın siyasi iradəsinin ortada olmasını, bütün iddiaların aradan qaldırılmasını gözləyirik. COP29-a qədər bütün bu proseslərin yekunlaşacağına ümid bəsləyirik”.

Elman Nəsirov | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyi

O ki qaldı COP29-dan sonrakı Azərbaycanla bağlı gözləntilərə, E.Nəsirov qeyd etdi ki, tədbirdən sonra Azərbaycan özünü dünyaya tamam fərqli şəkildə təqdim edəcək: “Beynəlxalq ictimaiyyətin müəyyən hissəsi, bəzi dövlətlər Azərbaycanı zəngin neft-qaz ölkəsi olmaqda, zəngin qazıntı ehtiyatlarına malik olmaqda ittiham edirlər. Onlar iddia edirlər ki, 2,6 trilyon kubmetr həcmində qaz ehtiyatı, 1,5 -2 milyard ton neft ehtiyatına malik olan ölkədə iqlim dəyişikliyi ilə bağlı tədbirin keçirilməsi guya düzgün deyil. Azərbaycan isə öz əməli addımları ilə sübut edib ki, biz neftdən və qazdan gələn gəlirlərin ədalətli bölgüsünü həyata keçirmişik. Yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb. Bu çox böyük nəticədir. Eyni zamanda Azərbaycan çox böyük bərpaolunan enerji potensialına malik olduğunu sübut edəcək. Yaxın zamanda 2 qiqavatlıq yaşıl enerjinin istehsalı gözlənilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq bərpaolunan enerji imkanları var. Xəzər dənizinin 157 qiqavatlıq günəş və külək enerjisi potensialı var. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dünyaya yeni statusda təqdim olunacaq. Bir sözlə, bu tədbir Azərbaycanın potensialının bütün dünyaya təqdimatı baxımından unikal şansdır, biz də bu şansdan böyük məharətlə istifadə edəcəyik”. 

COP29 çərçivəsində rəsmi görüşlər də davam etdirilir. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb. Bildirilib ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iyun ayında keçirilən iqlim görüşlərində işini davam etdirərək, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində hər bir tərəfin gözləntilərini və ehtiyaclarını müzakirə etmək üçün Marşal Adaları nümayəndə heyəti və “Umbrella” qrupu koalisiyası ilə danışıqlar aparıb. 

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində mütəmadi olaraq müxtəlif dövlətlərin nümayəndələri ilə də görüşlər keçirilir. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib ki, Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir. A.Kərimov dayanıqlı inkişaf kursunun müəyyənləşdirilməsi zamanı strateji planlaşdırmada demoqrafik meyllərlə bağlı yanaşmaların inteqrasiyasının zəruriliyini vurğulayıb: “İqlim dəyişikliyi və demoqrafik tendensiyalar arasında əlaqənin müəyyən edilməsi iqlim dəyişikliyinin təsirlərini daha yaxşı idarə etməyə kömək edir”.

UNFPA-nın Azərbaycan üzrə ölkə direktoru Mariam Xan qeyd edib ki, iqlim dəyişikliyi doğum, miqrasiya və ölüm hallarının hər bir aspektinə təsir göstərir: “Hər bir insanın ətraf mühitə də təsiri var. Bunlar bizim şəxsi seçimlərimiz və verdiyimiz qərarlardır. Buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir”.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə qeyd edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədr seçiləndən bəri müxtəlif sektorlarda resursların əhəmiyyətli dərəcədə səfərbər edilməsi müşahidə olunur. V.Andreyevanın sözlərinə görə, iqlim dəyişikliyi dünyada demoqrafik dinamikaya təsir göstərir. 

Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə təsirləri də dəyərləndirilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan edir.

Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımaq və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.

Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.

2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il tarixinədək linki vasitəsilə ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

 

15.06.2024 12:22
659