“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstanın dilbər guşəsi olan Çolpon-Ata şəhərinə dövlət səfəri İkinci Qarabağ müharibəsindən sonra Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi reallığın növbəti parlaq səhifəsi oldu. Bakı ilə Bişkek arasında indiyədək mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə daha ali pilləyə-müttəfiqlik səviyyəsinə qaldırılması regionun siyasi xəritəsində əhəmiyyətli dəyişikliklərin başlanğıcından xəbər verir. Bu səfər sadəcə iki dövlət başçısının formal görüşü deyil, Avrasiya məkanında yeni güc mərkəzinin və iqtisadi arteriyaların möhkəmlənməsi prosesidir”.
Bu fikirləri Musavat.com-da Milli Məclisin üzvü Kamran Bayramov səsləndirib. O diqqətə çatdırıb ki, Dövlətlərarası Şurasının 3-cü iclası çərçivəsində imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki qardaş ölkənin gələcək inkişaf vektorunu müəyyən edən əsas hüquqi bünövrəyə çevrildi: “Bu sənəd Bakı və Bişkekin beynəlxalq platformalarda, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birinə tam siyasi və diplomatik dəstək verəcəyini rəsmiləşdirir. Səfərin ən diqqətçəkən praktiki nəticələrindən biri isə Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması oldu. Bu maliyyə inkişafı kənd təsərrüfatı, emal sənayesi, turizm və bərpa olunan energetika sahələrində birgə irimiqyaslı layihələrin reallaşmasına güclü təkan verəcək”.
Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, nəqliyyat və loqistika sahəsindəki əməkdaşlıq xüsusi strateji çəkiyə malikdir: “Qlobal təchizat zəncirinin yenidən qurulduğu müasir dövrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyəti misilsiz dərəcədə artıb. Qırğızıstanın Azərbaycanın müasir nəqliyyat-loqistika şəbəkəsinə inteqrasiya olunması Bişkek üçün dəniz limanlarına və Avropa bazarlarına ən qısa və təhlükəsiz çıxış imkanı yaradır. Həmçinin Türk Dövlətləri Təşkilatının iki dayaq sütunu olan Azərbaycan və Qırğızıstan bu addımla türk dünyasının inteqrasiya prosesini daha da sürətləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müttəfiqlik həm də böyük məsuliyyətdir və hər iki ölkə bu məsuliyyəti bölüşərək bir-birini bütün təşəbbüslərdə sonadək dəstəkləmək əzmindədir.
Cavanşir Abbaslı
Musavat.com