Çin ABŞ-dan 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulu alacaq - Ağ Ev

ABŞ prezidenti Donald Trampın Pekin səfəri zamanı Çin 2026, 2027 və 2028-ci illər ərzində 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsullarını almağa öhdəlik götürüb.

Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, məlumatı Ağ Ev mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, 17 milyard dollara Çinin 2025-ci il üçün razılaşdırılmış soya paxlası almaq öhdəliyi daxil deyil.

Çin həmçinin ABŞ-a məxsus mal əti emalı zavodlarının fəaliyyətini dayandırmaq qərarının ləğvi və quş qripindən azad kimi tanınan ABŞ ştatlarından quş əti idxalını bərpa etmək üçün ABŞ tənzimləyiciləri ilə əməkdaşlıq edəcəyini bildirib.

Çinin xarici işlər naziri Vanq Yi ötən həftə ABŞ kənd təsərrüfatı məhsulları üçün bazara çıxışın nəzərdən keçiriləcəyini və "qarşılıqlı endirim çərçivəsində" ticarətin genişləndiriləcəyini deyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə Çinə kənd təsərrüfatı məhsullarının ixracı illik müqayisədə 65,7 faiz azalaraq 8,4 milyard dollara düşüb.

Agentlik qeyd edir ki, Trampın ilk dövründən bəri Çin ABŞ kənd təsərrüfatı məhsullarından asılılığını kəskin azalıb. Ölkə 2024-cü ildə soya ehtiyacının təxminən 20 faizini ABŞ-dan alıb ki, bu da 2016-cı ildəki 41 faizdən ikiqat aşağıdır.

Musavat.com

18.05.2026 13:44
406