Bu gün səhər hərraclar açılarkən "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 115 dolları keçib.
Musavat.com hərrac məlumatlarına istinadən xəbər verir ki, İrana qarşı hərbi əməliyyatların əhatə dairəsinin genişlənməsi ehtimalları bazar qiymətlərinə artırıcı təsir göstərib.
Buna ABŞ prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi təhdidlər səbəb olub.
Lakin ilk hərraclardan sonra qiymətlər tədricən azalıb və hazırda 111 dollar ətrafında dəyişir.
"Brent" neftinin iyun fyuçerslərinin qiyməti isə 108 dollardan 106 dollara enib.
Bu azalmaya rəğmən, Yaxın Şərqdə eskalasiyanın kəskinləşməsi ehtimalları böyük olduğuna görə müxtəlif analitik mərkəzlər neft qiymətlərinin daha da artacağına dair proqnozlar verirlər. Belə ki, "The Wall Street Journal" Trampın Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı əməliyyatı planda nəzərdə tutulan müddətdə başa çatdırmaq niyyətində olduğuna dair məlumat yayıb. Bildirilir ki, Tramp boğazda gəmiçiliyin bərpasını Avropa və Körfəz ölkələrinin vəzifəsi hesab edir. Bu isə dünya neft ixracının 20 faizə qədərinin reallaşdığı boğazın uzun müddətə bağlı qalması ehtimalını artırır. Bundan əlavə, İran parlamenti artıq Hörmüzdən keçəcək gəmilərdən ödəniş alınmasını nəzərdə tutan qanunu qəbul etdiyini açıqlayıb. Bu da neft qiymətlərinə artırıcı təsir göstərəcək amillərdən birinə çevrilə bilər.
Amerikanın "JPMorgan" bankının baş iqtisadçısı Bryus Kasman hesab edir ki, Hörmüz boğazı daha bir ay bağlı qalarsa, qlobal neft qiymətləri 150 dollara qədər yüksələ bilər. Onun "The Times" qəzetinə dediyinə görə, Fars körfəzi ölkələrindən enerji resurslarının qlobal bazarlara daxil olduğu nəqliyyat arteriyasının daha uzun müddətə bağlanması qiymət artımına səbəb olacaq:
"Boğazın daha bir ay bağlı qalması ssenarisi qiymətin barel üçün 150 dollara qədər artmasına və sənaye istehlakçılarına enerji təchizatının məhdudlaşdırılmasına gətirib çıxara bilər".
Amerikanın "Citigroup" bankının analitikləri isə hesab edirlər ki, İranın enerji infrastrukturuna daha genişmiqyaslı hücumlar baş verərsə, "Brent" markalı neftin qiyməti barel üçün 200 dollara qədər yüksələ bilər:
"30 faizlik ehtimalla nikbin qiymət ssenarisi çərçivəsində "Brent" markalı neft barel üçün 150 dollara çata və İran daha böyük enerji infrastrukturu obyektlərinə hücum edərsə və ya Hörmüz boğazı iyun ayına qədər faktiki olaraq bağlanarsa, 200 dollara qədər yüksələ bilər".
Qeyd edək ki, "Brent" cari ayı rekord səviyyədə artımla başa vurur və mart ayının əvvəlindən bəri 55 faiz bahalaşıb. WTI isə mart ayında 54 bahalaşıb.
Ekspertlər İranın qisas əməliyyatlarının Fars körfəzindən kənara yayıla biləcəyindən qorxurlar. CNN-in məlumatına görə, Yəməndə Husi hərəkatının informasiya nazirinin müavini cümə günü bildirib ki, ABŞ və müttəfiqləri İrana qarşı hücumları kəskinləşdirsə, husilər Qırmızı dənizi və Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazını bağlamaq niyyətindədirlər. Bu isə BƏƏ və Səudiyyə Ərəbistanının alternativ neft ixracı imkanının böyük ölçüdə sıradan çıxarılması demək olar.
Dünya bazarındakı bahalaşma Azərbaycan üçün müsbət xarakterli dəyişiklikdir. Belə ki, ixracı Hörmüz boğazından asılı olmayan Bakı neftinin qiyməti kəskin bahalaşaraq 128 dolları keçib. Bu, 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 65 dollardan ikiqat artıq qiymət deməkdir. Bəzi hesablamalara görə, Azərbaycan neftinin hər 10 dollar bahalaşması onun ixracından əldə olunan gəlirlərin 3 milyard dollar artmasına səbəb olur. Doğrudur, bu, qiymət artımı bütün il ərzində davam edəcəyi təqdirdə realdır. Lakin hadisələrin gedişatı Körfəz regionunda gərginliyin hələ ən azı aprel ayı ərzində davam edəcəyini göstərir. Bu isə yüksək qiymətlərin ardıcıl 2 ay davam etməsi demək olacaq.
Bu ilin iki ayında Azərbaycan xaricə 3,6 milyon ton neft ixrac edib. Bunun 960 min tonu fevralda reallaşıb. Mart ayında əlverişli qiymət konyukturu şəraitində ixracın 1,3-1,4 milyon ton ətrafında dəyişməsi ehtimalı yüksəkdir. Eyni həcmin apreldə də saxlanması ölkənin gəlirlərində 3 milyard dollardan yuxarı artıma səbəb ola bilər.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, neft qiymətlərinin bundan sonrakı kəskin artımı üçün kəskin şərtlərin olması lazımdır:
"İran müharibəsi başlayandan "Brent"in ən bahalı partiyası 9 martda 119,5 dollar qiymətinə satılıb. Hələ ki, o rekord yenilənməyib. Keçilməsi də çətin görünür. Çünki Körfəzdən xam neft ixracı yalnız təqribən yarıbayarı azalıb - fevralda orta günlük xam neft ixracı 14,2 milyon barel təşkil edib, bundan əlavə 5,5 milyon barel də neft məhsulu bazara çıxarılıb. Martda Səudiyyə və BƏƏ-nin günlük boru ixracı təqribən 6,5 milyon barel olub.
İkinci tərəfdən, Hörmüz boğazı tam bağlı olmayıb: buradan İranın gündəlik 800-900 min barel arası əsasən Çin istiqamətində ixracına ABŞ əngəl törətməyib.
Üçüncüsü, Hörmüzdən risk edən şirkətlər və İranla razılaşan (pul ödəməkıə) şirkətlər də yük daşıyıb.
Nəhayət, dördüncü məqam budur ki, dünya artıq Körfəz müharibəsinə psixoloji və praktiki öyrəşib. Bundan o tərəfə yalnız "cəhənnəm ssenariləri" ola bilər - Xarq adası yer üzündən silinir və ya Dubay viran qalır, Səudiyyə də batır".
DÜNYA,
Musavat.com