Çeçen qızını Moskvada təhqir edən rus bir gün sonra diz çöküb üzr istədi – VİDEO

Rusdilli sosial şəbəkələrdə Moskvada ictimai nəqliyyatda çəkildiyi bildirilən qalmaqallı görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, ilkin kadrlarda rusiyalı şəxs çeçen qızına və bütövlükdə çeçen xalqına qarşı kobud, təhqiramiz ifadələr işlədir.

Təhqirə məruz qalan qız isə onun bu hərəkətinin cavabsız qalmayacağını bildirir:

“Sən buna görə cavab verəcəksən. Qardaşlarım bu hərəkətinə görə sənə lazım olan cavabı verəcəklər”.

Bununla kifayətlənməyən kişi çeçenlərə açıq çağırış edərək “Haradasınız, gəlin görün, mənə cavab verin” deyə səslənir.

Lakin videonun sonrakı hissəsində tamam fərqli mənzərə görünür. Bir gün əvvəl hədə-qorxu gələn və təhqirlər səsləndirən həmin şəxs bu dəfə kamera qarşısında diz çökərək çeçen qızından və bütün çeçen xalqından üzr istəyir. O, Çeçenistan rəhbəri Ramzan Kadırovdan da bağışlanmasını xahiş edir.

Görüntülərin sonunda Məhəmməd adlı şəxsin ona səsli mesaj göndərdiyi eşidilir. Mesajda kişiyə diz çökərək üzr istəməyəcəyi təqdirdə aqibətinin pis olacağı bildirilir.

Hadisənin dəqiq vaxtı, tərəflərin kimliyi və üzrxahlığın hansı şəraitdə qeydə alındığı barədə əlavə məlumat verilməyib. Bununla belə, görüntülər rusdilli sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

İstifadəçilər baş verənləri milli zəmində təhqir və nifrət dilinin hansı nəticələrə gətirib çıxara biləcəyini göstərən ibrətamiz hadisə kimi qiymətləndiriblər.

Musavat.com sözügedən video görüntüləri təqdim edir.



Musavat.com

28.09.2026 20:13
2075