2025-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226,1 milyon manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.
Musavat.com xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Bildirilir ki, ötən il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi sərmayənin 10 milyard 972,1 milyon manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinin, 7 milyard 179,6 milyon manatı (33,8 faizi) xidmət sahələrinin, 3 milyard 74,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri isə ümumi sərmayənin 80,2 faizini təşkil edib.
Komitənin açıqladığı statistik hesabatdan aydın olur ki, 2025-ci ildə investisiya qoyuluşunun ən böyük azalması emal sənayesində qeydə alınıb – iki dəfədən çox. Ötən il bu sahəyə cəmi 636,7 milyon manat investisiya yatırılıb. Halbuki 2024-cü ildə emal sənayesinə əvvəlki ilə müqayisədə 45,7 faiz çox olmaqla 1 milyard 347,9 milyon manat yatırım edilmişdi.
Məlumdur ki, emal sənayesi iqtisadiyyatlarda fundamental rol oynayır: xammalı dəyərli məhsullara çevirərək iqtisadi artımı təmin edir, iş yerləri yaradır, idxalı azaldır, ixracı artırır, qeyri-neft sektorunun inkişafını sürətləndirir, makroiqtisadi sabitliyə töhfə verir.
Emal sənayesi sənayenin demək olar ki, bütün digər sektorları üçün xammal hazırlamaqla bütövlükdə iqtisadiyyatın fundamentini formalaşdırır. Bu sahə istənilən ölkənin iqtisadi inkişafında əsas rol oynayır. O, xammalın emalı və hazır məhsulların istehsalı ilə məşğul olan geniş sahələri əhatə edir.

Emal-istehsal sənayesinin iqtisadiyyatdakı mühüm rolu bir sıra əsas göstəricilərlə ifadə olunur. Məsələn, iş yerlərinin yaradılması: Emal sənayesi ən böyük işəgötürənlərdən biridir. Həm istehsalda, həm də logistika və ticarət kimi əlaqəli sahələrdə çoxsaylı iş yerləri yaradır.
Emal sənayesinin buraxdığı məhsulların mühüm hissəsi ixrac olunur ki, bu da ölkənin valyuta gəlirlərinin artmasına səbəb olur. Bu, xüsusilə ticarət balansını yaxşılaşdırmaq istəyən inkişaf etməkdə olan ölkələr üçün vacibdir.
Emal sənayesi innovasiyanın hərəkətverici qüvvəsidir. O, ölkənin ümumi texnoloji inkişafına töhfə verən yeni texnologiyaların və elmi nailiyyətlərin daim tətbiqini tələb edir. Bu sənaye sahəsinin inkişafı iqtisadi şaxələnməyə, xammaldan asılılığın azaldılmasına və iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlığının artırılmasına kömək edir.
Emal sənayesinin yüksək inkişafına görə fərqlənən bir sıra ölkələrin əldə etdiyi nəticələr dünyada ən mötəbər nümunələr sayılır. Belə ki, Çin: Çin emal sənayesinin iqtisadi inkişafda əsas rol oynadığı bir ölkənin bariz nümunəsidir. İnfrastruktur və texnologiyaya əhəmiyyətli investisiyalar sayəsində Çin bir çox malların istehsalında qlobal liderə çevrilib.
Digər bir ölkə - Almaniya xüsusilə maşınqayırma, kimya və avtomobil sənayesi sahələrində yüksək inkişaf etmiş emal sənayesi ilə məşhurdur. Alman şirkətləri bir çox qlobal bazarlarda liderdir. Cənubi Koreya isə emal sektoruna yatırımlarla kasıb kənd təsərrüfatı ölkəsindən dünyanın aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Təhsil, elm və texnologiyaya strateji investisiyalar sayəsində ölkə elektronika, gəmiqayırma və avtomobil sənayesində görkəmli uğurlar qazanıb.
Emal sənayesi qrupuna xammal emal edən sənaye sahələri daxildir. İstehsal sektorlara bölünür, lakin bu, xammaldan və onların sənaye mənşəyindən asılıdır. Bundan əlavə, kənd təsərrüfatı xammalını emal edən sənaye sahələri də mövcuddur.
Məhsulun təyinatına görə istehsal sənayesi bir sıra sektorlardan ibarətdir. Bura maşınqayırma, kimya sənayesi, yüngül sənaye, aqrar-sənaye kompleksi, ağır sənaye daxildir. Bu sektorların hamısı bilavasitə emal sənayesinin istehsalı üzərində inkişaf edir. Onların payı qlobal iqtisadiyyatda sənaye məhsulunun ümumi həcminin 90 faizini təşkil edir.
Emal sənayesinin inkişafı Azərbaycan kimi sərvət ölkələri üçün xüsusilə vacibdir: iqtisadiyyatın diversifikasiyası, bir xammaldan asılılığın azaldılması baxımından. Belə bir vacib sahəyə investisiyaların iki dəfədən çox azalması Azərbaycan iqtisadiyyatı üçün nə deməkdir? Bu prosesin hansı nəticələri ola bilər?
İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, ötən il iqtisadiyyata kapital qoyuluşu əsasən daxili mənbələrdən azalıb:
“Burada neft-qaz emal sektoruna daxili yatırımlarda azalma mühüm paya malikdir. Belə görünür ki, SOCAR-ın bir sıra yerli layihələri başa çatıb, yenilərinə başlanmayıb. Bununla yanaşı, digər sahələrdə də investisiya qoyuluşunun azaldığı müşahidə olunur: ticarət, nəqliyyat və anbar təsərrüfatı, maliyyə və sığorta, rabitə və informasiya və sair. Bu sahələrin bir çoxunda dövlət investisiyası mühüm paya malikdir və bu mənbədən yatırımların azalması müşahidə olunur. Həm dövlət müəssisələri tərəfindən, həm də dövlət büdcəsindən yatırımlarda azalma var. Bu, bir tərəfdən götürdükdə, 2025-ci ildə maliyyə idarəetmə sisteminə yeni rəhbərliyin gəlməsi, fiskal konsolidasiya istiqamətli meyllər və nəzarətin gücləndirilməsi istiqamətində qoyulan mövqenin nəticəsi kimi də ortaya çıxa bilər. Əsas kapital qoyuluşlarında azalma meyllərinin indiki struktur təhlili onu deməyə əsas verir ki, növbəti dövrlərdə neft-qaz sektorunun iqtisadiyyatda mövqeyi əhəmiyyətli şəkildə azalacaq. Eyni zamanda bu, bir sıra xidmətlər istiqamətində müəyyən çətinliklərə gətirib çıxara bilər”.

Ekspert bildirir ki, Azərbaycan iqtisadiyyatı istehlak üzərində qurulub:
“Daha çox xidmət, istehlak üzərində qurulan iqtisadi model var. Belə bir şəraitdə emal sənayesinə investisiyaların mövcud tempi kifayət qədər ciddi ümidsizlik vəd edir. Ölkə iqtisadiyyatında dayanıqlığa nail olunması üçün emal sənayesinə yatırımlar illik bir neçə dəfə artım olmalıdır ki, staqnasiyadan çıxmaq mümkün olsun. Amma biz bu istiqamətdə əksinə, meyllərin zəiflədiyini görürük. Əlbəttə ki, inflyasiya kimi amillər də xərcləri artırmaqla investorların gözləmə mövqeyinə keçməsinə səbəb olub. Eyni zamanda, 2025-ci ilin əvvəlindən müşahidə olunan iqtisadi qeyri-müəyyənlik, proqnozlaşdırma imkanlarının məhdudluğu, hökumətin növbəti mərhələ üçün dəqiq siqnalla verməməsi də burada rol oynayıb. 2025-ci ili iqtisadiyyat hökumətin proqnozlarından ikiqat aşağı göstəricilərlə başa vurdu. Xüsusilə iqtisadiyyata kapital qoyuluşlarında azalma növbəti mərhələdə iqtisadi artımın zəifləməsi baxımından ciddi nəticələrə səbəb ola bilər. Bu proseslərin qarşısını almaq üçün işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan vergi-rüsum siyasətini bütün ölkəyə tətbiq etməklə, mülkiyyət hüquqlarının toxunulmazlığını real olaraq təmin etməklə, bazara hamı üçün eyni giriş-çıxış imkanları yaratmaqla investisiya qoyuluşlarında ciddi artıma nail olmaq mümkündür”.
Dünya,
Musavat.com