Xəbər verildiyi kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlara qatılmış bir neçə vətəndaşımız cinayət məsuliyyətə cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bu xüsusda deyilir ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində, ölkə hüdudlarından kənarda münaqişələrdə iştirak edən vətəndaşlarımızın müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunması istiqamətində qurum tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Bildirir ki, ötən müddətdə Ukraynadakı əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib. “Aparılan araşdırmalarla Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda vurğulanır və bir daha vətəndaşlara çağırış edilir və xatırladılır ki, belə silahlı münaqişələrə qatılmaq Azərbaycanda cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, Ukrayna müharibəsi isə bağlı bu ilk haldır ki, vətəndaşlarımız məsuliyyətə cəlb olunur. Görünür vəziyyət düşündüyümüzdən də ciddidir. Buna qədər isə Yaxın Şərqdə qanunsuz şəkildə döyüşən neçə-neçə vətəndaşımızla bağlı məhkəmə qərarları çıxarılıb. Özü də cəzalar yetərincə sərt olub. Yəqin ki, yenə istisna olmayacaq...
Məlumatda saxlanılan şəxslərin hər iki tərəfdə vuruşduğu göstərilir. Hərçənd konkretləşdirilmir və sanki “balans” yaradılır. Yəqin Rusiya və ya Ukraynada əlavə hansısa qıcıq yaratmamaq üçün. Hərçənd, artıq bəllidir ki, azərbaycanlılar Ukrayna uğrunda bir qayda olaraq, maddi maraq qarşılığında vuruşmurlar, yaxud onlar elə Ukrayna vətəndaşlarıdır. Sonuncu halda onlara Azərbaycan təbii ki, heç bir cəza kəsə bilməz...
Rusiyaya gəlincə, vəziyyət dəyişir. Soydaşlarımız daha çox qazanc naminə və yaxud zorla, hədə-qorxunun nəticəsi kimi cəbhəyə aparılır, qısa zamanda da döyüş bölgəsinə göndərilir, çox vaxt da ucuz ölümə tuş gəlirlər. Çünki Putinə “top əti” lazımdır.
Bu mənada DTX-nin yaydığı məlumatda “əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanılır” ifadəsinin ilk növbədə Rusiya uğrunda “vuruşan” soydaşlarımızla bağlı olduğu şübhə doğurmur.
![]()
Bu barədə yerli və xarici mediada onlarla fakt əksini tapıb. Hətta Azərbaycanın öz ərazisində rus ordusuna cəlb edilmək (“verbovka”) üçün 44 günlük Vətən müharibəsi iştirakçıları və ANAMA-çılar arasında təbliğat aparıldığı haqda məlumatlar yer almışdı...
Təkrar edirik, Azərbaycan qanunvericiliyi fərq qoymur: vətəndaşlarımız xaricdə haqq işi uğrunda savaşırlar, yoxsa pulun xətrinə? Əsas olan odur ki, 4 nəfərlə bağlı hüquqi prosedurun başlanması heç olmasa, bundan sonra soydaşlarımızı mənasız müharibədə canlarını fəda eləməkdən çəkindirsin. Pul qazanmağın daha sivil yolunu tapsınlar.
Təsiri olacaqmı? Görəcəyik.
Qısası, bu, bizim müharibə deyil. Hərçənd, dövlət və millət olaraq ürəyimiz 4 ildir haqlı tərəfin – işğala məruz qalan Ukraynanın yanındadır. Ayrı cür ola bilərmi?...
Analitik xidmət,
Musavat.com