"Bakıda Mərakeş İrsi Günlərini keçirməklə Azərbaycan və Mərakeş Krallığı xalqı arasında daha çox körpülər qurmağa çalışırıq".
Bu sözləri Musavat.com-a açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş bildirib.

Səfir qeyd edib ki, keçirilən tədbir Mərakeşi növbəti dəfə tanıtmaq üçün bir fürsətdir:
"Biz "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyası, onun prezidenti və bütün üzvlərinə səfirliklə birlikdə bu gözəl tədbirin hazırlanmasına və təşkilinə kömək etmək üçün göstərdikləri əməyə görə təşəkkür etmək istərdik. Tədbirin açılışında xeyli sayda insanın iştirak etməsindən çox şadıq. Şadıq, çünki bu, Mərakeşi növbəti dəfə tanıtmaq üçün bir fürsətdir".
Səfir əlavə edib:
"Yəqin ki, bilirsiniz, biz sıravi pasport sahibi olan Azərbaycan vətəndaşlarının Mərakeşə səfər etməsi üçün vizaların ləğv olunması haqqında saziş imzalamışıq. Göstəricilər artır və Mərakeşə səfər etməkdə maraqlı olan azərbaycanlıların sayı günbəgün çoxalır. Bu, Mərakeş mədəniyyətinə yalnız ilk baxışdır.
Mərakeş mədəniyyətindən danışarkən, bu, çoxəsrlik bir irsdir - biz 14 əsrlik mədəniyyət və irsdən danışırıq. Ölkə 14 əsrdir ki, mövcuddur və mədəniyyəti, irsi təbliğ edən əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi sayəsində mədəniyyət həyatımızın mühüm tərkib hissəsidir.
Ötən il əlahəzrət Şahzadə Lalla Hasnanın səfəri baş tutdu. O, birinci xanım Mehriban Əliyeva ilə birgə bir çox mədəniyyət tədbirləri, Azərbaycan xalçaları ilə yanaşı, Mərakeş xalçalarının sərgisini təşkil etdi. Kəşf ediləcək hələ çox şey var. İçərişəhərdə sentyabrın 14-dək davam edəcək sənətkarlıq sərgisinin açılışı olacaq. Azərbaycanlı dostlarımızı Mərakeş sənətkarlığını kəşf etməyə və Mərakeşə səfər etməyə dəvət edirik".
Xalidə Gəray
Musavat.com