Brüssel Ukraynaya yox dedi: İslahatlar olmasa, kredit də olmayacaq

Avropa İttifaqı Ukraynaya 2027-ci ilə planlaşdırılan 90 milyard avroluq krediti vaxtından əvvəl verməkdən imtina edib.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, Brüssel Kiyevdən vəd etdiyi islahatları yerinə yetirməsini tələb edir.

Ukrayna bu il üçün əlavə müdafiə ehtiyaclarını 27 milyard avro olaraq qiymətləndirib. Bu boşluğu doldurmaq üçün Kiyev Avropa Komissiyasından ötən ilin sonlarında razılaşdırılmış 90 milyard avroluq kreditin bir hissəsini avans şəklində təqdim etməsini istəmişdi.
Bu kredit 2026-2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarının əksəriyyətini ödəmək üçün nəzərdə tutulmuşdu: islahatlar həyata keçirildiyi təqdirdə ildə 45 milyard avroya qədər. Lakin bu il Ukrayna qismən islahatların gecikməsi səbəbindən cəmi 15,7 milyard avro alıb.


Aİ vəsaitlərin 2027-ci ildən bu ilə keçirilməsindən imtina edib. Brüssel Kiyevin bu il təxminən 34 milyard avroya çıxışı təmin edəcək şərtləri yerinə yetirməsində israr edir.

FT-yə görə, qərar Rusiyanın mülki infrastruktura getdikcə daha tez-tez hücum etməsi fonunda qəbul edilib, Ali Rada isə Aİ və digər donorlar tərəfindən tələb olunan islahatları həyata keçirməkdə çətinlik çəkir.
Buraya kiçik bağlamalar üçün ƏDV azadolmasının ləğvi və rəqəmsal platformalardan gəlir vergisi ilə bağlı yeni qaydalar daxildir. Ali Rada hər iki qanunu qəbul edib, lakin mübahisəli düzəlişlə siyasi cəhətdən təsirli şəxslər (PEP) üzərində nəzarəti zəiflətdi. Aİ isə korrupsiyaya qarşı mübarizənin bir hissəsi olaraq Ukraynadan bu nəzarəti sərtləşdirməsini tələb etmişdi.

Düzəliş qüvvəyə minərsə, Ukrayna yardım almaq şərtlərini yerinə yetirməmək riski ilə üzləşir.

Avropa Komissarları Valdis Dombrovskis və Marta Kos Ali Radanın spikerinə məktub ünvanlayıblar. Onlar vurğulayıblar ki, Ukrayna zəruri islahatları həyata keçirərsə, 2026-cı ildə əlavə yardıma ümid etməyə davam edə bilər: “Ukraynada siyasi cəhətdən təsirli şəxslər üzərində mövcud nəzarətinin zəifləməsinin qarşısını almaq çox vacibdir".

"OLX vergisi" adlandırılan rəqəmsal platformalardan gəlirlərin vergiyə cəlb edilməsi haqqında qanun bir neçə uğursuz səsvermədən sonra 9 iyunda Rada tərəfindən qəbul edilib. Bu qanun OLX, Uklon, Glovo, Bolt, Booking, Airbnb və digər xidmətlər vasitəsilə əldə edilən gəlirlərə şamil edilir. PEP ilə bağlı düzəliş ən çox mübahisəyə səbəb olub: bankların işdən çıxarıldıqdan bir il sonra keçmiş vəzifəli şəxslər üzərində intensiv yoxlamalar aparmaq imkanlarını məhdudlaşdırır.

Musavat.com

03.10.2026 08:32
674