“Böyük pis qonşu”nun hikkəsi – Rusiya son 36 ildə qazandığı adı təsdiq edə-edə gedir

Rusiya Federasiyasının İstintaq Komitəsindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktubda ötən ilin dekabr ayının 25-də Rusiyanın Qroznı şəhəri üzərində rus hərbçilər tərəfindən vurulan AZAL təyyarəsinin “əlverişsiz hava şəraiti səbəbindən” eniş edə bilmədiyi və yerə çırpıldığının qeyd olunması həyasızlığın son həddidir.

Bundan ötə qırmızılıq yalnız o ola bilərdi ki, “vurmuşuq, yaxşı eləmişik, təzminat-filan da ödəmirik, əlinizdən gələni beş qaba çəkin” məzmunlu bəyanat veriləydi.

Əslində İK sədri Bastrıkinin məktubu o deməkdir. Bütün detalları, qəsd və qəza şəraiti bu qədər aydın olan bir kriminal əmələ dair cinayət işini xətm etməyin başqa adı yoxdur.

Hər şey dəqiqəsi ilə aydındır, təyyarəni vurmaq əmrini verənlər də, əmri icra edənlər də, onların bir-biri ilə hansı tonda danışmaları da, təyyarənin göyərtəsində olanlar da hər kəsə bəllidir. Danmaq, inkar etmək mümkün deyil.

İstənilən mədəni, özünə hörmət edən, beynəlxalq qayda-qanunlarla məhəl qoyan dövlət bu qədər təkzibedilməz dəlillərin qarşısında yalnız bir şey edərdi, baş vermiş hadisəyə görə üzr üstəyər, təzminat ödəyər, cinayət hadisəsi törədərək dövlətin reputasiyasını, etibarını zədələyən hərbçiləri cəzalandırardı.

Rusiya dövlətinin caniləri bu sayaq qoruması, gizlətməsi, məsuliyyətdən yayındırması onun göstəricisidir ki, təyyarəmizin vurulması təsadüfi deyil, yuxarılardan sanksiyalaşdırılmış sui-qəsd hadisəsidir.

Rusiyada belə bir ənənə var: dövlət rəhbərliyinin sifarişini yerinə yetirərək beynəlxalq miqyaslı cinayətlər (məsələn, məşhur şəxslərin həyatına qəsdlər) törətmiş şəxsləri ayağa vermir, cəzalandırmır, onları tələb edən ölkələrə ekstradisiya etmir, sona qədər qoruyur, hətta mükafatlandırırlar.

AZAL təyyarəsinin vurulmasından sonra cinayətdə rolu olanların mükafatlandırılması bu qəbildəndir. Türməyə salınmalı adamlara medal verilməsi gerçəyi RF rəhbərliyinin baş verən hadisəyə verdiyi qiymətin göstəricisidir.

İlk gündən bəlliydi ki, Rusiya tərəfi vurulmuş təyyarəyə görə məsuliyyətdən qaçmağa çalışacaq. “Təyyarə quş sürüsü ilə toqquşub” nağılını təyyarənin göyərtəsindəki mərmi deşikləri elə ilk saatdaca təkzib etdi, ancaq rusiyalı jurnalistlər, “ekspertlər” dincəlmədilər, daha bir “tutarlı versiya” irəli sürdülər: “təyyarənin salonunda partlayış olub”. Bunu da təyyarənin içində çəkilmiş videogörüntülər heç-puç etdi.

Daha sonra “qara qutu”dan saman çöpündən yapışırmış kimi yapışdılar. “Qara qutu”lar Braziliyada oxunacaqmış, onsuz dəqiq heç nə demək mümkün deyil. Qazaxıstanın prezidenti Tokayevi Rusiyaya sərfəli açıqlama vermək üçün 4 saat boyunca dilətutma hadisəsi də baş verdi. Ancaq yenə də mümkün olmadı. Qətl edilənlər ortada olduğu kimi qatillər də ortadaydı.

Bununla belə, ümid qalırdı ki, Rusiya tərəfi axırda məsuliyyəti boynuna götürəcək, özünü beynəlxalq miqyasda biabır etməyəcək.

Bundan əvvəl bu dövlətin tarixində bənzər hadisələr olub, açıq-aşkar törətdiyi cinayətlərin məsuliyyətindən yayınmaq üçün misilsiz həyasızlıqlar edib və bu hərəkətlərin ziyanını çəkib. Rusiyanın beynəlxalq arenada etibarsız tərəfdaş kimi ad çıxarmasının səbəbi belə əməllərdir.

Heç sağlam məntiqə də sığmır. Bir neçə məsuliyyətsiz hərbçi nə matahdır ki, onlardan ötrü dövlətin adı beynəlxalq məhkəmələrə çıxsın, dünya mediasında mənfi səciyyədə hallansın? Güman yalnız bir yerə gedir: həmin hərbçilər dövlət, hökumət sifarişi yerinə yetiriblər, ona görə də ali səviyyədə müdafiə olunurlar. Başqa versiya yoxdur.

Rusiyanın bu cür ötkəm və zorba davranışına diqqət edəndə adamın yadına 36 il öncə bu vaxtlar baş verən hadisələr düşür. O vaxtkı rus dövlətinin adı SSRİ idi, amma Moskva həmin Moskvaydı, Kreml həmin Kreml idi və rus dövlətini idarə edənlər xalqımıza qarşı ayrı-seçkilik edir, sui-qəsd planlaşdırırdılar. 20 Yanvar faciəsi rus rəsmilərin xalqımıza qarşı yeritdiyi məkrli planların nəticəsiydi.

Elə o zamanlar da Kremlin fitvası ilə əliyalın bakılıları qırıb-çatan rus hərbçilərinə “gözünüz üstə qaşınız var” deyən olmadı. Onlar hərbi və antibəşəri cinayət törətmişdilər, mülki əhalini qırmışdılar. Ancaq həmin canilər bunu özbaşına etməmişdilər, Kremlin, generalitetin sifarişi və əmri əsasında etmişdilər. Ona görə də heç biri cəzalandırılmadı, əksinə, Bakıya polkovnik rütbəsində gələnlər geriyə general kimi qayıtdılar, orden-medal aldılar, karyerada irəlilədilər, daxili işlər naziri, DTK sədri, dövlət katibi oldular.

O vaxtlar bizdə bir çoxları baş vermiş hadisəyə görə öz xalqımızın oğullarını günahkar çıxarır, rus işğalına, qətliama dolayısı ilə bəraət qazandırır, “həyat davam edir” nağılları ilə xalqın başını yozurdular.

Bəli, həyat davam etdi, 35 ildən sonra yenə də xalqımızın günahsız övladlarının həyatına qəsd edildi və yenə də ortada “yaxşı eləmişik” hikkəsi var.

Yalnız bu cür davranışların rus dövlətçiliyinə qara qəpiklik xeyri yoxdur. Moskva özünü bu cür apararaq nəinki dünyada, heç əlindən çıxan postsovet məkanında da sevimli, cazibədar ola bilmir, qazandığı sadəcə, “böyük pis qonşu” adıdır. Moskva dünyanı da, regionu da bezar edib artıq.

Araz Altaylı, Musavat.com

07.01.2026 13:00
1206