Bölgələrdən şəhərə axının qarşısını necə almalı?

İqtisadçı hesab edir ki, iş yerlərinin açılması təkcə dövlətin deyil, özəl sektorun da üzərinə məsuliyyət düşür, çünki... 

2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb. Bu barədə mediaya Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektorunda açılıb. 

Yeni açılmış iş yerlərinin 80,0 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,3 faizi digər regionların, o cümlədən 5,5 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,6 faizi Şirvan-Salyan, 1,4 faizi Şəki-Zaqatala, 1,1 faizi Qazax-Tovuz, 1,1 faizi Quba-Xaçmaz, 1,0 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Qarabağ, 0,6 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

“2024-cü ilin ilk 3 ayı, 1-ci rübü ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb - yeni iş yerləri ilə bağlı rəqəmlər diqqət çəkir. 2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb və bu iş yerlərinin 80%-i, yəni hər 10 iş yerindən 8-i Bakının payına düşür. Soruşulsa ki, bəs işğaldan azad edilmiş regionlarımızda nə qədər iş yeri açılıb,  2024-cü ilin I rübündə cəmi 292 yeni iş yeri açılıb”. 

“Yeni Müsavat” xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. “Fərqi, mənzərəni təsəvvür edirsinizmi? Biz 4 ildir bu haqda danışırıq, izah etməyə çalışırıq ki, indiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq, hətta ilk mərhələdə köçənlər sonradan Bakıya dönməyə çalışacaq. Çünki məhz bu modelə görə müstəqillikdən üzü bəri regionlardan Bakıya axın var, köç bitmir, bitməyəcək də - bütün iqtisadi, mədəni, sosial fürsətlərin Bakıda cəmlənməsi başqa nəticə doğura bilməz. Azərbaycanda yeni iş yerləri ilə bağlı statistika "delfin statistikasıdır" - dünyada belə bir statistika aparılır ki, delfinlər indiyədək dəniz və okeanlarda batan neçə nəfəri xilas edib, amma delfinlərin sahilə deyil də, dənizin-okeanın dərinliklərinə apardıqları insan sayı, təbii ki, məlum deyil. Bizdə də belədir - iş yerləri açılanda xəbər olur, qapanan iş yerləri ilə bağlı isə məlumatlar açıqlanıb səbəbləri müzakirə edilmir", - deyə ekspert əlavə edib. 

Regionlardan köçün qarşısını almaq üçün nələr edilməlidir? Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları niyə istənilən effekti vermir? 

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eyyub Kərimli isə fərqli düşünür. O hesab edir ki, statistik məlumatlara əsasən yeni iş yerlərinin açılması daha çox Abşeronda müşahidə edilir: “İllərdir həm hökumət bununla mübarizə aparır, həm də iqtisadçılar bunu vurğulayır. Qeyd edim ki, paytaxtla regionlar arasında disbalansı, tarazlı inkişafı təmin etmək üçün dövlət bununla bağlı iki dəfə geniş proqram qəbul edib. Ümumiyyətlə, hazırda dünyada urbanizasiya prosesi sürətlə gedir. Biz Avropa ölkələrinə də baxsaq, inkişaf edən ölkələrə də baxsaq, bu mənzərəni müşahidə edərik. Bu tək iqtisadi məsələ deyil, insanların şəhərə axını urbanizasiya məsələsidir. Bu gün insanlar daha çox sosiallaşmaq, şəhərin verdiyi mədəni, sosial üstünlüklərdən istifadə etməyi daha məqbul sayırlar. Sözsüz ki, bu gün regionlarda kənd təsərrüfatı inkişaf edir. Bununla bağlı əvvəllər dediyim kimi, proqramlar var. Bu gün rəqəmlərə də baxsaq, qeyri-neft sektorunda artımı da müşahidə edirik. Açılan iş yerlərinin ikisi regionların payına düşürsə, bu da reallığı əks etdirmir. Çünki statistik rəqəmlər hüquqi xarakter daşıyır. Bu, rəsmi şəkildə açılan iş yerləri ilə bağlıdır. Kəndlərdə iş yerlərinin əksəriyyəti qeyri-formal xarakterli olur. Bəzən mövsümi iş yerləri olur, insanlar orada qeydiyyatsız fəaliyyət göstərirlər. Gizli məşğulluq olduğuna görə real statistikada öz əksini tapmır. Reallıqda vəziyyət göstərildiyi qədər acınacaqlı deyil. Regionların turizm imkanları var”. 

O ki qaldı işğaldan azad olunmuş bölgələrdə iş yerlərinin açılmasına, ekspert deyib ki, bunu Bakı ilə müqayisə etmək yanlışdır: “İşğaldan azad olunmuş bölgələrimizdə məskunlaşma həyata keçirilir. Böyük Qayıdış proqramı var. İnsanlar ora qayıdır, məskunlaşır. Bu, bir ilin, bir ayın prosesi deyil. Bununla bağlı dövlətin geniş investisiya proqramları var, müəyyən güzəştləri var. Hələ mina təhlükəsi də davam edir. Hesab edirəm ki, növbəti illərdə iş yerlərinin açılması daha da sürətlənəcək. Çünki ora 10 min ailənin köçürülmsəi nəzərdə tutulub. Bu da gələcəkdə iş yerlərinin və məşğulluğun artmasına öz müsbət təsirini göstərəcək. Orada iş yerlərinin açılması da asan məsələ deyil. Bu, tək dövlətin deyil, iş yerlərinin açılması özəl sektorun da üzərinə düşür. İnsanların ora köçürülməsi üçün müəyyən infrastruktur, yaşayış məntəqələri qurulmalıdır. İnsanlara orada fərdi evlərin tikilməsi üçün, yaxud torpaq sahələrinin olmasına şərait yaradılmalıdır. Bu da növbəti illərdə sürətlə həyata keçiriləcək. Biz yaxın gələcəkdə işğaldan azad olunan ərazilərin inkişaf etməsini görəcəyik. Çünki o bölgənin geniş iqtisadi potensialı var. Qarabağ, Şərqi Zəngəzur İqtisadi Zonası gələcəyin iqtisadi "driveri"nə çevriləcək. Paytaxtdan heç də geri də qalmayacaq. İnsanlar da daha çox o bölgələrdə fəaliyyət göstərməyə can atacaqlar, nəinki paytaxtda". 

Hazırladı: Afaq MİRAYİQ

 

07.06.2024 12:30
615