“…Bizə Avropa lazım deyil” – Novella Cəfəroğludan Milli Məclisin qərarına REAKSİYA

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb. Hüquq müdafiəçisi ilə Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırması, Avronest üzvlüyünə xitam verilməsinə başlanması, Qərb təsisatlarında ölkəmizə qarşı qəbul edilən qətnamələr barədə söhbətləşmişik. Müsahibəni təqdim edirik:

- Novella xanım, Avropa Parlamentinin 30 aprel qətnaməsi sanki səbr kasasını daşırdı və belə bir qərar qəbil olundu. Sizcə, emosional addımdır, yoxsa nəhayət ki, olmalı idi?

- Avropa təsisatları həmişə Azərbaycana qarşı olub. Baxmayaraq ki, Avropa Birliyinin neçə ölkəsinə neft-qaz satırıq, amma bizə münasibətdə ədalətsizliyə yol verirlər. Son dövrlər isə həddi aşmışdılar. Əslində, onlardan heç vaxt dəstək görməmişik. Bu 30 il ərzində Qarabağ məsələsində bizi bir dəfə də müdafiə etməyiblər. Halbuki 1 milyon insanın hüquqları pozulub, ev-eşiyini itirib, amma Avropa təsisatları bizə hər hansı köməklik göstərməyib. Ancaq bu gün Avropa Parlamenti ilə əlaqələri dayandırmaq qərarı açığı, mənə qəribə gəldi. Mən də təzə xəbər tutmuşam, düzü, özüm də hələ emosiya ilə məsələyə yanaşıram. Çünki Avropa ilə yaxşı və inkişaf edən iqtisadi əlaqələrimiz var. Bəlkə də başqa şəkildə davranmaq olardı. Çünki İlham Əliyevin siyasətinə inanıram və fikirləşirəm ki, bu qərarı bəlkə verməmək mümkün idi. Hər halda danışıqlar aparıla bilərdi. Ancaq bu da faktdır ki, onların çirkin hərəkətləri dayanmaq bilmirdi. Avropa Parlamentinin ermənilərlə bağlı qəbul etdiyi qətnamələrin hamısı şər-böhtanla doludur.

- Bundan əvvəl isə AŞ PA ilə əlaqələr dayandırılıb və nümayəndə heyəti sessiyalarda iştirak etmir. Sizcə, bu gedişlə Qərbdən uzaqlaşırıq, yoxsa münasibətlərdə müvəqqəti gərginlikdir? Yəni Azərbaycanın bu qərarın ardınca növbəti addımı Avropa Şurasının üzvlüyündən çıxmaq ola bilərmi?

- Siz Azərbaycanın Qərbdən uzaqlaşdığını qeyd edirsiniz, amma bəlkə elə Avropa bizə yaxınlaşsın? Onlar enerji məhsullarımızdan asılıdır. Hər dəfə bizi sıxışdırmaqla olmaz axı?! Kənardan baxanda görürsən ki, Avropa həmişə bizə qarşıdır və ermənilərin tərəfində dayanır. Bir dəfə də Azərbaycanın yanında dayanmaq olmazdımı? Hər halda istəməzdim ki, Avropadan belə kəskin şəkildə uzaqlaşaq. Ancaq mənə elə gəlir ki, hökumətin bundan sonra başqa addımları da olacaq.

- Ümumiyyətlə, ermənilərin Qarabağa qaytarılması və həbsdə olan hərbi canilərin azad olunması ilə bağlı artan çağırışların səbəbi nədir? Avropa təsisatları bir yandan, Benilüks ölkələrinin parlamentləri o tərəfdən qətnamələr qəbul edir, ayrı-ayrı konqresmenlər, təşkilatlar bəyanatlar verir, erməni QHT-ləri Avropa İttifaqına məktublar yazır...

- Avropa 30 ildir ki, erməniləri müdafiə edir. Bu, ilk dəfə deyil. Sadəcə, Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Cənubi Qafqazda vəziyyət dəyişib. Azərbaycanın bölgədə yüksəlişi Avropanın region olan baxışlarına ciddi təsir edib. Həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyəti Avropanı narahat edir. Çünki Qərb həmişə Türkiyədən çəkinib və onu qəbul etmək istəməyib. Ona görə də bu gün Turan qurulsa, türk dünyası birlikdə güclü olsa, onda bizə Avropa lazım deyil. Yəni sualınıza cavab olaraq demək istəyirəm ki, Azərbaycanla bağlı Avropada başlanan bu çirkin kampaniyanın arxasında dayanan səbəblərdən biri də bunlar ola bilər. Həm müharibədəki zəfərimiz, həm də TDT-nin yüksəlişi. Eyni zamanda, bu gün ermənilərlə sülh gündəliyinin inkişafı, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması, o ölkələrin 30 ildə nail ola bilmədiyi sülhə iki dövlətin öz aralarında dialoqla müvəffəq olması da Avropa təsisatlarının xoşuna gəlmir. Ümumiyyətlə, bu iyrənc kampaniya neçə ildir ki, davam edir. Avropa Şurasında da onların hücumlarını dəfələrlə görmüşük. Ona görə də biz ABŞ və Böyük Britaniya ilə əlaqələri gücləndirməliyik. Elə Britaniya özü də Avropa İttifaqından çıxıb. Odur ki, bu gün Milli Məclisdə elan edilən qərar nə qədər təəccüblü görünsə də, əsassız deyil.

Emil Salamoğlu
Musavat.com

01.05.2026 14:44
1151