Birləşmiş Əmirlik Mərkəzi Asiyaya diqqəti artırır: Aşqabadda maraqlı mnüzakirələr

Türkmənistan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə transmilli nəqliyyat dəhlizlərini inkişaf etdirməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədri Batır Atdayev deyib.

Onun sözlərinə görə, hər iki ölkə “siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığı dinamik şəkildə genişləndirir”: “Hazırda biz nəqliyyat və logistika sektorunda tərəfdaşlığı ən mühüm sahələrdən biri hesab edirik və Türkmənistan bu qarşılıqlı fəaliyyətin inkişafı üçün əlverişli coğrafi mövqeyə malikdir. Türkmənistan Birləşmiş Ərəb Əmirlikləri ilə birgə transmilli nəqliyyat dəhlizlərini inkişaf etdirməyə hazırdır”.

Öz növbəsində BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Touq əl-Mari qeyd edib ki, Türkmənistanla əməkdaşlıq ticarət-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar açır: "Bu qarşılıqlı fəaliyyətdə biz ölkələrin istehsal müəssisələri arasında sənaye əməkdaşlığına səbəb olmaq niyyətindəyik".

Əl-Mari iyunun 25-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə də görüşüb. Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmsöhbətlər əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını, ticarət dövriyyəsinin artırılması, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üzrə konkret təklifləri müzakirə ediblər. Tərəflər neft-qaz və kimya sənayesi, energetika, nəqliyyat, maliyyə-bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

 

Musavat.com

25.06.2024 22:51
462