“Biri ölməsə, o biri dirilməz” vaqiəsi – şansı yavər gedən Maçado prezident ola biləcəkmi?

Venesuela prezidenti Nikolas Maduronun ömür-gün yoldaşı ilə birlikdə ABŞ xüsusi təyinatlıları tərəfindən yatağından götürülməsi vaqiəsi Venesuealdan olan başqa birinin - Mariya Korina Maçado Pariskanın hakimiyyət olimpinə yolunu aça bilər.

Maçado venesuelalı siyasətçidir, Venesuela müxalifətinin görkəmli lideridir, Nobel sülh mükafatı laureatıdır, ötən il ABŞ prezidenti Donald Trampın göz dikdiyi mükafatı ona veriblər. O, Nobel mükafatına 2025-ci ilin oktyabrında "Venesuela xalqı üçün demokratik hüquqların təşviqi sahəsində yorulmaz fəaliyyətinə və ədalətli demokratiyaya keçid üçün sülh yolu ilə həyata keçirdiyi mübarizəyə görə" layiq görülüb.

Mariya Maçado 2011–2014-cü illərdə Venesuela parlamentinin üzvü kimi fəaliyyət göstərib.

O, siyasətə 2002-ci ildə “Súmate” səslərin monitorinqi təşkilatının yaradıcısı kimi daxil olub. “Vente Venezuela” siyasi partiyasının milli koordinatorudur. 2012-ci ildə o, müxalifətin prezidentliyə ilkin namizədi olub, lakin Henrike Kaprilesə uduzub. 2014-cü il Venesueladakı etirazlar zamanı o, prezident Nikolas Maduro hökumətinə qarşı nümayişlər təşkil edən aparıcı fiqura çevrilib.

maca-3.jpg (90 KB)

2023-cü ildə Maçado müxalifətin ilkin seçkilərində qalib gəlib və 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində vahid namizədi olub. Bununla belə, o, 2023-cü ilin iyununda Venesuela Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməkdən diskvalifikasiya edilməsi, bu qərarın 2024-cü ilin yanvarında Venesuela Ali Ədliyyə Məhkəməsi tərəfindən qüvvədə saxlanılması üzündən namizəd kimi əvvəlcə Korina Yoris, daha sonra isə Edmundos Goriza ilə əvəz edilib.

2024-cü ilin avqustunda Maçado Maduro hakimiyyətinin onun həyatı və azadlığı üçün təhlükə kəsb etdiyini, özünün isə onun mürtəce rejimindən qorxduğunu bildirərək gizləndiyini açıqlayıb. Əslində onun haqlı olduğu heç kəsə sirr deyildi, çünki Maduro xuntası siyasi rəqiblərinə qarşı çox sərt idi və onlara qarşı istənilən radikal qərarı verə bilərdi.

Maçado siyasi fəallığına görə beynəlxalq səviyyədə yaxşı tanınırdı. O, 2018-ci ildə BBC radiosu tərəfindən dünyanın ən nüfuzlu “100 qadınından biri” seçilib. 2025-ci ildə “Time” jurnalı da onun adını “100 ən nüfuzlu insan”ın siyahısına salıb.

2025-ci ildə Nobel Komitəsi sülh mükafatını Mariya Maçadoya verib, ancaq Maçadonun 9 dekabra planlaşdırılan mətbuat konfransı ləğv edilib. Mükafatı şəxsən özünün ala biləcəyi bəlli olmayıb. Mariya Maçado sonuncu dəfə 9 yanvar 2025-ci ildə Karakasda Maduronun üçüncü müddətə andiçmə mərasiminə etirazda görünmüşdü. Nobel Komitəsinin sözçüsü Erik Aşeimin sözlərinə görə, Maçado ona Norveçə çatmağın çox çətin olduğunu bildirib.

maca-4.jpg (286 KB)

Bununla belə, 11 dekabr 2025-ci il gecəsi Maçado Oslodakı tarixi “Grand Hotel”də peyda olub. Bir gün əvvəlki mükafatlandırma mərasimində mükafat onun qızına təqdim edilmişdi. Sonradan aydın olub ki, Maçado Maduro hökuməti tərəfindən tətbiq edilən səyahət qadağası üzündən Venesuelanı gizlicə tərk edib, qayıqla Kürasaoya gedib, daha sonra Norveçə uçub.

Norveç Sülh Şurası 2025-ci il mükafatlandırma mərasimi üçün ənənəvi məşəl yürüşü keçirməmək qərarına gəlib və Maçadonun "təşkilatın dəyərlərinə uyğun olmadığını" bəyan edib.

1980-ci ildə Nobel sülh mükafatı laureatı olmuş argentinalı insan haqları müdafiəçisi professor və rəssam Adolfo Peres Eskivel Maçadonu ABŞ-nin aqressiv siyasətini dəstəkləməkdə ittiham edərək tənqid dolu məktub dərc etdirib.
Maraqlıdır ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çun da mükafatın Trampa verilməli olduğunu düşünərək özünün X sosial media hesabında yazıb ki, "Nobel Komitəsi siyasətin onlar üçün sülhdən daha vacib olduğunu sübut etdi".

İndi ABŞ rəhbərliyi ilə Mariya Maçadonun yolları post-Maduro dövründə Venesuelada kəsişə bilər.

Maçado artıq ABŞ-nin Venesuelaya müdaxiləsini, Maduronun hakimiyyətdən uzaqlaşdırmasını alqışlayıb və ümid edir ki, tezliklə Venesuealda prezident seçkiləri keçiriləcək və onun təmsil olunduğu müxalifə düşərgəsinin namizədi, daha dəqiqi, onun özü seçkilərdə qalib gələcək.

maca-5.jpg (88 KB)

Bu cür düşünməyə Maçadonun əsas var. O, artıq ölkəsinin beynəlxalq arenada tanınmış, qəbul edilən, dünyanın ən ali mükafatını almış, təcrübəli siyasi xadimidir. Venesueala müxalifəti asanlıqla onun ətrafında birləşə bilər və artıq ona qarşı yaradılmış hüquqi-inzibati əngəllər də aradan qaldırılacaq. Əlbəttə, əgər ABŞ onun namizədliyini dəstəkləyərsə.

Ancaq ABŞ rəhbərliyi belə bir addım atmazsa, Venesuelanın başında Maduro komandasından birini və ya müxalifət düşərgəsindən o qədər də parlaq olmayan hansısa siyasətiçini hakimiyyətə gətirmək istəyərsə, bu, avtomatik olaraq ABŞ-nin Venesuelada “marionet hakimiyyət” qurmaq istəməsi anlamına gələcək.

Düzdür, Maçadonun potensial iqtidar komandası da ABŞ ilə konfrontasiyaya getmək fikrində olmayacaq, əsasən sözəbaxan olacaq, amma klassik müxalifətin vətənpərvərliyi və demokratik prinsiplərə sadiq olması ABŞ-nin işinə yaramaya bilər. Tramp sözsüz itaət tələb edən tiplərdəndir və demokrariyadan çox danışanları sevmir.

Üstəlik, arada mübahisəli Nobel mükafatı intriqası var.

Araz Altaylı, Musavat.com

04.01.2026 12:12
1558