Rusiyanın Voronej Vilayət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, keçmiş senator Sergey Lukin və ailəsinin Dubayda milyardlarla rubl dəyərində daşınmaz əmlaka sahib olduğu iddia edilir.
Musavat.com xəbər verir ki, Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (FBK) Lukin ailəsinə aid olduğunu bildirdiyi Dubay daşınmaz əmlakının ümumi dəyərini təxminən 5 milyard rubl qiymətləndirib.
Araşdırmaya görə, müharibə başladıqdan sonra deputatın ailəsi Dubayda fəal şəkildə daşınmaz əmlak almağa başlayıb.
Lukinin keçmiş həyat yoldaşı Vera Lukina və oğlu Aleksandr Lukinin məşhur Palma-Cümeyra adasında ümumi dəyəri 55 milyon dirhəmdən çox olan üç mənzilə sahib olduqları bildirilir.
Bundan əlavə, ailənin “Emaar Beachfront” kompleksində təxminən 20 milyon dirhəm dəyərində apartamenti olduğu iddia edilir.
FBK-nın məlumatına görə, Vera Lukina Dubayın işgüzar mərkəzlərindən olan “Business Bay” rayonunda da kütləvi şəkildə mənzil alıb.
Araşdırmaçılar onun 2023-cü ilin martında cəmi bir gün ərzində 12 mənzil aldığını bildirirlər.
Bundan başqa, Vera Lukinanın “Luma21” yaşayış kompleksində daha 15 mənzil aldığı iddia olunur.
Ailənin daşınmaz əmlak alışları bununla bitməyib.
2023-cü ilin sonu – 2024-cü ilin əvvəlində deputatın oğlu Aleksandr Lukinin “UH West by Ellington” kompleksində birdəfəyə 11 mənzil aldığı bildirilir.
FBK-nın müəyyənləşdirdiyini bildirdiyi Dubay əmlaklarının ümumi dəyəri 194,8 milyon dirhəmdən, yəni 4,5 milyard rubldan çoxdur.
Araşdırma müəllifləri Sergey Lukinlə həyat yoldaşının boşanmasının da formal xarakter daşıdığını iddia edirlər.
FBK-nın versiyasına görə, boşanma Vera Lukinanın biznesini və xaricdəki aktivlərini deputatın əmlak bəyannamələrindən kənarda saxlamaq məqsədi daşıyıb.
Araşdırmada ailənin Dubaydan başqa Almaniya və Monteneqroda da daşınmaz əmlakının olduğu bildirilir.
Sergey Lukin və ailəsinin FBK-nın irəli sürdüyü iddialara münasibəti təqdim edilmir.
Musavat.com