Bir foto, bir klik və məhv edilən həyat: Süni intellektin görünməyən təhlükəsi

Son illər texnologiyanın inkişafı insan həyatını kökündən dəyişsə də, bu dəyişimin ən təhlükəli tərəflərindən biri məhz süni intellektin sürətlə yayılmasıdır. Artıq reallıqla saxtanı ayırd etmək əvvəlki qədər asan deyil. Bu fakt bir daha bu günlərdə Baku TV-də yayımlanan veriliş çərçivəsində təqdim olunan süni intellekt eksperimenti zamanı açıq şəkildə nümayiş etdirildi.

Eksperiment göstərdi ki, sosial şəbəkələrdə paylaşılmış adi bir foto belə süni intellekt üçün kifayət edir. Müasir AI alətləri vasitəsilə həmin görüntüdən istifadə olunaraq reallıqdan demək olar ki, seçilməyən yeni foto və videolar yaratmaq mümkündür. Bu isə o deməkdir ki, insanın heç vaxt etmədiyi hərəkətləri etmiş kimi göstərmək artıq texniki baxımdan son dərəcə sadə prosesə çevrilib.

Xatırladaq ki, texnologiyanın imkanlarını izləyicilərə əyani göstərmək üçün adı çəkilən verilişin qonağı olan jurnalist Kubra Məhərrəmovanın sosial şəbəkədə paylaşdığı açıq fotolardan biri nümunə kimi seçilib. Cəmi bir neçə dəqiqə ərzində süni intellekt proqramları vasitəsilə tamamilə saxta, lakin son dərəcə real təsir bağışlayan görüntü hazırlanıb. Hazırlanan materialları izləyənlərin böyük əksəriyyəti görüntünün süni olduğunu dərhal müəyyən edə bilməyib. Üz cizgilərinin dəqiqliyi, mimikaların uyğunluğu və hərəkətlərin təbii görünməsi texnologiyanın artıq hansı səviyyəyə çatdığını göstərdi. Bu isə ən böyük təhlükənin texnologiyanın özündə deyil, onun necə istifadə olunmasında olduğunu ortaya qoyur.

Eksperiment zamanı diqqət çəkən əsas məqamlardan biri süni intellektin arxasında dayanan texnologiyanın nə qədər əlçatan olması idi. Bu prosesdə istifadə olunan alətlərdən biri də 2018-ci ildə yaradılan “Reface” tətbiqidir. İlk baxışda əyləncə məqsədli görünən bu platforma istifadəçilərə öz üzlərini film səhnələrinə, musiqi kliplərinə və müxtəlif videolara yerləşdirməyə imkan verir.

Tətbiq güclü maşın öyrənmə modelləri, xüsusilə GAN alqoritmləri vasitəsilə işləyir və üz cizgilərini elə dəqiqliklə uyğunlaşdırır ki, yaranan görüntü çox vaxt real materialdan seçilmir. Məhz bu texnologiya “deepfake” adlanan yeni rəqəmsal fenomeni formalaşdırıb.

Əvvəllər sosial şəbəkələr üçün əyləncəli kontent yaradan bu sistemlər indi fərqli məqsədlərlə də istifadə oluna bilir. Bir neçə açıq foto kifayət edir ki, insanın heç vaxt iştirak etmədiyi video və ya görüntü süni şəkildə hazırlanaraq reallıq təsiri yaradılsın. Texnologiyanın təhlükəsi də məhz burada başlayır - saxtanı yaratmaq artıq çətin deyil, onu ayırd etmək çətinləşib.

Ən təhlükəli məqam isə insanların artıq gördüyü görüntülərə belə şübhə ilə yanaşmağa başlamasıdır. İllərlə formalaşan reputasiya və ictimai etibar süni intellekt vasitəsilə saniyələr içində zədələnə bilər. Bu gün hər hansı video sübut hesab edilirdisə, sabah onun saxta olub-olmaması sual doğuracaq. İstənilən görüntüyə, videoya və ya sensasion paylaşıma kor-koranə inanmaq ciddi yanlış nəticələrə gətirib çıxara bilər. Çünki süni intellekt dövründə həqiqət artıq yalnız gözlə görünən deyil.

Beləliklə, süni intellektlə hazırlanmış saxta görüntülər insanların reputasiyasına ciddi zərbə vurmaq gücünə malikdir. Xüsusilə sosial şəbəkələrdə aktiv olan şəxslər bu risklə daha çox üz-üzə qalır. Bir neçə foto və ya video paylaşımı bəd niyyətli şəxslər üçün kifayət qədər material deməkdir.

Son dövrlər Azərbaycanda da bu texnologiyanın təhlükəli istifadəsinə dair hallar qeydə alınıb. Xüsusilə Bakı Dövlət Universitetinin tələbələri barədə süni intellekt vasitəsilə hazırlanmış qeyri-etik və saxta görüntülərin yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, saxta görüntülər hazırlayana həmin şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək həbs olunub. Bu fakt göstərir ki, rəqəmsal cinayətlər də real cinayət sayılır və belə halların qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bugünkü reallıq bir həqiqəti açıq göstərir: texnologiya inkişaf etdikcə təhlükə də dəyişir. Artıq insanı qorumaq üçün təkcə fiziki deyil, rəqəmsal təhlükəsizlik də həyati əhəmiyyət daşıyır. Çünki bəzən bir şəkil, sadəcə bir şəkil insanın həyatını dəyişmək üçün kifayət edir.

Xalidə Gəray,
Musavat.com

01.03.2026 16:30
1324