Bir əsrin iki türk dahisi

Ötən əsrin əvvəllərində qardaş türk xalqı qazi Mustafa Kamal Atatürkün liderliyi ilə ölüm-qalım savaşından zəfərlə ayrılaraq əyilməz xarakterini bütün dünyaya nümayiş etdirdi. Böyük Atatürk türk soyuna düşmən kəsilənlərə yerini göstərdi və bu bənzərsiz liderin çevik qərarları, özünəməxsus sərkərdəliyi və qəhrəman mehmetçiyin döyüş əzmi qarşısında düşmən dayana bilmədi. Türkiyə cümhuriyyət savaşından qalib ayrıldı. Türk xalqını rəzil əsarət altında görmək istəyən ölkələrin, beyin mərkəzlərinin bütün planları alt-üst olaraq iflasa uğradı.

Çörçilə məğlubiyyət səbəbini göz yaşı ilə məruzə edən baş nazir Lloyd Corc “Nə edək?.. Əsrlər nadir dahi yetişdirir. Bizim bu talesizliyimizə baxın ki, bizim əsrdə o böyük dahini türk milləti yetişdirdi. Heç bir fəaliyyətimiz nəticə vermədi, Mustafa Kamal Paşaya məğlub olduq” deməklə türkün böyük liderinə heyranlığını etiraf etməkdən çəkinməmişdi. Bu gün qüdrətli Türkiyə dövlətinə görə bütün türk xalqı millət atası Atatürkə minnətdardır.

mustafa-kemal-ataturk-turkey-supreme-commander-hd-wallpaper-preview.jpg (44 KB)

Ötən əsrin sonlarında eyni ssenari Azərbaycanda təkrarlandı. İmperiya cəlladları qarşısına əliyalın çıxan xalqımız övladlarının qanı bahasına qazandığı müstəqilliyinin sevincini yaşamamış onu itirmək təhlükəsinin bir addımlığında idi. Yanlış daxili və xarici siyasət, uğursuz idarəçilik fonunda müstəqil Azərbaycan çarəsiz, həyatının ən ağır günlərini yaşayırdı. Ölkədə məqsədli şəkildə pozucu qüvvələrin təsiri altında separatizm alovunun baş qaldırması, silahlı, idarəolunmaz hərbi birləşmələr azadlığımız adına təhlükəni qaçılmaz etmişdi. Torpaqlarımızın ardıcıl işğal olunması, ölkədə işsizlik, sosial narazılıq itaətsizliyə gətirib çıxarmışdı. Bütun bunlarla yanaşı, Gəncə hadisələri, qardaş qırğını Azərbaycanda vətəndaş müharibəsini labüd etmişdi. Çalxalanan ölkə həyatının ən mürəkkəb, ən təhlükəli dövrünü yaşayırdı, müstəqil Azərbaycan qətl olunurdu!

Nə yazıq ki, qatillər xalqımızı azad görmək istəməyən şər qüvvələrin dirijorluğu ilə idarə olunan siyasi ambisiyalarını ölkənin maraqlarından üstün tutan içimizdən olan bədxahlar idi. Amma xarici və daxili düşmənlər dəqiq hesablama apara bilməmişdilər. Unutmuşdular ki, bu dövləti yıxa, bölə bilməyəcəklər. Çünki bu xalqın Heydər Əliyev kimi övladı var. Fövqəl imperiyanın rəhbərlərindən biri olmuş Heydər Əliyev fəaliyyətindən göründüyü və dünyanın qəbul etdiyi kimi hər zaman mənsub olduğu xalqın adamı olub, Azərbaycana xidmət edib, hər birimiz üçün Azərbaycan olub! Azərbaycanın milli sərvəti olan Heydər Əliyev canından artıq sevdiyi xalqının taleyinə biganə qala bilməz! Bədxahlar bunu unutmuşdular. Eyni ilə Türkiyənin cümhuriyyət savaşında da məglub generalın etiraf etdiyi kimi, Atatürk amili unudulmuşdu.

1681809265_22.jpeg (434 KB)

Beləliklə, xalqın tələbi ilə böyük Heydər Əliyevin siyasi geridönüşü can verən Azərbaycana nəfəs verdi. Gerçək Lider- Xalq birliyinin gücü qarşısında duruş gətirə bilməyənlər iflas oldular. Qısa zaman içində ölkə rəhbəri kimi respublikamızda sabitliyə, milli birliyə nail olan Heydər Əliyev siyasi, iqtisadi qərarları ilə Azərbaycanı dəyişdi, hüquqi dövlət quruculuğu prosesinə start verdi.

Dünya Azərbaycanı təzəcə tanımağa başlamışdı və o, ayaq üstə durmalı, bizə qarşı dağıdıcı siyasətini davam etdirən hər kəsə qarşı müqavimət göstərməli idi. Ulu öndər eyni vaxtda iki cəbhədə mübarizəyə başladı. O, bir tərəfdən keçmişin çətin irsi ilə mübarizə apardı, digər tərəfdən də milli dövlətçiliyin fundamental əsaslarını yaratdı. Heydər Əliyev dühası bizə imkan verdi ki, dağıdılmış binanı yenidən ucaldaq. Ölkə həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar strategiyası işlənib hazırlandı, bunun sayəsində Azərbaycan dərin tənəzzüldən qurtulub, rəvan inkişaf yoluna qədəm qoydu.

Bundan başqa, Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət ölkənin və regionun təhlükəsizliyinə xüsusi töhfə verdi. Beynəlxalq əlaqələrin düzgün qurulması nəticəsində Azərbaycan xüsusilə enerji sektorunda Qərbin etibarlı tərəfdaşına çevrildi. Bütün bunlar regionun təhlükəsizliyi və inkişafı üçün vacib idi. Beləliklə, Heydər Əliyev yeni, qüdrətli bir Azərbaycan yaratmaqla millət atası statusu qazandı və fenomenə çevrildi.

Yüz il öncə türk dahisi Mustafa Kamal paşanın bütün imperialist güclərə qarşı başlatdığı qurtuluş savaşının qələbəsi nə qədər mümkünsüz görünürdüsə, 1993 -cü ildə məhv olmaq təhlükəsi ilə üz- üzə qalan Azərbaycanı bir dövlət və xalq olaraq xilas etmək də o qədər çətin idi. Tarix bir əsrdə iki dəfə türk dahisinin hər kəsin mümkünsüz saydığını gerçəkliyə çevirdiyinin şahidi oldu. Qazi Mustafa Kamalın istiqlal qələbəsini 1993-cü ilin 15 iyununda Ulu öndər Heydər Əliyev özünəməxsus dahiliklə təkrarladı. Bu, tarixdə insan zəkasından və insan gücündən fövqəldə duran iki hadisədir.

cdc1e784ded1c54d564df13d492ad99b_9433411.jpg (186 KB)

Qəhrəman liderlərin açdığı qalibiyyət yolunu bu gün Qarabağda dünyaya Zəfər dərsi keçən Prezident İlham Əliyev türk dünyasının birliyinə doğru apararaq hər iki qurtuluş savaşını tam qələbə ilə başa çatdırmaq əzmindədir.

2020-ci ilin 8 noyabrında ata vəsiyyətini yerinə yetirərək Ulu öndərə məruzə edən Ali Baş Komandan 15 iyunda tariximizə qurtuluş günü kimi möhür vurulan başlanğıcı azad, bütöv və qüdrətli Azərbaycan kimi sonlandıraraq Ümummilli liderin tarixi arzularını həyata keçirdi. Bu, 31 il əvvəl milləti qurtuluşa aparan liderin dövlətçilik strategiyasının məntiqi nəticəsi oldu. 15 iyun milli dövlətçiliyimizin başlanğıcı kimi tarixə həkk olundu və təqvimin bu günü xilas günümüz kimi milli bayrama çevrildi. Bayramımız mübarək!

Reshad_Mahmudov.jpg (77 KB)

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə komitəsinin 
sədr müavini, YAP İdarə Heyətinin üzvü

14.06.2024 11:07
693