"Bıçaqlanmışam, nəfəs ala bilmirəm” deyən gənci BELƏ ÖLDÜRDÜLƏR - ŞOK CİNAYƏT

İngiltərənin Southampton şəhərində 18 yaşlı universitet tələbəsi Henri Novakın ölümünə səbəb olan hadisə ilə bağlı yayımlanan polis bədən kamerası görüntüləri ölkədə ciddi narazılıq yaradıb. Görüntülərdə ağır yaralanmış gəncin dəfələrlə “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən qandallanaraq saxlanılmağa çalışıldığı görünür.

Musavat.com xəbər verir ki, hadisə 2025-ci ilin dekabrında baş verib. Southampton Universitetinin tələbəsi olan Henri Novak bıçaqlı hücuma məruz qaldıqdan sonra hadisə yerinə gələn polis əməkdaşları ilkin mərhələdə onu şübhəli şəxs hesab ediblər. Bunun səbəbi hücum edən şəxsin polisə verdiyi ifadə olub.

Yayılan görüntülərdə qan içində yerdə uzanan Henri Novakın “bıçaqlanmışam” və “nəfəs ala bilmirəm” dediyi eşidilir. Buna cavab olaraq polis əməkdaşlarından birinin “Doğrudanmı bıçaqlanmısan? Mən elə düşünmürəm” dediyi bildirilir.

Polis əməkdaşları daha sonra gənci qandallayaraq saxlamağa cəhd göstəriblər. Lakin onun həqiqətən ağır bıçaq yaraları aldığı müəyyən edildikdən sonra qandallar açılıb və tibbi yardım göstərilməyə başlanıb. Buna baxmayaraq, Henri Novakın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbkarı olan 23 yaşlı Vikrum Digva polisə verdiyi ifadədə Henri Novakın ona hücum etdiyini və irqçi ifadələr işlətdiyini iddia edib. Lakin məhkəmə araşdırması zamanı bu iddiaları təsdiqləyən heç bir sübut tapılmayıb.

Southampton məhkəməsi Digvanı qəsdən adam öldürməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. O, ən azı 21 il həbsdə qalacaq.

Görüntülərin yayımlanmasından sonra Böyük Britaniyanın baş naziri Keir Starmer hadisə ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, hücum edən şəxsin irəli sürdüyü iddiaların polisin qərarlarına təsir edib-etmədiyi araşdırılmalıdır.

Hadisədən sonra Southampton şəhərində yüzlərlə insan polis idarəsinin qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Nümayişçilər “Nəfəs ala bilmirəm” şüarları səsləndiriblər.

Henri Novakın ailəsi polis müdaxiləsini “insanlıqdan kənar və alçaldıcı” adlandırıb. Gəncin atası Mark Novak oğlunun ölümünün cəmiyyətdə nifrət və qarşıdurma yaratmaq üçün istifadə olunmasını istəmədiyini bildirib.

Hazırda hadisə zamanı polis əməkdaşlarının davranışı ilə bağlı müstəqil araşdırma aparılır. Hempşir polisi isə ailədən rəsmi şəkildə üzr istəyib.

Musavat.com

04.06.2026 11:12
891