Beş ayın yekunu: ÜDM istehsalı artıb, ixrac 31 faiz azalıb, idxal isə...

Taksi xidmətində avtomobillərə qoyulan yeni tələblər Azərbaycana ucuz avtomobil idxalını azaldıb

Dövlət Statistika Komitəsi Azərbaycan iqtisadiyyatının əsas göstəricilərini açıqlayıb. Komitənin məlumatından aydın olur ki, 2024-cü ilin yanvar-may aylarında ölkədə 48,0 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.

Sənaye sahəsində neft-qaz sektorunda istehsal 0.2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. 

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,7 faiz, bitkiçilik məhsulları istehsalı 7,4 faiz artıb. Beş ayda diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 7,1 faiz artıb, yun istehsalı isə 2,6 faiz azalıb. 

Komitənin məlumatına əsasən iyun ayının 1-nə kimi tarlalardan 89,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox taxıl, 160,2 min ton (6,9 faiz az) kartof, 429,4 min ton (11,5 faiz çox) tərəvəz, 33,6 min ton (14,2 faiz çox) meyvə və giləmeyvə, 453,5 ton (8,6 faiz az) yaşıl çay yarpağı yığılıb.

ÜDM istehsalı artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən beş ayda 94,0 milyon ton yük və 802,7 milyon sərnişin daşınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 8,1 faiz artıb. 

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikadan isə aydın olur ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 439.27 milyon dollar təşkil edib. Bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz azdır. Xarici ticarət dövriyyəsindəki azalma tamamilə ixracdakı azalmadan qaynaqlanır. Belə ki, beş ayda Azərbaycanın ixracı 11 milyard 138.58 milyon ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 31 faiz azalma deməkdir. İdxal isə əksinə, 6,7 faiz artaraq 7 milyard 300.69 milyona ABŞ dollarına çatıb. Nəticədə, ölkənin xarici ticarət dövriyyəsindəki müsbət saldo 3 milyard 837.89 milyon dollara düşüb ki, bu da 2023-ci ilin beş ayına nəzərən 2,4 dəfə azdır.

İxracın 9 milyard 877 milyon 696.28 min dolları neft-qaz bölməsinin, 1 milyard 260 milyon 884.71 min dolları qeyri-neft-qaz bölməsinin payına düşüb. “Yeni Müsavat”ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən apardığı hesablamaya görə, neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə(14 milyard 648 milyon 531.16 min dollar) müqayisədə 32,6 faiz, qeyri-neft-qaz ixracımız isə(1 milyard 465 milyon 801.51 min dollar) 14 faiz azalıb. 

Neft-qaz ixracının tərkibində əsas paya malik olan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracı 6 milyard 258 milyon 631.31 min dollar dəyərlə 9 869 672.49 ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 faiz(ötən ilin beş ayında 7 milyard 220 milyon 253.42 min dollarlıq ixrac qeydə alınmışdı - red.), həcm ifadəsində isə 16 faiz(11 752 575.69 ton) azalma deməkdir. Sektorun digər əsas məhsulu olan təbii qaz ixracı 7 milyard 103 milyon 82.74 min dollar dəyərlə 9 milyard 912 milyon 607.09 min kubmetr təşkil edib. Qaz ixracı həcm baxımından artsa da(ötən il 9 milyard 362 milyon 793.62 min kubmetr), dəyər ifadəsində (7 milyard 103 milyon 82.74 min dollar) 51,4 faiz azalıb. Min kubmetr qazın ixrac qiyməti ötən il 758,6 dollar olduğu halda, bu il 348,12 dollara qədər ucuzlaşıb. 

Energetika Nazirliyinin məlumatına əsasən 2024-cü ilin yanvar - may aylarında Azərbaycanda 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr çox olub.

Ölkədə ÜDM istehsalı 30 milyarda çatıb

5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Beş ayda Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. 

2024-cü ilin yanvar - may aylarında ölkədə 12 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,25 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,1 milyon ton təşkil edib.

Hesabat dövründə 9,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,6 milyon tonu konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında ölkədə 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 7,7 milyon tonu AÇG-nin 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.

Hesabat dövründə 10,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Bu isə o deməkdir ki, SOCAR neft-kondensat ixracını 200 min ton artırıb, AÇG konsorsiumu isə 900 min ton azaldıb.

Qeyri-neft ixracında ən çox artımı qeyd olunan məhsullardan biri pambıq lifidir. Ötən ilki 50,4 milyon dollara qarşı bu il ixrac 100,2 milyon dollara çatıb. Bundan əlavə, alma, xurma ixracında da artım var.

İxracında ciddi artım olan digər qeyri-neft məhsulu pomidordur. 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 115 min dollar və ya  19%, miqdar ifadəsilə 7 min 991 ton və ya 10% artıb.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor ixrac olunmuşdu.

Pomidor ixracındakı bu artımın əsas səbəbi əsas ixrac bazarı olan Rusiyada iyunun sonunadək bir sıra pomidor növlərinin idxalının rüsumlardan azad olunmasıdır. Azərbaycanın Rusiyaya ixrac etdiyi pomidor bu güzəştə düşən növlərdir. 

İxracı azalan kənd təsərrüfatı məhsullarından kartof(ötən ilki 23,4 milyon dollar qarşı bu il 14,5 milyon dollar), meşə fındığı(54,6 milyon dollardan 47,5 milyon dollara), nar(8 milyon dollardan 3.3 milyon dollara) var.

Pambıq iplik ixracında da kəskin azalma var. Ötən ilin 5 ayında 15,3 milyon dollarlıq pambıq iplik ixrac olunmuşdusa, bu ilin eyni dövründə bu göstərici 8,6 milyon dollara düşüb. 

İdxaldakı artıma gəlincə, diqqəti bir sıra ərzaq məhsulları cəlb edir. Belə ki, ət idxalı 33,2 milyon dollardan 48,5 milyon dollara, K?r? yağı v? südd?n hazırlanmış dig?r yağların idxalı 41,3 milyon dollardan 54,2 milyon dollara qədər artıb. Buğda idxalı 135 milyon dollardan 72,7 milyon dollara(həcm ifadəsində 450 152 tondan 328 542 tona), əczaçılıq məhsulları idxalı 288,8 milyon dollardan217,1 milyon dollara(həcm ifadəsində 13 759.46 tondan 10 667.86 tona) qədər azalıb.

Yeri gəlmişkən, taksi xidmətində avtomobillərə qoyulan yeni tələblər Azərbaycana ucuz avtomobil idxalını azaldıb. Belə ki, 2024-cü ilin yanvar-may ayları ərzində ölkəyə ümumilikdə 648 milyon 457 min dollar dəyərində 35 570 ədəd avtomobil idxal olunub. Bu isə o deməkdir ki, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11.7 faiz və ya 4 694 ədəd azalıb, dəyəri isə 6 faiz və ya 36.5 milyon dollar artıb Xatırladaq ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycana 611 milyon 967 min dollar dəyərində 40 264 ədəd avtomobil idxal edilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

15.06.2024 10:28
658