“D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatının yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövləti başçısı deyib: “Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı D-8 (Developing-8) 1996-cı ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında ticarət, iqtisadi əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əlaqələri gücləndirməkdir. Əsas üzvlər Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyədir. Azərbaycan D-8 təşkilatına 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş 11-ci D-8 zirvə toplantısında yekdilliklə üzv qəbul olunub. Bu, təşkilatın yaranmasından bəri ilk genişlənmədir.

Azərbaycan parlamenti ötən ilin martında D-8 Nizamnaməsinin ratifikasiyasını təsdiqləyən qanunu qəbul edib və Prezident İlham Əliyev bunu imzalayıb. Beləliklə, Azərbaycan tam hüquqlu 9-cu üzv ölkə statusunu alıb. Azərbaycan üçün D-8 üzvlüyü yeni iqtisadi və siyasi imkanlar açır Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən D-8 təşkilatına mümkün üzvlüyü ölkə üçün bir sıra mühüm üstünlüklər vəd edir. Ekspertlərin fikrincə, bu platforma Bakının həm iqtisadi, həm də diplomatik mövqelərinin güclənməsinə xidmət edə bilər.
D-8 üzvlüyü Azərbaycan üçün Türkiyə, Pakistan, İndoneziya, Malayziya, Banqladeş, İran, Misir və Nigeriya kimi böyük bazarlara çıxış imkanlarını genişləndirir. Bu isə ticarət dövriyyəsinin artması, ixrac potensialının genişlənməsi və yeni investisiya axınlarının cəlb olunması baxımından əhəmiyyətlidir.
Eyni zamanda təşkilat çərçivəsində sənaye, energetika, kənd təsərrüfatı, logistika və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin reallaşdırılması üçün geniş platforma formalaşa bilər. Siyasi müstəvidə isə D-8 üzvlüyü Azərbaycanın İslam dünyasında və inkişaf etməkdə olan ölkələr arasında nüfuzunun artmasına, Cənub–Cənub əməkdaşlığında daha aktiv rol oynamasına şərait yarada bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a açıqlamasında D-8-in artıq D-9-a çevrildiyini qeyd etdi: “Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın D-8 təşkilatına üzv olmasını bizə olan hörmətin əlaməti və bizim apardığımız müstəqil siyasətin nəticəsi olduğunu bildirdi. Həqiqətən Azərbaycan əhali, ərazi baxımından D-8 təşkilatına daxil ölkələrdən dəfələrlə balacadır. Həm də D-8 təşkilatı yaranandan sonra keçən 30 ildə özünə yeni üzv qəbul etməyib. Amma Azərbaycan burda istisna rolunu oynadı. D-8 artıq D-9-a çevrilmiş oldu. D-9-dan danışarkən ilk növbədə bu ölkələrin ümumi göstəricilərinə baxsaq, təşkilatın qlobal siyasətdə və iqtisadiyyatda rolunun nə qədər əhəmiyyətli olduğunu görərik. Belə ki, artıq bu təşkilat 9 ölkədən ibarət oldu. Təşkilata daxil ölkələrin ümumi əhalisi 1,3 milyard nəfərdir. Bu artan demoqrafiya olmaqla yanaşı dünya əhalisinin 17,3%-i deməkdir. Ümumi sahəsi 7,6 milyon km² olmaqla təbii resurslarla zəngindir. Ümumi nominal ÜDM isə 4 trilyon dollardan çoxdur. Ticarət dövriyyəsi isə 147 milyard dollara yaxındır. Təşkilata daxil ölkələr 2030-cu ilə qədər ticarət dövriyyəsini 500 milyard dollara çatdırılmasını hədəfləyib.

D-8-in əsas məqsədi üzv ölkələrin iqtisadi mövqelərini gücləndirmək, ticarət əlaqələrini şaxələndirmək və beynəlxalq səviyyədə qərar qəbuletmə mexanizmlərində daha aktiv iştirakını təmin etməkdir. Eyni zamanda təşkilat çərçivəsində sənaye, energetika, kənd təsərrüfatı, logistika və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin reallaşdırılması imkanları genişdir. Azərbaycanın gələcəyə baxışları D-8-in məqsədləri ilə üst-üstə düşür. Bu baxımdan D-8 təşkilatına üzvlüyümüz həm təşkilatın işinə müsbət impuls verəcək, həm də Azərbaycanın iqtisadi inkişafına yeni bir töhfəsi olacaqdır. D-9 Azərbaycan üçün böyük ixrac bazarlarıdır. Bu təşkilata üzvlüyümüzlə ölkəmizdə istehsal olunan çox çeşidli kimya sənayesi malları, kənd təsərrüfatı məhsulları və digər sənaye istehsalımızı ixrac etməyimiz üçün yeni imkanların açılması deməkdir. Digər tərəfdən yüksək texnologiyaların idxalı, həm də bərpaolunan enerji sektoru üzrə əməkdaşlığımız bu təşkilata üzv ölkələri üçün maraqlı olacaqdır. Çünki, son illərdə Azərbaycanın bu istiqamətdə mükəmməl təcrübəsi meydana gəlib. D-9 həm də siyasi güc deməkdir. Bir yerdə böyük bir təşkilatda təmsil olmağımız beynəlxalq arenalarda siyasi mövqelərimizin möhkəmlənməsinə, sözümüzün gücünün artmasına xidmət edəcəkdir”.
Cavanşir ABBASLI
Musavat.com