“Azərbaycan daha bir beynəlxalq uğura imza atdı. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 beynəlxalq diplomatiya, çoxtərəfli əməkdaşlıq və qlobal siyasi dialoq baxımından mühüm hadisəyə çevrildi”.
Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Nigar Məmmədova
Bakıda 17-22 may tarixlərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələrini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, 176 ölkədən 58 min iştirakçının qatıldığı forum indiyədək keçirilmiş ən böyük WUF sessiyası kimi tarixə düşdü:
“Bu göstərici Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı siyasi platformalardan birinə çevrildiyini təsdiqlədi. WUF13 bir daha göstərdi ki, Bakı bu gün beynəlxalq həmrəyliyin və strateji əməkdaşlığın əsas ünvanlarından biridir. COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan forum ölkənin təşkilati potensialını, təhlükəsizlik imkanlarını və yüksək səviyyəli idarəçilik bacarığını dünyaya nümayiş etdirdi. Forumun ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası oldu. Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən bu format şəhərsalma məsələlərinin həm də təhlükəsizlik, humanitar inkişaf və beynəlxalq əməkdaşlıq məsələləri ilə sıx bağlı olduğunu ortaya qoydu. Sessiyada 27 dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrin iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun açıq göstəricisi idi.
Xüsusilə diqqətçəkən məqamlardan biri forum iştirakçılarının Azərbaycanda yaradılan yüksək təşkilati şəraitə və qonaqpərvərliyə verdiyi yüksək qiymət oldu. Liderlər Bakının qlobal dialoq üçün əlverişli platformaya çevrildiyini xüsusi vurğuladılar. Bu isə Azərbaycanın yumşaq güc siyasətinin uğurlu nəticəsidir. Nazirlər görüşünün yekununda qəbul edilən “Sədrin xülasəsi” sənədi də Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini təsdiqlədi. Sənəddə Prezident İlham Əliyevin uzaqgörən liderliyinin xüsusi qeyd olunması, həmçinin gələcək WUF sessiyaları üçün “Bakı standartları” əsasında əməliyyat təlimatlarının hazırlanması təşəbbüsünün dəstəklənməsi təsadüfi deyil. Bu, Azərbaycanın artıq beynəlxalq tədbirlərin standartlarını müəyyən edən ölkələr sırasında yer aldığını göstərir”.
Nigar Məmmədova vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma siyasəti xüsusi maraq doğurdu:
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq iştirakçılar tərəfindən postmünaqişə dövrü üçün nümunəvi model kimi qiymətləndirildi. Azərbaycanın yalnız öz maliyyə və insan resursları hesabına urbisid, ekosid və kultursidə məruz qalmış şəhər və kəndləri qısa müddətdə yenidən qurması dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə bərpa təcrübəsinin beynəlxalq nümunə kimi göstərilməsi ölkəmizin bu sahədə qazandığı uğurların beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirdi. Forum çərçivəsində irəli sürülən yeni təşəbbüslər Azərbaycanın qlobal proseslərdə fəal rol oynadığını göstərdi. Bakı Şəhər Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması Azərbaycanın artıq təşəbbüs irəli sürən və beynəlxalq gündəliyə təsir edən dövlətə çevrildiyini təsdiqlədi. Bütün bunların fonunda demək olar ki, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Forum sübut etdi ki, Azərbaycan qlobal siyasi və humanitar dialoqun əsas mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib”.
Nigar Həsənli
Musavat.com