Şotlandiyanın ucqar bölgəsində yerləşən və üzərində yaşayış evi olan şəxsi ada hərraca çıxarılıb. Ada üçün müəyyən edilən başlanğıc qiymət Böyük Britaniyada orta ev qiymətindən daha aşağıdır.
Musavat.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Əgər sizin üçün “hər şeydən uzaqlaşmaq” telefonunuzu söndürmək, nəqliyyat səs-küyünü dəniz quşlarının nəğməsi ilə əvəz etmək və bütöv bir adaya sahib olmaq deməkdirsə, Şotlandiyanın şimal-qərb sahillərində yerləşən bu ada unikal fürsət təqdim edir.
Söhbət Summer Ayls arxipelaqında yerləşən, 36 hektar ərazini əhatə edən Mallaqra adasından gedir. Ada 350 min funt-sterlinq (təxminən 405 min avro) başlanğıc qiyməti ilə hərraca çıxarılacaq. Bu məbləğ Böyük Britaniyanın bir çox bölgəsində mənzil qiymətlərindən aşağı hesab olunur.

Günəş enerjisi ilə işləyən kiçik ev, möhtəşəm qayalar və zəngin canlı aləmi ilə seçilən ada təbiətin qoynunda təklik axtaranlar üçün ideal sığınacaq hesab edilir. Hərrac iyunun 9-da daşınmaz əmlak şirkəti Savills tərəfindən keçiriləcək.
Mallaqra sadəcə ucqar bir məkan deyil, hətta Şotlandiyanın ən əlçatmaz ərazilərindən biri sayılır. Ada Summer Ayls arxipelaqının ən şimal hissəsində yerləşir və turistlərin böyük əksəriyyəti üçün demək olar ki, naməlum olaraq qalır.
Buraya yalnız materikdə yerləşən Ullapul və ya Old-Dorni yaşayış məntəqələrindən qayıqla, yaxud kifayət qədər büdcə olduğu təqdirdə helikopterlə çatmaq mümkündür.
Adanın təbiəti o qədər unikaldır ki, ərazi Şotlandiyanın ilk UNESCO geoparkının tərkib hissəsinə daxildir.
Mallaqrada qumlu sahillər, qayalar, mağaralar və kiçik körfəzlər mövcuddur. Yaz və yay aylarında ada otlar və çöl çiçəkləri ilə örtülür. Ətraf sularda suitilər, delfinlər, su samurları və boz qazlar müşahidə olunur. Bəxti gətirənlər nadir minke balinalarını da görə bilərlər.

Dəyişkən Şotlandiya havası açıq havada qalmağa imkan vermədikdə isə adada yaşayış üçün tam hazır ev mövcuddur. Kiçik ölçülü olmasına baxmayaraq, taxtadan tikilmiş və damı hezer bitkisi ilə örtülmüş ev döşəmədən tavana qədər uzanan panoram pəncərələrə malikdir. Bu pəncərələrdən adanın valehedici mənzərəsi açılır.
Evin daxilində mətbəx və yemək sahəsi, iki kompakt yataq yeri, odun sobası və elektrik enerjisi təmin edən günəş panelləri var. Həyətdə isə kompost tipli tualet quraşdırılıb. Bundan əlavə, yağış suyunun toplanması sistemi də mövcuddur. Lakin içməli su adaya ayrıca gətirilməlidir.
Savills şirkətinin məlumatına görə, ev bütün əşyaları ilə birlikdə satılır və həm qısamüddətli, həm də uzunmüddətli yaşayış üçün tam hazır vəziyyətdədir.
Xatırladaq ki, daha əvvəl Şotlandiyada 9,7 hektar sahəsi olan Harbor-Aylend adlı digər şəxsi ada da satışa çıxarılmışdı. Adanın sahibləri Riçard Steyn və Salli Louell ərazini 2017-ci ildə 650 min funt-sterlinqə alaraq burada arzu etdikləri evi tikmiş, daha sonra isə 1,25 milyon funt-sterlinqə satışa çıxarmışdılar.
Harbor-Aylend Krinan kəndindən cəmi 300 metr məsafədə yerləşir və materikə qayıqla bir neçə dəqiqəyə çatmaq mümkündür. Adada üç yataq otaqlı, əsaslı təmir edilmiş yaşayış evi yerləşir. Ev su təchizatı, elektrik enerjisi və digər bütün zəruri kommunal xidmətlərlə təmin olunub.
Müqayisə üçün qeyd edək ki, bu gün Bakının bəzi ərazilərində adi 2 otaqlı mənzilin qiyməti 500 min manata və daha baha qiymətə satışa çıxarılır. Şotlandiyada satışa qoyulan bütöv bir adanın qiyməti isə Bakının mərkəzindəki bir çox mənzillərin qiymətindən ucuz başa gəlir.
İqbal RZAYEV,
Musavat.com