ABŞ-nin “Atlantic Council” beyin mərkəzindən sensasion iddialar
ABŞ, Azərbaycan və Ermənistan arasında yeni siyasi formatda mümkün “böyük sövdələşmə”nin müzakirə olunduğu iddiaları erməni mediasında gündəmi zəbt edib.
Musavat.com xəbər verir bu barədə “Joqovurd” qəzeti yazır.
Məlumata görə, müzakirələrin mərkəzində Bakıda həbsdə olan erməni separatçıların İrəvana təhvil verilməsi məsələsi dayanır. İddialara əsasən, bu addım qarşılığında ABŞ-ın Azərbaycana tətbiq etdiyi bəzi məhdudiyyətlərin, xüsusilə “Azadlığa Dəstək Aktı”na daxil olan 907-ci düzəlişin yumşaldılması və ya ləğvi gündəmə gələ bilər.

O da bildirilir ki, Amerikanın beyin mərkəzi olan “Atlantic Council” bu cür ssenariləri araşdıran məqalə dərc edib. Məqalədə deyilir ki, guya “Paşinyana seçkidə Rusiyapərəst rəqibləri üzərində üstünlük vermək üçün Bakıda saxlanılan erməniləri azad etməkdən daha yaxşı yol ola bilməz”.
Müəlliflərin fikrincə, Azərbaycan xoşməramlılıq jesti olaraq bəzi erməniləri həbsdən azad edə bilər. “Bundan sonra Vaşinqton və Bakı həbsdə qalan erməni əsirlərinin azad edilməsi müqabilində “907-ci düzəliş”in ləğvi barədə razılığa gəlməlidirlər. Ağ Ev də öz növbəsində “907-ci düzəlişi” ləğvini təmin etmək üçün Konqreslə birlikdə çalışa bilər.
Müəlliflərə görə, bu razılaşma bütün tərəflərə fayda verir. Məsələn, erməni dustaqların azad edilməsi ABŞ-dakı nüfuzlu erməni diasporunun Ağ Evdən narazılığını azalda bilər. Analitiklər hesab edir ki, bu cür razılaşma hər üç tərəf üçün müəyyən siyasi dividentlər vəd edir. Ermənistan üçün bu, daxili siyasi sabitliyin gücləndirilməsi və hakimiyyətin mövqeyinin möhkəmlənməsi anlamına gələ bilər. ABŞ üçün regionda təsirin artırılması və yeni geosiyasi balansın qurulması ön plana çıxır.

Azərbaycan baxımından isə məsələ daha həssasdır. Belə ki, rəsmi Bakı üçün suverenlik, hüquqi prosedurlar və milli maraqlar əsas prioritet olaraq qalır. Müşahidəçilər qeyd edir ki, hazırda bu məsələ daha çox analitik müzakirələr səviyyəsində olsa da, son siyasi siqnallar bu ideyanın real diplomatik prosesə çevrilə biləcəyini istisna etmir.
“Atlantic Council” ssenarisi ABŞ-Azərbaycan münasibətlərinin həqiqətən də artdığı bu günlərdə maraqlı görünə bilər, amma realist qiymətləndirmə lazımdır.
Əvvəla, “907-ci düzəliş”in ləğvi ABŞ Konqresi səviyyəsində qəbul olunur və onun ləğvi üçün zaman və ciddi siyasi iradə lazımdır. Yəni Ağ Ev rəhbərliyi təkbaşına bunu həll edə bilməz.
Nikol Paşinyan üçün belə bir razılaşma daxili siyasətdə ciddi üstünlük verə bilər, amma erməni separatçıları mövzusu Azərbaycan üçün prinsipial məsələdir. Sadəcə xarici təzyiq və ya güzəşt müqabilində Bakının belə addım atılması həm hüquqi, həm də siyasi baxımdan ən azı indilikdə real görünür.
Musavat.com