Bakı-Təl-Əviv xəttində İLGINC gəlişmə - İmzalanan o ANLAŞMA...

Xəbər verildiyi kimi, fevralın 3-də İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair saziş imzalanıb. İmzalanma mərasimi İsrailin baş naziri Benjamin Netanyahunun iştirakı ilə baş tutub.

Sazişin imzalanması mərasimində çıxış edən Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırıb. Eyni zamanda, Netanyahu Azərbaycan Prezidentini İsrailə dəvət edib.

Bağlanan bu saziş iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Heç şübhəsiz ki, strateji tərəfdaşlıq çərçivəsində baş tutan bu addım təkcə texnoloji əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda Bakı–Təl-Əviv xəttində siyasi etimadın və qarşılıqlı maraqların daha da möhkəmləndiyini göstərir. Netanyahunun birbaşa iştirakı ilə keçirilən mərasimdə onun İlham Əliyevə ünvanladığı səmimi mesajlar bu əməkdaşlığın ən yüksək səviyyədə dəstəkləndiyinin açıq ifadəsi kimi diqqət çəkir.

"Azərbaycan-İsrail münasibətlərində siyasi və texnoloji əməkdaşlıq yeni mərhələyə yüksəlir. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində balanslı və çoxşaxəli siyasəti ilə fərqlənir və müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurur. Bu baxımdan, ikitərəfli əlaqələr də sürətlə inkişaf edir. Ölkələrimiz arasında sıx və etibarlı əməkdaşlıq mövcuddur".

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a açıqlamasında bildirib.

Kamran Bayramov: Bayrağımız - milli vəhdətimizin rəmzidir

K.Bayramov qeyd edib ki, son illər Azərbaycan və İsrail arasında formalaşmış strateji tərəfdaşlıq yalnız siyasi və təhlükəsizlik sahələri ilə məhdudlaşmır, eyni zamanda, innovasiya və yüksək texnologiyalar istiqamətində də yeni məzmun qazanır. Bu baxımdan tərəflər arasında gələcəyə yönəlmiş əməkdaşlıq formatlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu əməkdaşlığın məntiqi davamı olaraq, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın yeni və mühüm mərhələsi kimi qiymətləndirilən süni intellekt (AI) sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sözügedən saziş qabaqcıl texnologiyaların tətbiqi, elmi-tədqiqat mübadiləsinin genişləndirilməsi, innovativ həllərin dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi baxımından mühüm imkanlar yaradır. Bu razılaşma iki ölkə arasında etimada əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində uzunmüddətli strateji hədəflərin reallaşdırılmasına töhfə verəcək. Eyni zamanda, AI sahəsində birgə əməkdaşlıq regionda innovasiya ekosisteminin formalaşmasına və Azərbaycanın yüksək texnologiyalar sahəsində mövqelərinin möhkəmlənməsinə mühüm stimul kimi dəyərləndirilir".

Deputat həmçinin qeyd edib ki, İki ölkə arasında innovasiya və rəqəmsal inkişaf istiqamətində atılan addımlar qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da dərinləşdiyini göstərir: "Sözügedən razılaşma Azərbaycan-İsrail münasibətlərinin strateji xarakterini bir daha təsdiqləməklə yanaşı, gələcəkdə texnoloji əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. İmzalanma mərasımındə İsrailin baş naziri Benjamin Netanyahu Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğulayaraq, qarşılıqlı siyasi dialoqun və etimada əsaslanan tərəfdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib. O, iki ölkə liderləri arasında formalaşmış səmimi münasibətlərin Azərbaycan-İsrail əlaqələrinin inkişafında mühüm rol oynadığını və qarşılıqlı əməkdaşlığın gələcəkdə də gücləndirilməsinə zəmin yaratdığını qeyd edib.Baş nazir bildirib: “Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Prezidentə deyə bilərsiniz ki, biz həmişə “gələn il Yerusəlimdə” deyirik. İndi isə “Bu il Yerusəlimdə” olsun. O, çox səmimi və isti qarşılanacaq”. Netanyahunun bu dəvəti Azərbaycan-İsrail münasibətlərinin strateji və dostluq xarakterini nümayiş etdirməklə yanaşı, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanların mövcud olduğunu göstərir".

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin beynəlxalq arenada yüksək nüfuzu və müxtəlif ölkələr tərəfindən tanınması, etimad göstərilməsi təsadüfi deyil. Prezidentin qətiyyətli, eyni zamanda praqmatik mövqeyi regional və qlobal səviyyədə etibarlı tərəfdaş imicinin formalaşmasına mühüm töhfə verib. Bu nüfuzun əsas səbəblərindən biri Azərbaycanın balanslı və müstəqil xarici siyasət kursudur. Məhz bu balanslı siyasətin nəticəsidir ki, Azərbaycan həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitliyə töhfə verən dövlət kimi qəbul olunur. Bütün bunlar bir daha göstərir ki, Cənab Prezidentin rəhbərliyi ilə yürüdülən uzaqgörən və düşünülmüş siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin söz sahibi olmasına və qlobal proseslərdə fəal rol oynamasına geniş imkanlar yaradır".

Cavanşir ABBASLI
Musavat.com

04.02.2026 19:20
1000