Ekspert deyir ki, Rusiya Azərbaycanın enerji layihələrinə hansısa formada maneə törətmək və ya bu prosesə təsir göstərmək gücündə və imkanında deyil
Britaniya şirkəti BP tezliklə Xəzər dənizinin Azərbaycan sahilindəki "Babək" yatağında genişmiqyaslı təbii qaz hasilatı layihəsinin operatoru ola bilər. Dövlət neft şirkəti SOCAR və BP-nin dərinsulu yataq üçün rəsmi müqavilə imzalaması gözlənilir". “Yeni Musavat” xəbər verir ki, bu barədə “Svobodnaya Pressa”yazıb. Bildirilir ki, ilkin hesablamalara görə, yataqda təxminən 400 milyard kubmetr təbii qaz və təxminən 80 milyon ton qaz kondensatı ehtiyatı var. SOCAR yataqla bağlı bütün lazımi sənədləşmə işləri başa çatdıqdan sonra onu BP-nin idarəçiliyinə verəcək.
Nəşrə danışan beynəlxalq iqtisadçı Yuri Qoroxov hesab edir ki, “Babək” yüksək riskli və kapital tələb edən dərinsulu layihədir. "Onun işlənməsi müasir texnologiya, milyardlarla dollarlıq investisiyalar və təcrübə tələb edir və BP-nin dərinsulu işlənmə sahəsində daha böyük təcrübəsi var. Avropa Rusiya qazına alternativ axtarır və Azərbaycanın resursları olduqca əhəmiyyətli görünür. BP-nin mövcudluğu Avropa alıcıları və maliyyə qurumları üçün siyasi sığorta siyasəti kimi xidmət edir. BP-nin investisiyaları qazın Cənub Qaz Dəhlizi vasitəsilə Qərb bazarlarına çatacağına zəmanət verə bilər".
Ekspert hesab edir ki, Azərbaycanın BP-yə öz şelfinə giriş imkanı verdiyi və BP-nin Orta Asiyadakı böyük layihələrdə iştirakını asanlaşdırdığı bir sistem qurulur. Sırf hipotetik olsa da, maraqlı bir “mübadilə” ortaya çıxır.
BP olmadan “Babək” SOCAR-ın balans hesabatında çətin bərpa olunan aktiv olaraq qalardı. BP ilə isə Azərbaycan qazının mayeləşdirilməsi və terminal elektrikləşdirilməsi, eləcə də Britaniya brendinin çətiri altında Avropa bazarına çıxış daxil olmaqla uzunmüddətli qaz sənayesinin inkişafı proqramı əldə edir.
Operatorluqdan imtina etməklə, Azərbaycan səhmdar kapitalını saxlayır, çünki SOCAR-dakı payı əhəmiyyətli dərəcədə qalacaq və Avropaya əlavə təchizatçı statusu alacaq. Bu, kapital, texnologiya və geosiyasi perspektivlər üçün resursların mübadiləsi üçün yaxşı bir razılaşmadır, baxmayaraq ki, tamamilə risksiz və nəticələrsiz deyil".
Ekspert iddia edib ki, sazişin konkret maliyyə detalları və buna görə də Azərbaycan üçün faydalar hələ tam aydın deyil. İqtisadçının iddiasına görə, operatorluğun xarici şirkətə verilməsi Böyük Britaniyanın siyasi iradəsindən asılılıq yaradır. “BP-nin prioritetləri dəyişərsə, layihə dayana bilər. Axı bu gün Azərbaycan qazının Rusiya qazına alternativ kimi rolu vacibdir. Lakin Avropanın enerji siyasəti bərpa olunan enerji mənbələrinə sürətləndirilmiş keçidə doğru dəyişə bilər. Avropada qaza tələbat 10-15 il ərzində kəskin şəkildə azalarsa, Babəkə investisiyaların aqibətinin nə olacağı aydın deyil. "Babək" layihəsi pul qazanmaq üçün deyil, uzunmüddətli strateji hədəfdir".
Azərbaycanın enerji sektorunda BP ilə əməkdaşlığına dair Rusiya nəşrində dərc olunan material ilk baxışdan balanslı və texniki analiz təsiri bağışlasa da, mətnin dərin qatlarında fərqli geosiyasi mesajlar sezilir. Bu yazı təkcə iqtisadi riskləri deyil, həm də Azərbaycanın strateji istiqamətinə dair dolayısı ilə xəbərdarlıq elementlərini ehtiva edir.
Yeri gəlmişkən, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova iyunun 2-də Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib ki, SOCAR Xəzərin cənub hissəsində “Babək”, “Naxçıvan” və “Zəfər” yataqlarını prioritet istiqamət kimi müəyyən edib. Onun sözlərinə görə, SOCAR Cənubi Xəzərdə yerləşən iri qaz-kondensat strukturlarında kəşfiyyat fəaliyyətlərini davam etdirir: “Əsas diqqət dərinsulu ərazilərdə yerləşən "Babək", “Naxçıvan”, “Zəfər-Məşəl”, “Şəfəq-Asiman” və “Aşağı Suraxanı” strukturlarına yönəlib. Bu istiqamətlər gələcəkdə Azərbaycanın qaz ehtiyat bazasının genişləndirilməsi baxımından mühüm rol oynaya bilər".

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Rusiyanın uzun illərdir, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən Qərblə həyata keçirdiyi enerji layihələrinə maneçilik yaratmaq cəhdləri anlaşılan və görünən olub. Hətta "Əsrin müqaviləsi", mərhum prezident Heydər Əliyevin iradəsi və siyasi çəkisi olmasaydı, bəlkə də imzalana bilməzdi. Amma hazırda elə bir şərait yaranıb ki, Rusiyanın Azərbaycanın enerji layihələrinə hər hansı formada müdaxilə etməsi və ya təsir göstərməsi faktiki olaraq mümkünsüz hala gəlib. Azərbaycan enerjidaşıyıcıları baxımından kifayət qədər güclü mövqeyə malikdir və çox böyük layihələrdə beynəlxalq tərəfdaşlarla birgə iştirak edir. İstər BP olsun, TOTAL olsun, AMOCO olsun - böyük şirkətlər Azərbaycanda kifayət qədər uğurla fəaliyyət göstərirlər. Ona görə də Rusiya tərəfindən səslənən hansısa analitik yanaşmalara ciddi əhəmiyyət verməyə ehtiyac görülmür".
İqtisadçının sözlərinə görə, Azərbaycanın BP və digər şirkətlərlə əməkdaşlığı da getdikcə genişlənir və bu proses davam edəcək: “Çünki ehtiyatları çox böyük olmasa da, perspektivli yataqlar mövcuddur və onların işlənilməsində Amerika, Britaniya, Fransa və Türkiyə şirkətləri aktiv rol oynayırlar. Tədricən bu layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Yəni 2027, 2028 və 2029-cu illərdə yeni qaz yataqlarının istismara verilməsi və Azərbaycandan Avropaya nəql olunan qazın həcminin artması gözlənilir. Yəni bu gün Rusiya Azərbaycanın enerji layihələrinə hansısa formada maneçilik törətmək və ya bu prosesə təsir göstərmək gücündə və imkanında deyil”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”