SOCAR-ın “Azərkimya” İstehsalat Birliyində hazırda istehsal gücünün artırılması ilə bağlı yeni layihə planlaşdırılmır. Bunun əvəzində müəssisədə modernizasiya və yenidənqurma işləri aparılır.
Musavat.com xəbər verir ki, bunu “Azərkimya” İB-nin Proseslər üzrə direktoru Samir Səlimli media-tur zamanı deyib.
Onun sözlərinə görə, müəssisənin əsas məhsulları etilen və propilendir. İllik istehsal gücü etilen üzrə 190 min ton, propilen üzrə isə 187 min tondur. Bundan əlavə, hidrogen, butilen-butadien fraksiyası və digər yan məhsullar istehsal olunur.
Samir Səlimli bildirib ki, aşağı sıxlıqlı yüksək təzyiqli polietilen 1800-2500 bar təzyiq altında istehsal edilir. Daxili tələbat ödənildikdən sonra məhsul Türkiyə və Avropa ölkələri də daxil olmaqla xarici bazarlara ixrac olunur.
Direktor hidrogenin həm “Azərkimya”, həm də “SOCAR Polymer”də istifadə edildiyini qeyd edib. “Azərkimya”da hidrogen selektiv hidrogenləşmə reaktorlarında tətbiq olunur.
İxrac bazarlarına toxunan S.Səlimli məhsulların Türkiyə, Çin, Avropa ölkələri və Estoniyaya göndərildiyini bildirib.
O qeyd edib ki, 2016-2021-ci illərdə həyata keçirilən layihə nəticəsində etilen üzrə məhsuldarlıq 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. Hazırda isə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini nəzərdə tutan modernizasiya layihəsi həyata keçirilir.
“Layihənin mühəndislik fazası 95 faiz tamamlanıb. Növbəti ildən etibarən sahə işlərinə start veriləcək. Hazırda məhsuldarlığın artırılması ilə bağlı hər hansı layihəmiz yoxdur”, - deyə Samir Səlimli bildirib.
Şahanə Rəhimli
Musavat.com