Azərbaycanla Mərkəzi Asiya ölkələri yeni mərhələyə keçir-TƏHLİL

"Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki qardaş ölkənin qarşılıqlı münasibətlər tarixində ən önəmli hadisələrdən biri kimi qiymətləndirilə bilər. Tarixdən qaynaqlanan ortaq dilə, mədəniyyətə və soya söykənən münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi təkcə Azərbaycan–Qırğızıstan münasibətlərinə deyil, eyni zamanda, Türk dünyası çərçivəsində inteqrasiya prosesinin daha da sürətlənməsinə böyük töhfə verəcək".

Picture backgroundBu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. Millət vəkili qeyd edib ki, iki ölkə arasında faktiki olaraq dövlət həyatının bütün istiqamətləri üzrə sənədlər imzalanıb. Onun sözlərinə görə, bu sənədlər Azərbaycanla Qırğızıstanı daha da yaxınlaşdıracaq, iqtisadi əlaqələri, humanitar sahədəki münasibətləri inkişaf etdirəcək mühüm sazişlərdir:"Xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək razılaşmaları qeyd etmək lazımdır. Çünki həm Azərbaycan, həm də Qırğızıstan tarixi İpək Yolunun üzərində yerləşən, çox önəmli geostrateji mövqeyə malik dövlətlərdir və hər iki dövlətin qarşılıqlı iqtisadi əlaqələrinin, nəqliyyat-logistika sahəsindəki əməkdaşlığının genişləndirilməsi həm Türk dövlətləri çərçivəsində nəqliyyat-logistika sahəsindəki əlaqələrin inkişafı baxımından əhəmiyyətə malikdir, həm də bu, təbii ki, öz növbəsində, Orta Dəhlizin potensialının və imkanlarının daha da genişləndirilməsinə xidmət edəcək".

Elçin Mirzəbəyli digər istiqamətlərdə əldə olunan razılaşmaların da Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. Deputat nadir metalların emalı, təhsil, mədəniyyət və digər sahələrdə əldə olunan razılaşmaları, həmçinin qarşılıqlı investisiyaların təşviqi ilə bağlı imzalanan sənədləri xüsusi qeyd edib:"Bunlar Azərbaycan–Qırğızıstan münasibətlərinin iqtisadi bünövrəsinin, təməlinin daha da möhkəmləndirilməsinə xidmət edən faktorlardan biridir.
Məlum olduğu kimi, müasir dünyada mühüm əhəmiyyət kəsb edən və dövlətlərin suveren inkişafı üçün müstəsna önəm daşıyan məqamlardan biri və birincisi enerji və nəqliyyat-logistika sahəsində təhlükəsizliyin təmin olunmasıdır. Eyni zamanda, maliyyə institutlarının tənzimlənməsi ilə bağlı atılan addımları da bu kontekstdə qiymətləndirmək lazımdır".

Deputat  səfərin ən önəmli məqamlarından biri də bu Mərkəzi Asiya–Azərbaycan formatının toplantısının, zirvəsinin keçirilməsi olduğunu qeyd edib: "Bəlli olduğu kimi, Azərbaycan ilk dəfə idi ki, bu toplantıda tamhüquqlu üzv kimi iştirak edirdi. Bu da, şübhəsiz ki, səfərin tarixi əhəmiyyətini artıran məqamlardan biri kimi qiymətləndirilməlidir. Müasir dünyada artıq region anlayışı özünün klassik nəzəriyyələr kontekstindən çıxaraq tamamilə yeni bir məzmun, yeni bir anlam qazanıb və bu baxımdan, Azərbaycanın da tamhüquqlu üzv kimi qatıldığı bu format, əslində, Mərkəzi Asiyanın sərhədlərinin təkcə Xəzər sahillərinə qədər deyil, Cənubi Qafqaza qədər uzandığını, bütövləşdiyini sübuta yetirir. Burada ən önəmli məqamlardan biri vahid mədəniyyət coğrafiyasının formalaşmasıdır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə olan tarixi bağlılıqları yeni bir mədəniyyət məkanının formalaşmasına, daha doğrusu, bütövləşməsinə zəmin yaradan faktor kimi də qiymətləndirilə bilər. Bütövlükdə, səfər çox uğurlu bir səfərdir və hesab edirəm ki, bu, həm Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan və Cənubi Qafqazın bütövlükdə əlaqələrinin genişlənməsində, həm də ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayacaq".

Xalidə Gəray
Musavat.com

01.08.2026 12:09
724