“Azərbaycan İtaliyanın enerji sektoru üzrə əsas təminatçıları arasında ikinci mövqedə dayanır. Təkcə 2025-ci ildə təxminən 10 milyard kubmetr qaz ixrac olunub. Eyni zamanda, neft tədarükü üzrə də Azərbaycan ikinci yerdə qərarlaşıb.
Trans -Adriatik boru kəməri vasitəsilə də ümumilikdə 50 milyard kubmetrə yaxın Azərbaycan qazı İtaliyaya nəql edilib. Yəni Azərbaycan və İtaliya arasında ticarət münasibətlərinin kökündə enerji sektoru əsas rol oynayır və bu, birmənalıdır”.
Bu sözləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı qeyd edib ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində hər 100 dolların təxminən 24 dolları İtaliyanın payına düşür, ixracında isə hər 100 dollarlıq daxilolmanın 45 dolları İtaliyaya yönəlir ki, bu da çox böyük paydır: “O ki qaldı Azərbaycanın xarici ticarətində İtaliyanın niyə lider mövqedə olmasına, bunun bir neçə səbəbi var. Düşünürəm ki, bu səbəblər arasında iki amil daha çox rol oynayır. Birincisi, İtaliyanın coğrafi-logistik üstünlüyüdür, ikinci səbəb isə İtaliyanın Avropa İttifaqı daxilindəki mövqeyidir. Bu iki üstünlük əsas rol oynayır”.
Onun sözlərinə görə, İtaliyanın enerji təhlükəsizliyinə olan ehtiyac faktoru, Azərbaycanın ixrac strukturunun xüsusiyyətləri və digər amillər də İtaliyanı Avropada Azərbaycanın əsas enerji tərəfdaşına çevirib: “Halbuki Azərbaycanın enerji resurslarına başqa ölkələrin də ehtiyacı var və həmin ölkələr İtaliyanın yerləşdiyi regionda da mövcuddur. Lakin İtaliyanın lider mövqeyi iki əsas faktorun kəsişməsindən qaynaqlanır: coğrafi mövqe və Azərbaycanla olan həm siyasi münasibətlər, həm də Avropa İttifaqında güclü mövqeyi. Bu iki faktor İtaliyanın uzun illərdir lider ticarət tərəfdaşı kimi formalaşmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq 20 ilə yaxındır Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşı olaraq qalır. Rusiya, Çin və Türkiyə isə vaxtaşırı olaraq bu sıralamada mövqelərini dəyişsə də, İtaliya uzun müddətdir ki, sabit liderliyini qoruyur”.
E.Əmirovun fikrincə, İtaliya ilə yüksək ticarət dövriyyəsinin Azərbaycan iqtisadiyyatı üçün yaratdığı üstünlüklərə gəldikdə, valyuta daxilolmaları baxımından Azərbaycan üçün məhsulun hansı ölkəyə satılması prinsipial fərq yaratmır: “Lakin məsələ ondadır ki, İtaliya Avropada yüksək reputasiyaya malik, G7 üzvü olan ölkədir və belə bir dövlətin Azərbaycanın əsas ticarət tərəfdaşı olması bütövlükdə Avropa investorları üçün Azərbaycanı etibarlı tərəfdaş kimi göstərir. Eyni zamanda, İtaliyanın Avropanın digər ölkələri ilə geniş iqtisadi əlaqələri Azərbaycanın enerji resurslarının digər istiqamətlərə də şaxələnməsi üçün imkan yaradır. Bu isə valyuta daxilolmalarında sabitlik deməkdir. Sabitlik faktoru çox önəmlidir və Azərbaycan üçün İtaliya ilə münasibətlər bu baxımdan sabit və davamlı gəlir axını təmin edir”.
İqtisadçı bildirib ki, bu gün ölkədə böyük elektrik stansiyalarının inşasında İtaliya şirkətlərinin iştirakı müşahidə olunur: “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə də onların fəaliyyəti görünür. İtaliya texnologiyalarının Azərbaycanın istehsal bazarına daxil olması da artmaqdadır. Qarşıdakı dövrlərdə ölkələr arasında birgə investisiya fondlarının yaradılması, tikinti materiallarının istehsalı, aqrar emal müəssisələrinin qurulması, birgə sənaye parklarının yaradılması və digər sahələrdə əməkdaşlığın genişlənməsi mümkündür”.
Xalidə Gəray
Musavat.com