"Sülh Qalxanı – 2026" təlimi fevralın 2-3-də Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Təlimi Azərbaycan prezidenti İlham Əliyev və BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan izləyiblər. Hesab olunur ki, Azərbaycan artıq yalnız Avropa və türk dövlətləri ilə deyil, eyni zamanda, Yaxın Şərqin aparıcı gücləri ilə də strateji tərəfdaşlıq münasibətləri qurur. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin dinamik inkişafı xüsusi diqqət çəkir.
Bakı müharibə, döyüş təcrübəsi olmayan BƏƏ ordusu ilə təlimləri niyə keçirir?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan Silahlı Qüvvələri böyük təcrübəyə malik, müasir dövr döyüş təcrübəsi olan nadir ordulardandır:
“Faktiki olaraq, dünyada hazırda yeganə qalib ordu Azərbaycan ordusudur ki, qarşısına qoyduğu əsas məqsədə-ərazilərin işğaldan azda olunması hədəfinə nail olub. Dünyada Azərbaycan ordusundan güclü orduya malik dövlətlər təbii ki, var. Amma həmin dövlətlərin güclü ordusunun döyüş təcrübəsi yoxdur. Azərbaycan ordusunun isə çox möhtəşəm, hətta dünyanı heyrətə gətirən döyüş təcrübəsi var. 2020-ci ildən dünyada Azərbaycan ordusuna dünyada müasir döyüş təcrübəsinə malik güclü ordu olaraq yanaşırlar. Bir çox dövlətlər belə bir ordu ilə öz ordularının birgə təlimlərində maraqlıdırlar, buna nail olmağa çalışırlar”.

Onun sözlərinə görə. Azərbaycan ordusunun döyüş təcrübəsini öyrənmək istəyən çoxlu sayda dövlətlər var:
“Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Sülh Qalxanı – 2026" təlimi də bu baxımdan təsadüfi deyil. Həmin regionda gərginlik mövcuddur, Birləşmiş Ərəb Əmirliklərinə qonşu dövlətlərin ətrafında, Yaxın Şərqdə gərginliklər artır, Fars körfəzində də get-gedə hərbi hərəkətlilik müşahidə olunur. Bu vəziyyət BƏƏ ordusunun döyüş təcrübəsi olan ordu ilə birgə təlimlərini zəruri edir. Bu baxımdan, birgə təlimlər bizdən daha çox BƏƏ ordusuna lazımdır. Şübhəsiz ki, hər bir təlimdən yeni nələrsə öyrənilir. Azərbaycan hərbçilərininin də "Sülh Qalxanı – 2026" təlimindən öyrəndiklərinin olduğu şübhəsizdir. Təbii ki, BƏƏ ordusunun döyüş təcrübəsi olan Azərbaycan ordusundan döyüş təcrübəsi baxımından öyrənəcəyi daha çox şey var”.
Ekspert hesab edir ki, gələcəkdə BƏƏ ilə birgə hərbi təlimlərin sistemli xarakter alması mümkündür.
Etibar Seyidağa,
Musavat.com