Azərbaycanda kripto dövrü- nələr dəyişəcək?

Kriptovalyuta bazarındakı rekord artım Azərbaycanda həm fərdi, həm də korporativ investorların diqqətini növbəti dəfə bu sahəyə yönəldib. “Crypto Consulting MMC”nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Musavat.com-a müsahibəsində kriptovalyutalara marağın səbəblərini, riskləri, tənzimləmə perspektivlərini, vergitutma mexanizmlərinin gələcəyini, kriptovalyutalara artan siyasi loyal münasibətin Azərbaycanın rəqəmsal maliyyə mənzərəsinə təsirlərini və s. məsələləri ətraflı şərh edib.

-Azərbaycanda kriptovalyutalara investisiya edənlərin sayında artımın əsas səbəbi nədir?

-Kriptovalyuta bazarında son 2 il ərzində qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib. ABŞ-də “bitcoin-ETF”in (Exchange Traded Funds) təsdiq edilməsi prosesləri, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, Donald Tramp Administrasiyasının kriptovalyutalara loyal münasibəti və s. digər qlobal faktorlar ilk kriptovalyuta olan bitkoinin 120 min dollara qədər dəyər qazanmasını təmin etdi. Bununla bərabər, bitcoinin kəskin dəyər qazanması insanları kriptovalyutalara investisiya etməyə motivasiya edib. Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb. Hazırda ölkəmizdə bitcoin ilə paralel ethereum, solana, ton, ripple, dogecoin və s. kimi altkoinlərə investisiya edənlər də az deyil. Lakin bu, sadəcə həvəskar investor səviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmləri yoxdur.

-Bitkoinin qiymətindəki kəskin artımlar Azərbaycan investorları üçün hansı riskləri yaradır?

-Birincisi, volatillik riski ön plandadır. Bitcoinin qiyməti sürətlə yüksəldiyi kimi, eyni templə də enə bilər. Bu səbəbdən yüksək qiymət dalğalanmaları investorların qısa müddətdə ciddi itkilərlə üzləşməsinə yol aça bilər. İkincisi, emosional qərarların riski mövcuddur. Qiymət artımı fonunda çoxları “qazancı qaçırma qorxusu” (FOMO) ilə bazara tələsik daxil olur. Lakin bu zaman düzgün analiz edilməmiş qərarlar ciddi maliyyə zərərlərinə gətirib çıxara bilər. Üçüncüsü, Azərbaycanda kriptovalyutaların tənzimlənmə çərçivəsinin olmaması əlavə risk yaradır. İnvestorlar hüquqi təminat olmadan fəaliyyət göstərdikləri üçün bazarda baş verən kiberhücum, fırıldaqçılıq və ya texniki problemlər kimi hallarda vəsaiti qorumaq çətindir.

-Bu qiymət dalğalanmaları ölkəmizdə rəsmi olaraq kriptovalyutanın tənzimlənməsinə necə təsir göstərir?

-Bitcoin və digər kriptovalyutaların qiymətində baş verən kəskin dalğalanmalar təkcə investorların psixologiyasına deyil, həm də Azərbaycanda bu bazarın gələcək tənzimlənməsi prosesinə birbaşa təsir göstərir. Birincisi, bu dalğalanmalar hökumət və maliyyə qurumlarının diqqətini artırır. Çünki qiymət dəyişkənliyi investorların böyük risklərlə üzləşdiyini göstərir və bu da dövlətin istehlakçıların hüquqlarını qorumaq üçün addımlar atmasına stimul verir.

İkincisi, qiymət enişləri və artımları fonunda ictimai maraq yüksəldikcə, bazarda qeyri-rəsmi fəaliyyətlər çoxalır. Bu isə vergi, maliyyə şəffaflığı və pul yuyulması riskləri ilə bağlı narahatlıqları gücləndirir və dövlət qurumlarını hüquqi mexanizmləri sürətləndirməyə vadar edir. Üçüncüsü, kəskin dalğalanmalar maliyyə sabitliyi ilə bağlı risklər doğurur. Hərçənd, Azərbaycan bank sistemi hələ kripto ilə birbaşa inteqrasiya olunmayıb, lakin investorların kütləvi itkiləri və ya qazanc əldə etməsi maliyyə axınlarına təsir göstərə bilər. Bu isə Mərkəzi Bank və Maliyyə Monitorinq Xidmətinin kriptovalyutalara nəzarət mexanizmlərini gündəmə gətirir. Nəticə etibarı ilə bu qiymət dəyişkənliyi tənzimləyicilərə həm də müsbət siqnal verir: bazarın real potensialı var və genişlənir. Bu, hökuməti beynəlxalq təcrübəni öyrənərək daha balanslı-həm investorları qoruyan, həm də innovasiyanı boğmayan-qanunvericilik çərçivəsi üzərində işləməyə təşviq edir.

-"m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinin sürətlənməsinə gətirib çıxara bilərmi?

-“m10” mobil tətbiqinin “Binance” ilə inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinə əhəmiyyətli təsir göstərəcək. Bu addım ilk növbədə Azərbaycan Mərkəzi Bankının nəzarətində həyata keçirilən “regulatory sandbox” rejimi çərçivəsində sınaqdan keçirilib və uğurlu nəticələr göstərib. Bu isə dövlət qurumlarının kriptovalyuta bazarına münasibətdə artıq real mexanizmlər üzərində işlədiyini və şəffaf, qanuni çərçivənin qurulmasına maraqlı olduğunu nümayiş etdirir. İnteqrasiyanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər artıq AZN ilə birbaşa “Binance” üzərindən əməliyyatlar apara bilirlər. Bu, həm milli valyutanın rəqəmsal maliyyə ekosisteminə inteqrasiyasını gücləndirir, həm də vətəndaşların kriptovalyutalara daha təhlükəsiz və rahat çıxışını təmin edir. Eyni zamanda, “m10”-“Binance” əməkdaşlığı Azərbaycanda digər bank və fintech qurumları üçün nümunəvi model rolunu oynaya bilər. Bu, həm dövlətə, həm də bazar iştirakçılarına göstərir ki, kriptovalyuta əməliyyatlarını rəsmi, tənzimlənən və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Beləliklə, bu inteqrasiya yalnız texnoloji yenilik deyil, həm də kriptovalyutaların rəsmi tanınması və tənzimlənməsi prosesini sürətləndirən mühüm addım kimi qiymətləndirilə bilər.


-Azərbaycanda yerli mübadilə servislərinin istifadəyə verilməsi kriptovalyuta bazarına olan inamı artıra bilərmi?

-Azərbaycanda yerli kriptovalyuta mübadilə servislərinin istifadəyə verilməsi bazara olan inamın artmasına mühüm töhfə verə bilər. İlk növbədə belə servislər dövlətin nəzarəti və milli qanunvericilik çərçivəsində fəaliyyət göstərəcək ki, bu, istifadəçilər üçün əlavə etibarlılıq yaradacaq. Bu, vətəndaşların xarici platformalardan asılılığını azaldacaq və əməliyyatların daha şəffaf aparılmasına imkan verəcək. İkincisi, yerli mübadilə servisləri vasitəsilə kriptovalyuta əməliyyatlarını birbaşa milli valyuta ilə aparmaq mümkün olacaq. Bu, həm konvertasiya xərclərini azaldacaq, həm də istifadəçilər üçün əməliyyat prosesini sadələşdirəcək. Üçüncüsü, yerli platformaların istifadəyə verilməsi fırıldaqçılıq risklərini azaldacaq, çünki vəsaitlərin ölkə daxilində saxlanılması və dövlətin nəzarəti bazar iştirakçılarına daha güclü hüquqi təminat verəcək. Nəhayət, belə bir addım yeni investorların bazara qoşulmasına şərait yaradacaq və ölkədə kripto ekosisteminin genişlənməsini sürətləndirəcək. Beləliklə, yerli mübadilə servislərinin istifadəyə verilməsi Azərbaycanda kriptovalyuta bazarına inamı artırmaqla yanaşı, həm də onun rəsmi inkişafı üçün təkanverici rol oynaya bilər. 

-Kriptovalyutadan gəlir əldə edənlərin vergisini hesablamaq və izləmək praktikada hansı çətinliklər yaradır?

-Kriptovalyutadan gəlir əldə edənlərin vergisini hesablamaq və izləmək praktikada bir neçə çətinliklə üzləşir. Əsas səbəb əməliyyatların blokçeyn üzərində anonim və mərkəzsiz aparılmasıdır, hər əməliyyat minlərlə node tərəfindən təsdiqlənir amma istifadəçilərin kimliyi birbaşa görünmür. Bundan əlavə, kripto-aktivlərin birjalar arasında tez-tez köçürülməsi və müxtəlif tokenlərin mövcudluğu hesablama prosesini çətinləşdirir. Hazırda Azərbaycanda əməliyyatların izlənməsi üçün hüquqi və texnoloji mexanizm yoxdur, buna görə də vergi ödəməsi faktiki olaraq könüllülük prinsipi əsasında həyata keçirilir.

Kriptovalyuta əməliyyatları üçün ayrıca xüsusi vergi qaydaları hazırlanmalıdır, yoxsa mövcud qaydalar kifayətdir?

-Hesab edirəm ki, kriptovalyuta əməliyyatları üçün ayrıca, xüsusi vergi qaydalarının hazırlanması daha məqsədəuyğundur. Mövcud qaydalar müəyyən dərəcədə kifayət etsə də, sahəyə uyğunlaşan xüsusi tənzimləmə həm vergi intizamını artırar, həm də investorlar üçün daha etibarlı və şəffaf mühit yaradar. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə kriptovalyutalara investisiya edən fiziki şəxslərin davranışına müsbət təsir göstərəcək. Əgər mexanizmlər sərt və investor üçün əlavə yük yaradan formada həyata keçirilərsə, qısa müddətdə bəzi vətəndaşların fəaliyyətini dayandırması və ya əməliyyatlarını xarici platformalara yönəltməsi mümkündür. Lakin beynəlxalq təcrübə göstərir ki, şəffaf hüquqi baza və balanslaşdırılmış vergi siyasəti tətbiq olunduqda, bu, əksinə, bazarı legitimləşdirir və daha çox investoru cəlb edir. Azərbaycanda da əsas məqsəd sərmayədarları cəzalandırmaq deyil, onları qanuni çərçivəyə gətirmək, həmçinin dövlət büdcəsinə əlavə vəsait təmin etməkdir. Əgər islahatlar mərhələli, ədalətli və aydın qaydalar əsasında həyata keçirilərsə, uzunmüddətli mövqedə ölkəmizdə kriptovalyuta bazarının inkişafını müşahidə edəcəyik.

-Kriptovalutaya maraq və müştərinin artdığı bir zamanda Azərbaycanda bu istiqamətdə gəlir əldə edənlərin vergi prosesinə cəlbini necə qiymətləndirirsiniz?

- Dünyanın heç bir ölkəsində bu sahədə tam şəffaf izləmə aləti mövcud deyil. Azərbaycana gəlincə, bu sahədə gəlir əldə edənlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulsa da, əməliyyatların izlənməsi üçün xüsusi mexanizmlər olmadığına görə proses faktiki olaraq yalnız könüllülük prinsipi əsasında mümkündür. Ölkəmizdə texnoloji infrastruktur formalaşdırılarsa, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərməsi təmin edilə bilər. Effektiv nəzarət üçün lisenziyalaşdırılmış birjalar, bank nəzarəti və blokçeyn -analiz alətləri kimi vasitələrin tətbiqi vacibdir.

-Vergi islahatlarının tətbiqi ölkə daxilində bu istiqamətdə yatırım edən fiziki şəxslərin azalmasına səbəb olacaqmı?

-Vergi islahatlarının tətbiqi, təbii ki, kriptovalyutaya investisiya edən fiziki şəxslərin davranışına təsir göstərə bilər.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

 

 

 

 

 

13.11.2025 14:28
1448