Siyavuş Əliyev Lənkəran sakinidir. Onun 41 yaşı var. Həyatın müxtəlif mərhələlərindən keçsə də, öyrənməkdən heç vaxt vaz keçməyənlərdəndir.
Həmsöhbətimiz Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. O, İnşaat Elektrik Emalatxanasında bu peşənin incəliklərini öyrənir. Əslində bu sahə Siyavuş üçün tam yeni deyil – o, elektrik işi üzrə müəyyən təcrübəyə malikdir. Amma məqsədi daha irəli getmək, bildiklərini mükəmməlləşdirməkdir. Məhz bu səbəbdən bir illik kursa yazılıb. O, vaxtilə texnikum təhsili alıb, indi isə biliklərini yeniləmək və genişləndirmək qərarına gəlib.
Siyavuş Əliyev eyni zamanda ailə başçısıdır. İki övladı var – bir oğlu, bir qızı. Övladlarından biri 9-cu sinifdə, digəri isə 7-ci sinifdə təhsil alır. O, həm ata, həm də öyrənən biri kimi gündəlik həyatını qurmağa çalışır.
Əsas işi isə çay fabrikindədir. Burada çalışaraq ailəsini dolandırır, Peşə Təhsil Mərkəzində isə əlavə peşə kimi elektrik işini öyrənir. Onun sözlərinə görə, bu addım gələcəkdə daha yaxşı imkanlar qazanmaq üçündür.
Qeyd edək ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 12 emalatxana fəaliyyət göstərir. Burada elektrik işindən tutmuş bərbərlik, qaynaqçılıq, sürücülük və digər müxtəlif peşələr tədris olunur.
Siyavuş Əliyevin hekayəsi bir daha göstərir ki, insan istədiyi vaxt yeni yol seçə və özünü inkişaf etdirə bilər.
Şahanə Rəhimli
Musavat.com