Azərbaycan dövlətinə qarşı aparılan informasiya müharibəsi yeni fazaya keçib. Bu mərhələni süni intellektlə silahlanmış dezinformasiya adlandırmaq olar.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu xüsusda qeyd edib ki, xaricdə fəaliyyət göstərən antimilli ünsürlər “köhnə üsulları kənara qoyublar və artıq yalanı danışdırır, görüntüyə çevirir, səs əlavə edir, üz oynadır, ağız açdırırlar”.

Onun qənaətincə, bu, daha klassik bir feyk xəbər deyil, texnologiya ilə aparılan qorxunc təxribatdır:
“Ən təhlükəlisi isə budur: belə hücumlar anonim adlar üzərindən edilmir.
Dövlətin tanınmış simalarının, rəsmi şəxslərin, millət vəkillərinin, tanınmış media nümayəndələrinin adından aparılır. Yəni, hədəf konkret şəxs yox, ictimai etibardır”.
Media Qrupunun rəhbəri bu məsələdə Türkiyə təcrübəsini diqqət yönəldir: “Qardaş ölkədə feyk xəbərlərlə mübarizə üçün ayrıca dövlət strukturu yaradılıb. Cumhurbaşkanlığı "İletişim Başkanlığı" nəzdində fəaliyyət göstərən “Dezenformasyonla Mücadele Merkezi” bu işlə məşğuldur. Bu qurum operativ şəkildə yalan məlumatları aşkarlayır, manipulyasiyaları ifşa edir, rəsmi mövqeni dərhal cəmiyyətə çatdırır. Ən önəmlisi odur ki, dezinformasiyaya sonradan yox, vaxtında və yerində cavab verilir. Azərbaycanda da oxşar bir strukturun yaradılmasına ciddi ehtiyac var. Çünki bu artıq ayrı-ayrı şəxslərin problemi yox, dövlətin informasiya təhlükəsizliyi məsələsidir”.
Azərbaycanda da analoji qurum yaradıla bilərmi? Bu sahədə yetərincə yüksək səviyyəli mütəxəssisimiz varmı?

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan informasiya məkanında dezinformasiya, informasiyanın manipulyasiya edilməsi, dövlətin və cəmiyyətin nüfuzlu şəxslərinin bilərəkdən hədəfə alınması elə bir həddə çatıb ki, ictimai qınaq və maarifləndirmə ilə ona qarşı mübarizə aparmaq mümkün deyil:
“Ona görə də biz bunun hüquqi tənzimlənmə yollarını axtarmalıyıq. Şübhəsiz ki, bu prosesdə bir neçə üsulla mübarizə olacaq. Bunlardan biri sosial şəbəkələrdə hüquq pozuntusuna yol verən şəxslərin hüquq qarşısında məsuliyyətinin müəyyənləşdirilməsidir. Digəri isə dezinformasiyanı yaymağa və informasiyanı şüurlu manipulyasiya etməyə görə cəza tədbirlərinin tətbiq edilməsi üçün hüquqi mexanizmlərin yaradılmasıdır. Belə bir nümunə qardaş Türkiyədə var. Bizdə oradakı kimi qanun hazırlayıb qəbul edə bilərik”.
Deputat deyib ki, dezinformasiyanı yayan sosial şəbəkələr və internet resurslarının ölkədə yayımlanmasının müəyyən bir hüquqi çərçivəsi yaradılmalıdır: “ Məsələn, “Facebook”, “X” “Youtube” və digər sosial şəbəkələrlə onların ölkəmizdə hansı şərtlərlə yayımlanması ilə bağlı hüquqi müqavilə bağlayıb həmin şirkətlərin üzərinə öhdəlik qoymaq olar. Çünki dezinformasiyalar və qeyri-etik davranışlar bloklanmalı və o şirkətlərin öhdəliyi olmalıdır. Yəni, bütün bunlar çox vacibdir və bu addımların atılmasının vaxtı çatıb”.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, ictimaiyyət arasında media savadlılığının təbliği genişləndirilməlidir:
”İnsanların təsəvvüründə sosial şəbəkələrdə səsləndirilən bütün fikirlər həqiqəti əks etdirir. İlk olaraq aşılanmalıdır ki, hər söylənən fikir həqiqət ola bilməz və şübhə ilə yanaşma olmalıdır. Bununla bağlı Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası və digər əlaqədar qurumlar müəyyən tədbirlər keçirirlər. Eyni zamanda, texnologiyaların sürətli inkişafı nəticəsində süni intellekt xeyli dərəcədə problem yaradır. Feyk xəbərləri inandırıcı şəkildə yayır. Bununla dövlət qurumları mübarizə aparır. Amma şübhəsiz ki, bu sürətli proses tələb edir ki, daha dinamik bir qurum bununla məşğul olsun. Əlbəttə, Türkiyə və başqa ölkələrin təcrübəsindən istifadə etmək olar. Hesab edirəm ki, belə bir qurumu yaratmağın vaxtıdır ki, daha operativ reaksiya verilsin. Bütün hallarda ictimaiyyətə çatdırılmalıdır ki, sosial mediada yazılan hər məlumat həqiqət demək deyil”.
Şahanə Rəhimli,
Musavat.com