Azərbaycan xarici ticarət üçün “vahid pəncərə” yaradır - hədəf

Deputat: “Ölkə ərazisindən tranzit daşımaların artması tranzit gəlirlərin artmasına gətirib çıxaracaq”

Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika fəaliyyətlərinin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkədə xarici ticarətin tənzimlənməsində dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və dövlət qurumlarının səmərəli əlaqələndirilməsinin təmin edilməsinə yönəlmiş “Vahid pəncərə” informasiya sistemi yaradılacaq.

Yeni sistem idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üçün vahid əlçatanlıq nöqtəsinə əsaslanan tam rəqəmsal mühitin yaradılmasını, eləcə də “ağıllı” yük axını idarəetmə sisteminin tətbiqini nəzərdə tutur.

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm” | Modern.az

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Prezident İlham Əliyevin xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması, həmçinin yük axınlarının "ağıllı" idarə edilməsi sisteminin tətbiqi ilə bağlı  imzaladığı fərman, xarici ticarətin stimullaşdırılmasına yönəlmiş kompleks və strateji islahat sənədidir. Bu fərman xarici ticarət sahəsində maneələri aradan qaldıraraq ticarət proseslərini daha sürətli, əlçatan və rəqabətqabiliyyətli edəcək. Fərmandan göründüyü kimi, idxal-ixrac və tranzit üzrə bütün prosedurlar vahid elektron platformada cəmləşdiriləcək. Yəni  xarici ticarətin iştirakçıları üçün sənədlərin icra müddətləri azalır, logistika və gömrük xərcləri azalır, yüklər gömrük buraxılışından daha sürətli keçid edir. Təbii ki, bu da malların maya dəyərinə təsir göstərir və xarici bazarlara daha aşağı qiymətlərlə çxışların təmin olunmasına yol açır. Yüklərin ağıllı idarəedilməsi və bütün məlumatların rəqəmsallaşdırılması yüklərə nəzarətin və tranzit daşımaların sürətinin artmasına töhfə verəcək. 

Nəticədə ticarət zənciri daha etibarlı və proqnozlaşdırılan olur, bu isə xarici tərəfdaşların və logistika şirkətlərinin ölkə ilə işləməyə marağını artırır. Bu, ölkəmizin yaratdığı beynəlxalq nəqliyyat dəhlizlərə marağın artmasına və daha çox tranzit yüklərin cəlb edilməsinə yol açacaq. Təbii ki, ölkə ərazisindən tranzit daşımaların artması tranzit gəlirlərin artmasına gətirib çıxaracaq. Bu, həm də ölkədə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq. Belə ki, sahibkarlar istehsal etdiyi malları xarici bazarlara daha rahat ixrac edə biləcək. Xidmətlərin rəqəmsallaşması və keçidlərin sürətlənməsi həm də şəffaflığın artmasına və idxal-ixracla məşğul olan tərəflərin müvafiq xidmətlərə etimadın artmasına töhfə verəcək. Beləliklə, deyə bilərik ki, ağıllı keçidin təmin olunması, tranzit logistik keçidlərin sürətlənməsi və rəqəmsallaşdırılması  orta və uzunmüddətli perspektivdə ölkə ərazisindən daşınan tranzit yüklərin həcmlərinin və xarici ticarət dövrüyyəsinin artmasına öz təsirini göstərəcək".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

18.12.2025 10:01
676