Azərbaycan qadını böyük inkişaf yolu keçib - deputat

Deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasındakı çıxışında bir sıra mühüm məqamlara toxunub.

Musavat.com-un məlumatına görə, deputat əvvəlcə spikeri, həmkarlarını və bütün qonaqları həm Müstəqillik Günü, həm də Qurban bayramı münasibətilə təbrik edib.

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatından bəhs edən deputat bildirib ki, sənədin məzmunundan da göründüyü kimi, hesabat yüksək və peşəkar səviyyədə hazırlanıb:

“Hesabatda xüsusilə qızların təhsili, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum qalmış uşaqlarla bağlı məsələlərə geniş yer verilməsi çox təqdirəlayiqdir.

Sənədlərdə qeyd olunduğu kimi, qadınların qeyri-hökumət təşkilatlarında, Həmkarlar Komitələrində və digər sahələrdə təmsilçiliyinin artması bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Geniş və dərin məzmunlu hesabata görə hörmətli Bahar xanımı və Dövlət Komitəsinin əməkdaşlarını təbrik edirəm. 

Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk ölkə Azərbaycan olub. Azərbaycan qadını böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan qadını Azərbaycan kişisi ilə birlikdə dövlətçiliyimizə mühüm töhfələr verməyə qürurla davam edir. Burada Mehriban xanım Əliyevanın rolunu və əməyini də xüsusi qeyd etməyə ehtiyac var. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir”.

Ceyhun Məmmədov qeyd edib ki, bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də dünyada dəyərlərin transformasiyasının baş verdiyi dövrdə bu tarixi ənənənin qorunmasıdır:

“Çıxışımın sonunda bir neçə vacib məqama toxunmaq istəyirəm. Öncə onu qeyd edim ki, bu işlər yalnız Dövlət Komitəsinin işi deyil. Dövlət Komitəsi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ciddi səylə çalışır.

Komitənin fəaliyyətini yüksək qiymətləndirirəm:

1. Hörmətli Hicran xanımın (komitə sədri - red.) da qeyd etdiyi kimi, qadın sığınacaqlarının sayının artırılması istiqamətində addımların atılmasına ehtiyac var. Bu məsələnin aktuallığı getdikcə daha da artır.

2. Selektiv abortların qarşısının alınması istiqamətində addımların atılması. Düşünürəm ki, gender bərabərliyinin pozulduğu sahələrdən biri də bu sahədir. Bu, həm də Azərbaycan xalqının genefonduna ciddi ziyan verən bir məsələdir.

3. Qohum nikahlarına nəzarətin daha da gücləndirilməsi. Yaxşı bir qanun qəbul etdik. Ancaq bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.

4. Erkən nikah məsələsi. Bu istiqamətdə bir sıra mühüm işlər görülsə də, məsələ aktual olaraq qalır.

5. Qızların təhsildən yayındırılması. Təəssüf ki, dini əsası olmasa da, bu, bəzən dini etiqadla əlaqələndirilir.

6. Boşanmaların sayının sürətlə artması, gənclərin ailə qurmaq istəməməsi məsələsi. Bu da çox ciddi narahatlıq doğurur”.

Deputat təklifini səsləndirib:

“Düşünürəm ki, bütün bu məsələlər nəzərə alınaraq, yeni dövlət proqramının qəbulunu nəzərdən keçirə bilərik.

Ümumilikdə hesabatı yüksək qiymətləndirir, hesabatın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

E.Paşasoy,
Musavat.com

26.05.2026 12:48
358