Azərbaycanın xarici siyasətində parlament diplomatiyası da getdikcə mühüm rol oynayır. Bu kontekstdə ölkənin Asiya Parlament Assambleyası (APA) ilə münasibətləri Bakının Asiya məkanında siyasi dialoqu genişləndirməsi, regional və qlobal proseslərdə mövqelərini çatdırması baxımından xüsusi əhəmiyyət daşıyır.
2006-cı ildə yaradılan Asiya Parlament Assambleyası Asiya qitəsində parlamentlərarası əməkdaşlığı təşviq edən mühüm beynəlxalq platformadır. Assambleya siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik, enerji, nəqliyyat və humanitar məsələlər üzrə üzv ölkələrin mövqelərinin uzlaşdırılmasına xidmət edir. Hazırda APA Asiyanın müxtəlif regionlarını təmsil edən onlarla dövləti bir araya gətirir və qeyri-blok xarakteri ilə seçilir.
Azərbaycan Asiya Parlament Assambleyasının fəal üzvlərindən biridir və bu platformanı öz xarici siyasət prioritetlərinin təqdimatı üçün effektiv mexanizm kimi qiymətləndirir. Milli Məclisin nümayəndə heyətləri APA-nın plenar sessiyalarında və komitə iclaslarında mütəmadi iştirak edərək, regional təhlükəsizlik, suverenlik və beynəlxalq hüququn prinsipləri ilə bağlı mövqelərini diqqətə çatdırırlar.
Xüsusilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələləri Azərbaycanın APA çərçivəsində davamlı şəkildə qaldırdığı əsas mövzulardandır. Rəsmi Bakı bu platformada beynəlxalq hüququn selektiv deyil, universal tətbiq olunmasının vacibliyini vurğulayır.
Uzun illər ərzində Azərbaycan APA tribunasından istifadə edərək Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Asiya ölkələrinin parlament nümayəndələrinə çatdırmağa çalışıb. Xüsusilə işğal dövründə qəbul olunan bəyanatlar və ikitərəfli təmaslar Azərbaycanın mövqeyinin daha geniş coğrafiyada anlaşılmasına şərait yaradıb.
Postmünaqişə mərhələsində isə Bakı regionda sülh gündəliyini, bərpa və reinteqrasiya proseslərini APA çərçivəsində təqdim edir. Bu, Azərbaycanın artıq yalnız problem yaşayan deyil, regional sabitlik təşəbbüsləri irəli sürən aktor kimi çıxış etdiyini göstərir.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Azərbaycan-APA münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi və nəqliyyat məsələləridir. Azərbaycan Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından biri kimi bu mövzunu parlament diplomatiyası səviyyəsində də gündəmdə saxlayır: “Enerji təhlükəsizliyi, alternativ marşrutlar və logistika zəncirlərinin şaxələndirilməsi məsələləri Asiya ölkələri üçün strateji əhəmiyyət daşıdığından, Bakı bu platformada etibarlı tərəfdaş imicini gücləndirməyə çalışır.
APA ilə əməkdaşlıq Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursunun tərkib hissəsidir. Qərb institutları ilə yanaşı, Asiya platformalarında da fəal iştirak Bakıya beynəlxalq arenada manevr imkanlarını genişləndirməyə, müxtəlif siyasi bloklar arasında dialoq körpüsü rolunu oynamağa imkan verir.
Bu baxımdan, APA Azərbaycan üçün yalnız parlamentlərarası format deyil, həm də geosiyasi balansın qorunması aləti kimi çıxış edir".
Deputat dedi ki, gələcək mərhələdə Azərbaycanın APA çərçivəsində təşəbbüslərinin daha da artacağı gözlənilir. Xüsusilə iqlim dəyişiklikləri, yaşıl enerji, rəqəmsal transformasiya və postmünaqişə bərpası kimi mövzular Bakının gündəliyində ön sıralarda yer alır: “Ümumilikdə, Azərbaycanın Asiya Parlament Assambleyası ilə münasibətləri ölkənin artan regional rolunun, parlament diplomatiyasının institusional güclənməsinin və çoxtərəfli əməkdaşlığa verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilməlidir”.
Onu da qeyd edək ki, Azərbaycan-Asiya Parlament Assambleyası münasibətlərinin inkişafı istiqamətində daha bir addım iki gün öncə atılıb. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti APA-nın Bəhreyndə keçirilən plenar sessiyasında iştirak edib. Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sessiyada çıxışında bildirib ki, Asiyada sülhün və tərəqqinin möhkəmləndirilməsində parlamentlər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında mühüm rol oynayır. O deyib ki, Asiya qitəsi sivilizasiyaların, mədəniyyətlərin və dinlərin zəngin müxtəlifliyi ilə seçilir və bu müxtəliflik həm böyük üstünlük, həm də mühüm məsuliyyət yaradır.
Deputat çıxışında Azərbaycanın multikulturalizm sahəsində zəngin tarixi təcrübəsi barədə məlumat verərək qeyd edib ki, ölkəmiz əsrlər boyu dini tolerantlığın və dinc yanaşı yaşamanın hökm sürdüyü məkan olub. Azərbaycanın coğrafi mövqeyi və tarixi irsi onu təbii şəkildə sivilizasiyalararası dialoqun mərkəzinə çevirib. O vurğulayıb ki, bu ənənələr Azərbaycanın həm Avropa, həm də Asiya institutları ilə fəal əməkdaşlığı ilə daha da möhkəmlənib.
Yazını hazırladı: Etibar SEYİDAĞA