Azərbaycan kimin yanında dayanmalıdır – Ukraynanın, Rusiyanın, yoxsa real sülhün?

 

Azərbaycan bu gün İsveçrədə başlayan Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək. 

Musavat.com-un məlumatına görə, İsveçrə XİN-in yaydığı sammitdə iştirak edəcək dövlətlərin yekun siyahısından belə aydın olur. Siyahdan sözügedən sammitdə iştirak edəcək 92 dövlətin adı yer alıb. Onlardan 57-si liderlər, 29-u nazirlər, altısı isə səfirlər səviyyəsində təmsil olunacaqlar. Sammitə həmçinin səkkiz beynəlxalq təşkilatın nümayəndə heyəti də qatılacaq. Maraqlıdır ki, Cənubi Qafqazın digər ölkəsi – Ermənistan və Gürcüstan bu sammitdə iştiraka qərar veriblər. Ermənistanı bu sammitdə ölkənin Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan, Gürcüstanı isə prezident Salome Zurabişvili təmsil edəcək. Belə olan halda, Cənubi Qafqazda yalnız Azərbaycanın sammitdə iştirak etməməsi nə dərəcədə doğrudur? Rəsmi Bakının bu qərarı ölkəmizi Qərb dünyasından tamamilə təcrid olunması və daha çox beynəlxalq təzyiqlərə məruz qalması perspektivi doğura bilərmi? Ən əsası, hər zaman bizimlə müttəfiq olan Ukraynanı indiki ağır şəraitdə tək buraxmaq 2 dövlət arasındakı münasibətlərə xələl gətirmirmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ukrayna Sülh Sammitinə qatılmamağın həqiqətən çətin qərar olduğunu vurğulasa da, rəsmi Bakının mövqeyini anlayır: “Məsələ burasındadır ki, bu toplantının adı sülh sammitidir. Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın mövqeyinə nəzər salanda isə bunun sülh yox, müharibə sammiti olduğunu anlamaq mümkündür. Ən azı o səbəbdən ki, nəticə etibarilə Moskva ilə Kiyev arasında bağlanması nəzərdə tutulan sülh sazişinin müddəalarını müəyyənləşdirməyi hədəfləyən sammitə əsas tərəflərdən biri çağırılmayıb. Bu da istər-istəməz sammitin sülh məqsədi daşıdığına şübhə yaradır. Müharibə hazırda amansız şəkildə döyüşən tərəflərdən başqa hər kəsin işinə yarayır. Xüsusilə də dünyanın sənayeləşmiş dövlətlərinə. Çünki onlar həm silah sənayelərini daha da inkişaf etdirir və darmadağın olunmuş Ukraynanın yenidən qurulmasında söz sahibinə çevrilməyi düşünürlər. ABŞ senatoru Lindsi Qrem telekanallardan birinə verdiyi müsahibəsində bunu açıq şəkildə dilə gətirirdi. Senator vurğulayırdı ki, Ukrayna 12 trilyon dollarlıq təbii sərvətlərə, nadir torpaq elementlərinə sahibdir və bu səbəbdən, onu Rusiyaya buraxmaq olmaz. Qremin bu fikirləri əslində Rusiya-Ukrayna savaşının əsl məqsədinin nadir torpaq elementləri və kritik metallara sahiblənmək olduğunu göstərir”.

17f8394da49ede3ea714ad837d6d4b4b.jpg (102 KB)

Nadir torpaq nümunələrinin və kritik metalların əhəmiyyətinə toxunan siyasi şərhçi qeyd edib ki, 2030-cu ildən etibarən dünyanın sənayesində böyük dönüşümlərin başlayacağı gözlənilir: “Elektrikli avtomobillər, ağıllı texnologiyalar, süni intellekt sənayesi və s. kimi müasir cihazlar indiki əmək alətlərinin yerini alacaq. Bu, yeni sənaye inqilabı deməkdir. Kim bu sənayedə ön plana çıxsa, gələcək dünyaya o hökm edəcək. Yeni sənaye inqilabının “yanacağı” isə əsasən Çində toplanıb. Kritik metalların və nadir torpaq nümunələrinin 80 faizini istehsal edən Çin həm də elektrikli maşınqayırmada avanqard dövlətə çevrilib. ABŞ və Avropa dövlətlərinin onu qabaqlaması üçün nadir torpaq ehtiyatlarına sahib olması lazımdır. ABŞ senatorunun da dediyi kimi, Avropada bu ehtiyata malik ən zəngin ölkə Ukraynadır. Bu sahədə təbii ehtiyatları ilə ön plana çıxan digər coğrafiyalar isə Rusiya, Orta Asiya və Cənubi Qafqaz ərazilərində yerləşir. Son zamanlar bizim regionumuzda və Orta Asiyada baş verənlərin, həmçinin, Ukrayna savaşı ilə Rusiyanın zəiflədilməsinin əsas səbəblərindən biri də budur. Məqsəd gələcək dünyanın “yanacağına” və maşınqayırma sənayesində xammal kimi istifadə olunacaq xammalına sahiblənmədir.

Digər tərəfdən, Ukraynanı Rusiya ilə savaşa həvəsləndirənlər ona silahı da müftə vermirlər. Son G-7 sammitində ortaya çıxdı ki, Ukraynaya veriləcək silahların xərci Rusiyanın Qərb ölkələrində dondurulmuş valyuta ehtiyatlarının gətirdiyi gəlir hesabına ödəniləcək. Belə çıxır ki, ABŞ özünün ən böyük rəqiblərindən birini onun öz pulu və Ukrayna xalqının canı hesabına zərərsizləşdirəcək. Nəticədə iki qardaş ölkədən biri strateji məğlubiyyətə uğradılaraq, digəri isə faktiki məhv ediləcək. Və bu dövlətlərin savaşında ilk növbədə ABŞ və Qərb dövlətlərinin hərbi sənaye kompleksi qazanacaq. Hər iki dövlət bu savaşdan əzilərək çıxandan sonra isə onların özünü bərpası üçün qlobal sərmayəyə ehtiyacı yaranacaq və bu ölkələr ABŞ-ın himayəsinə sığınmaq məcburiyyətində qalıb iqtisadi müstəqilliklərini itirəcəklər. Ən əsası isə Ukraynadan tutmuş Rusiyaya və Orta Asiyaya qədər uzanan böyük coğrafiyanın nadir torpaq elementləri də Qərb ölkələrinə qalacaq. Təbii ki, Azərbaycan qlobal imperializmin bu qanlı ssenarisində  yer ala bilməz və almamalıdır”.

O ki qaldı Ermənistan və Gürcüstanın bu sammitdə iştirakına, Heydər Oğuz bu məsələdə də qeyri-adi heç nə görmür: “İkinci Qarabağ savaşında ağır məğlubiyyətə uğrayan Ermənistan bu uğursuzluğunun səbəbini Rusiya ordusunun ona yetərli dəstək verməməsində, daha doğrusu, ermənilərin əvəzinə savaşmamasında görür. Öz aləmlərində də Rusiyanın əleyhinə təşkil olunan bütün beynəlxalq tədbirlərdə iştirak etməyə çalışırlar. Salome Zurabişviliyə gəlincə, bu xanım özünü gürcüdən çox fransız kimi aparır. Burda qeyri-adi heç nə yoxdur; Fransada doğulub, orda təhsil alıb və diplomatik korpusunda işləyib. Məhz Fransanın maraqları naminə, nəyin bahasına olursa-olsun Gürcüstanı qlobal güc mərkəzlərinin savaş poliqonuna çevirmək istəyir, bunun üçün əlindən gələni əsirgəmir”.

Ukrayna Sülh Sammiti ərəfəsində Avropanın iki müxtəlif ölkəsində çox mühüm toplantıların keçirildiyini xatırladan Heydər Oğuz bu tədbirlərin də böyük savaş hazırlığından xəbər verdiyinə inanır: “Sözügedən sammitlərdən biri İtaliyada keçirilən G-7 zirvəsidir. Ukrayna Sülh Sammitindən 1 gün əvvəl keçirilən bu toplantıda “Böyük Yeddiliklər” Rusiya ilə yanaşı, Çini və İranı da hədəf kimi göstərdilər. Sammitin qətnaməsinə bu ölkələrin daxil edilməsi yaxın zamanlarda Ukraynada böyük vüsət alacağı gözlənilən müharibənin Rusiya ilə məhdudlaşmayacağından, ən azı iqtisadi müstəvidə Çinə və İrana da sıçrayacağından xəbər verir. Bir sözlə, G-7 zirvəsi əslində III Dünya savaşının ilk ayaq səsləri idi və Ukrayna Sülh Sammiti də onun davamıdır. Azərbaycan dünyanın yenidən bölüşdürülməsində marağı olmayan dövlətlərdəndir və məntiqlə, bizim olmayan savaşda bacardığımız qədər yer almamağımız və onun ağır nəticələrindən qaçmağımız ən doğru qərar olardı”.

Heydər Oğuz onu da vurğuladı ki, haqqında danışdığı zirvə görüşündə təkcə dünyanın ən böyük 7 sənaye ölkəsi bir araya gəlməmişdi: “Onlarla yanaşı, Türkiyə, Hindistan, BƏƏ, İordaniya, Braziliya, Argentina kimi dövlətlərin liderləri də sammitdə iştirak edirdilər. Bu, əslində həmin dövlətlərə verilən önəmin nümayişi də deyildi. Məqsəd III Dünya savaşının yaradacağı məsuliyyəti digər ölkələrlə də bölüşmək və onların digər geosiyasi qütbdə yer almasını əngəlləməkdi”.

G-7 zirvəsinə dəvət olunanlardan yalnız birinin - Səudiyyə Ərəbistanının həcc ziyarətinin başlandığını bəhanə gətirib tədbirdən yayındığını bildirən Heydər Oğuz bunun əsl səbəbini tamamilə başqa amillərdə axtarır: “Dünyaca ünlü bəzi media qurumlarının iddiasına inansaq,

tədbirdən əvvəl Zelenski ilə görüşən Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman Ukrayna liderinin maksimalist mövqeyi ilə tanış olduqdan sonra ölkəsini riskə atmamaq üçün bu qərar vermişdi. Yəni həcc ziyarəti-filan bəhanədən başqa bir şey deyildi. Toplantıya dəvət olunan digər 60-dan çox ölkə də böyük ehtimalla “baş tutmayacaq duaya amin demək” istəmədiklərindən toplantıya qatılmadılar. Belə bir vəziyyətdə Azərbaycanın həmin sammitdə iştirakı strateji səhv olardı. Üstəlik, ən yaxın müttəfiqimiz Türkiyə həmin sammitdə iştirak edir, biz də istər-istəməz Ankaranın verdiyi qərarda onunla bir yerdə olacağıq. Deməli, dolayısıyla sammitə qatılmış sayılırıq”.

Siyasi şərhçi G-7 zirvəsində iştirak edən liderlərin kreslolarının laxladığına diqqət çəkərək, bunun da həm Ukrayna, həm də onun kiçik müttəfiqləri üçün ciddi risk doğurduğunu vurğuladı: “Bilirsiniz ki, Qlobal Qərbin lokomotivi sayılan ABŞ prezident seçkiləri ərəfəsindədir. Cəmi 6 ay sonra ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ehtimalı var. Tramp isə Rusiya-Ukrayna müharibəsinə o qədər də isti baxmır. Düzdür, ABŞ-da kimin tərəfində dayanmaq qərarını prezidentlər müəyyənləşdirmirlər. Pentaqonun sözü prezidentin sözündən daha keçərlidir. Amma prezidentlərin də alınan qərarlara təsir göstərmək və yaxud onun icrasını ləngitmək imkanları var. Necə ki, biz bunu Ukraynaya hərbi dəstək qərarının aylarla Konqresdə ilişib qalması faktında gördük. Nəticədə Ukraynanın Rusiyaya qarşı dirənişi böyük ölçüdə yara aldı. Minlərlə, onminlərlə insanını itirən Ukrayna moral çöküşü yaşadı və hələ də özünə gələ bilmir.  Trampın qazanacağı təqdirdə eyni proseslərin yenə təkrarlanmayacağına, hətta ABŞ-ın ümumiyyətlə Ukrayna savaşından çəkilməyəcəyinə zəmanət yoxdur. Eynilə, Avropa ölkələrində keçirilən son seçkilərdə ultra-sağ partiyalarının reytinqinin sürətlə artdığı müşahidə olunur. Seçkilərdə böyük uğur qazanan bu partiyaların Ukraynaya münasibəti birmənalı deyil. Mümkündür ki, Fransa, Almaniya və s. kimi ölkələrdə hakimiyyəti ultra-sağçılar qazansın, onlar da Ukraynanı təkbaşına buraxsın. Bu kimi təhlükələr Ukrayna və dəstəkçiləri üçün böyük faciəyə də çevrilə bilər”.

ABŞ-ın ünlü “Politico” nəşrinin də dolayısıyla bu ehtimala eyham vurduğuna diqqət çəkən həmsöhbətimizin bildirdiyinə görə, qəzet dünənki məqaləsində G-7 zirvəsini “Topal ördəklərin sammiti” adlandırıb: “Nəşrin iddiasına görə, bu liderlərin növbəti seçkiləri qazanmama ehtimalı istisna deyil. Onların yerinə ultra-sağçıların gəlməsi ilə nəinki Qlobal Qərbin Ukraynaya verdikləri dəstəyin sıfırlanması, hətta ittifaqların dağılması prosesi başlaya bilər”.

Avropada keçirilən digər önəmli tədbirin NATO müdafiə nazirlərinin Brüsseldə keçirdikləri sammiti olduğunu vurğulayan siyasi şərhçinin fikrincə, bu görüşün əsas hədəfi ABŞ-da Trampın hakimiyyətə gəlməsinin doğura biləcəyi nəticələri aradan qaldırmağa hesablanmışdı: “Bunu Almaniyanın ünlü “DW”  nəşri də açıq şəkildə etiraf edək yazır ki, sözügedən sammitin məqsədi “NATO-nun Ukraynaya silah tədarükünü koordinasiya etmək məqsədi Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələrək prezident olacağı təqdirdə Ukraynaya silah yardımını təmin etməkdir”. Bu etirafın özü də Qərbin Ukraynaya dəstəyinin ipdən asılı vəziyyətdə olduğunu təsdiqləyir”.

Bütün bu riskləri nəzərə alan Heydər Oğuz rəsmi Bakının Ukrayna Sülh Sammiti kimi heç bir ciddi nəticələri olmayacaq, sadəcə iştirakçı dövlətlərdən səfini müəyyənləşdirməyi tələb edən  toplantıda yer almamasını təsadüfi saymır: “Əslində, Azərbaycanın Rusiya-Ukrayna savaşında mövqeyi aydındır. Ölkəmiz Ukraynaya yardım etmək üçün indiyədək əlindən gələni əsirgəmiş və onun torpaq bütünlüyünü tanıdığını, problemin BMT tərəfindən qəbul edilmiş sərhədlər daxilində həllinə tərəfdar olduğunu dəfələrlə dilə gətirmişdir. Bacardığımız qədər Ukraynaya hümanitar yardımlar da vermişik. Bununla belə, Azərbaycandan “ya bizim yanımızda, ya da qarşımızda ol” kimi sərt tələblər başadüşülən deyil. Azərbaycan hakimiyyəti ilk növbədə öz xalqının yanında olmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdır”.

 

E.Məmmədəliyev,

Musavat.com

15.06.2024 12:35
778