Statistikaya əsasən, bu ilin ilk 3 ayında əhali pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait xərcləyib. Bu məbləğin 8 milyard 774,9 milyon manatı, yəni 50,4 faizi ərzaq məhsullarının payına düşür. Rəqəmləri 10 milyon əhali üzrə adambaşına və aylıq hesabladıqda bir nəfər üçün təxminən 290–300 manatlıq ərzaq xərci çıxır.
Bəs Azərbaycanda ərzağa ayrılan xərclərin payı müqayisədə niyə daha yüksəkdir? Ümumiyyətlə, bu rəqəmlər əhalinin çox istehlak etdiyini göstərir, yoxsa əksinə, bahalaşma səbəbindən daha çox pul ödəməyə məcbur qaldığını?
Bir sıra iqtisadçılar hesab edir ki, əslində bu rəqəmlər daha çox istehlakın artmasını deyil, qiymətlərin yüksəlməsini və ərzağın bahalaşmasını əks etdirir. Çünki son dövrlərdə bazarda müşahidə olunan qiymət artımları, idxaldan asılılıq, logistika xərclərinin yüksəlməsi və ümumi inflyasiya fonu ərzaq məhsullarının maya dəyərinə ciddi təsir göstərib. Nəticədə vətəndaş əvvəlkindən daha çox məhsul almır, sadəcə eyni səbət üçün daha çox pul ödəməyə məcbur qalır.
Digərləri isə hesab edir ki, xərclərin yarıdan çoxunun məhz ərzağa yönəlməsi sosial rifah səviyyəsi ilə bağlı ciddi siqnaldır. İnkişaf etmiş ölkələrdə əhalinin büdcəsində ərzağın payı adətən daha aşağı olur, çünki insanlar gəlirlərinin daha böyük hissəsini təhsil, səhiyyə, istirahət və digər xidmətlərə yönəldə bilirlər. Azərbaycanda isə ərzaq xərclərinin yüksək paya malik olması onu göstərir ki, ailə büdcəsinin əsas hissəsi məhz gündəlik qida ehtiyaclarının ödənilməsinə sərf olunur.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb:
“İqtisadi nəzəriyyədə mühüm yer tutan Engel qanunu açıq şəkildə göstərir ki, gəlir səviyyəsi aşağı və ya orta olan cəmiyyətlərdə ərzaq xərclərinin ümumi büdcədə payı yüksək olur. Gəlirlər artdıqca isə bu pay tədricən azalır, çünki insanlar artıq qazandıqları vəsaiti yalnız qida ehtiyaclarına deyil, daha geniş spektrli xidmət və məhsullara yönəldə bilirlər. Bu baxımdan Azərbaycanda ərzaq xərclərinin təxminən 50 faiz səviyyəsində olması təsadüfi deyil – bu, daha çox struktur xarakterli göstəricidir və ölkənin gəlir səviyyəsi ilə birbaşa bağlıdır. Lakin bu statistikanın görünməyən, daha incə və düşündürücü tərəfi də var. Məsələyə sadə yanaşma ilə “çox istehlak” prizmasından baxmaq düzgün nəticə vermir. Reallıq ondan ibarətdir ki, Azərbaycan insanı çox yemir, bahalı yeyir. Yəni burada problem istehlakın həcmi deyil, onun qiymətidir. Adambaşına aylıq 290–300 manatlıq ərzaq xərci beynəlxalq müqayisədə yüksək görünməyə bilər. Hətta bir çox inkişaf etmiş ölkələrdə bu məbləğ daha yüksəkdir. Amma əsas fərq ondadır ki, həmin ölkələrdə bu xərclərin ümumi büdcədə payı xeyli aşağıdır. Azərbaycanda isə eyni və ya daha aşağı məbləğ daha böyük yükə çevrilir. Bu isə artıq sırf istehlak davranışından deyil, iqtisadi mühitdən qaynaqlanır. Səbəblər çoxşaxəlidir. Ərzaq məhsullarının qiymətləri, idxaldan yüksək asılılıq, logistika xərcləri, daxili bazarda rəqabət mühitinin xüsusiyyətləri və qiymət formalaşmasındakı qeyri-effektivliklər nəticəsində istehlakçı eyni gəlirlə daha çox vəsait xərcləməyə məcbur qalır. Yəni insan daha çox almır, sadəcə daha baha alır. Digər mühüm məqam isə ərzaq xərclərinin “alternativsiz” olmasıdır. İnsan qida xərclərini istədiyi kimi azalda bilmir – bu, yaşamaq üçün zəruri olan bir istiqamətdir. Əksinə, geyim, əyləncə, texnologiya və ya digər sahələrdə xərcləri azaltmaq, təxirə salmaq mümkündür. Məhz bu səbəbdən də ərzaq xərcləri ailə büdcəsində dominant mövqedə qalır və ümumi xərclərin strukturunu müəyyən edir. Nəticədə maraqlı və paradoksal bir mənzərə yaranır: məbləğ baxımından orta səviyyəli xərclər, lakin pay baxımından yüksək göstərici. Bu isə birbaşa olaraq gəlir səviyyəsi ilə xərclər arasındakı disbalansı ortaya qoyur. Bu mənzərəni tam anlamaq üçün yalnız iqtisadi faktorlarla kifayətlənmək olmaz.
Azərbaycanda ərzaq istehlakına sosial və mədəni amillər də ciddi təsir göstərir. Məsələn, əhalinin böyük hissəsi digər ölkələrlə müqayisədə daha çox evdə qidalanır. Səhər, günorta və axşam yeməklərinin əsasən ailə daxilində hazırlanması ərzaq alışını artırır və bu da statistikada ərzaq xərclərinin payını yüksəldir. Bu, bir tərəfdən milli-mədəni xüsusiyyət kimi müsbət hal sayılsa da, digər tərəfdən iqtisadi göstəricilərə birbaşa təsir edir. Bütün bunları ümumiləşdirəndə aydın olur ki, ərzaq xərclərinin yüksək payını azaltmağın əsas yolu istehlakı məhdudlaşdırmaq deyil, gəlirləri artırmaqdır. Gəlir artdıqca bu pay avtomatik şəkildə aşağı düşür. Bununla yanaşı, idxaldan asılılığın azaldılması, yerli istehsalın gücləndirilməsi, bazarda rəqabətin artırılması və qiymətlərin daha səmərəli formalaşması da mühüm rol oynayır. Yəni problem “çox yeməkdə” deyil – problem eyni qidanı daha baha qiymətə almaq məcburiyyətində qalmaqdır. Bu reallıq dəyişmədikcə, statistika dəyişsə belə, mahiyyət dəyişməyəcək”.
Xalidə Gəray
Musavat.com