Qlobal geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Mərkəzi Asiya artıq təkcə regional deyil, həm də qlobal güclərin maraq mərkəzində olan strateji məkana çevrilib. Ukrayna müharibəsindən sonra Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarına tələbatın artması, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması və Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi regionun rolunu daha da artırıb. Bu yeni reallıq fonunda Azərbaycan da Mərkəzi Asiya ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarıb.
Prezident İlham Əliyevin iyulun 30-31-də Qırğızıstana dövlət səfəri çərçivəsində Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı da məhz bu strateji xəttin davamı kimi qiymətləndirilir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib.
Məqsəd region ölkələri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan arasında siyasi dialoqu gücləndirmək, ortaq problemləri birlikdə müzakirə etmək və regional əməkdaşlığı yeni mərhələyə daşımaq idi.
Artıq bu platforma sadəcə məsləhətləşmə mexanizmi deyil, Mərkəzi Asiyanın gələcək inkişaf strategiyasının müəyyənləşdirildiyi əsas siyasi formatlardan biri hesab edilir.
Azərbaycanın bu platformaya inteqrasiyası mərhələli şəkildə baş verib. 2023-cü ildə Tacikistanın paytaxtı Düşənbədə keçirilən V Məşvərət Görüşünə Prezident İlham Əliyev fəxri qonaq kimi dəvət olunmuşdu. Həmin çıxışında dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ilə enerji, logistika, ticarət və nəqliyyat sahələrində ortaq maraqlarını diqqətə çatdırmışdı. Bu iştirak faktiki olaraq Azərbaycanın platformaya tamhüquqlu üzvlüyünün siyasi əsasını formalaşdırdı.

2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən VII Məşvərət Görüşündə isə Azərbaycan rəsmi şəkildə platformaya tamhüquqlu iştirakçı qəbul edildi. Bununla da uzun illər "C5" adlandırılan əməkdaşlıq formatı faktiki olaraq "C6" formatına çevrildi. Bu qərar Azərbaycanın regionun ayrılmaz geosiyasi və geoiqtisadi tərəfdaşı kimi qəbul edildiyini göstərən mühüm diplomatik hadisə idi.
Bu il Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən qeyri-rəsmi görüşdə də regional əməkdaşlığın dərinləşdirilməsi əsas mövzulardan biri oldu. Qırğızıstan Prezidenti Sadır Japarov diqqətçəkən təşəbbüslə çıxış edərək Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün vahid turizm vizasının yaradılmasını təklif etdi.

Onun sözlərinə görə, ortaq tarix, mədəniyyət və Böyük İpək Yolunun irsi regionun vahid turizm məkanı kimi təqdim olunmasına imkan verir. Japarov bildirib ki, bu təşəbbüs artıq Qazaxıstan və Özbəkistan tərəfindən dəstəklənib və digər dövlətlərin də qoşulacağına ümid edir. Bu ideya reallaşarsa, xarici turistlər vahid viza ilə həm Azərbaycanı, həm də Mərkəzi Asiyanın digər ölkələrini ziyarət edə biləcəklər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycanın platformada tamhüquqlu iştirakını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın qoşulması əməkdaşlıq formatının inkişafında yeni mərhələnin başlanğıcıdır.
Tokayev bildirib ki, birgə səylər nəticəsində siyasi dialoq daha da dərinləşir, investisiyalar artır, energetika və sənaye sahəsində əməkdaşlıq genişlənir, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Qazaxıstan lideri regiondaxili ticarətin artdığını, yeni birgə müəssisələrin yaradıldığını, investisiya layihələrinin həyata keçirildiyini və humanitar əlaqələrin daha da möhkəmləndiyini də diqqətə çatdırıb.

Bəs Azərbaycanın bu platformada iştirakı niyə vacibdir? Azərbaycanın platformadakı əsas üstünlüyü onun coğrafi mövqeyidir. Ölkə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin əsas halqası hesab olunur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərdə yaradılan müasir logistika imkanları və tranzit infrastrukturu Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını xeyli sürətləndirir. Bu səbəbdən Azərbaycanın platformaya qoşulması yalnız siyasi deyil, həm də iqtisadi baxımdan Mərkəzi Asiya ölkələrinin maraqlarına cavab verir.
Əməkdaşlıq yalnız nəqliyyatla məhdudlaşmır. Məşvərət Görüşünün gündəliyi kifayət qədər genişdir. Burada nəqliyyat və logistika ilə yanaşı enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya, su ehtiyatlarının idarə olunması, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, investisiya layihələri, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq, elm, təhsil və Türk dünyasının inteqrasiyası da əsas müzakirə mövzuları sırasında yer alır.
Bu baxımdan platforma artıq təkcə siyasi dialoq mexanizmi deyil, Avrasiya məkanında yeni regional əməkdaşlıq modelinə çevrilməkdədir. Ekspertlərin fikrincə, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkənin regional diplomatiyasının mühüm uğurlarından biridir.
Bu format Bakının həm Türk dünyasında siyasi çəkisini artırır, həm Orta Dəhlizin inkişafını sürətləndirir, həm də Xəzər hövzəsində yeni iqtisadi inteqrasiya modelinin formalaşmasına töhfə verir.
Çolpon-Atada keçirilən son görüş bir daha göstərdi ki, Azərbaycan artıq Mərkəzi Asiya üçün sadəcə tərəfdaş deyil, regionun gələcək strateji qərarlarının qəbulunda iştirak edən əsas oyunçulardan birinə çevrilib.
Şahanə Rəhimli
Musavat.com