Azərbaycan ABŞ ilə yaxınlaşdı, Rusiya hücuma keçdi - maskalar düşdü...

Son illər Rusiya ilə Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik artıq hibrid müharibə mərhələsinə qədəm qoyub. Bu müharibə hərbi toqquşma formasında deyil, təzyiq, sabotaj, informasiya manipulyasiyası, iqtisadi hədəflər və kiberhücumlar vasitəsilə aparılır. Məqsəd isə aydındır: Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu zəiflətmək, onu regional və qlobal tərəfdaşlarından uzaqlaşdırmaq.

Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a açıqlamasında bildirir ki, artıq maskalar yırtılıb: "Son dövrlərdə baş verən hadisələr göstərir ki, Rusiya Azərbaycanla münasibətlərdə “strateji tərəfdaşlıq” ritorikasının arxasında gizlənərək ölkəmizə qarşı çoxşaxəli və təhlükəli hibrid müharibə aparır. Bu, artıq gizli diplomatik gərginlik deyil, Azərbaycanın suverenliyinə, vətəndaşlarına və dövlət maraqlarına qarşı yönəlmiş birbaşa və aqressiv addımlar silsiləsidir. Rusiyanın hibrid müharibə arsenalında ən çirkin vasitələrdən biri isə mülki aviasiyaya qarşı yönəlmiş təxribatlardır. Bu, Azərbaycanın beynəlxalq daşımalardakı rolunu zəiflətməyə və Bakının müstəqil logistik siyasətinə qarşı tətbiq edilən bir hava şantajıdır. Mülki insanların həyatını riskə atan bu addımlar Moskvanın regional hegemonluq naminə heç bir etik sərhəd tanımadığını göstərir".

K.Bayramov qeyd edib ki, Rusiya daxilində azərbaycanlılara qarşı aparılan sistemli təzyiqlər artıq dözülməz həddə çatıb. Rusiyanın hüquq-mühafizə orqanlarının himayəsi altında həyata keçirilən repressiyalar əslində Bakıya qarşı yönəlmiş siyasi təzyiq vasitəsidir. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən (və ya qəsdən təmin etməyən) bir dövlətin tərəfdaşlıq iddiası isə sadəcə rəzalətdir. Bütün bu faktlar təyyarələrimizə qarşı təhdidlərdən başlayaraq, soydaşlarımızın qətlinə və diplomatik korpusumuzun bombalanmasına qədər vahid mərkəzdən idarə olunan strateji düşmənçilik aktının əlamətləri kimi qiymətləndirilir".

Deputat bildirib ki, bu hadisələr zənciri Rusiyanın regional enerji arxitekturasına və Azərbaycanın Avropadakı strateji iqtisadi maraqlarına qarşı yönəlmiş açıq sabotaj siyasətinin tərkib hissəsidir: "2025-ci ilin avqust ayında baş verən hadisələr göstərdi ki, Rusiyanın hibrid müharibəsi artıq yalnız siyasi müstəvidə deyil, eyni zamanda Azərbaycanın xarici aktivlərinə və enerji tranziti imkanlarına birbaşa yönəlib. Ukraynanın Rumıniya ilə sərhədində yerləşən bu strateji qazpaylayıcı və kompressor stansiyasına endirilən zərbə təsadüfi hərbi hədəf deyil. Bu obyekt Trans-Balkan qaz marşrutunun kritik qovşağıdır və Azərbaycan qazının SOCAR vasitəsilə Cənub-Şərqi Avropaya idxalı üçün əsas qapı hesab olunur. Bu stansiyanın sıradan çıxarılması Azərbaycanın qaz ixracı coğrafiyasını genişləndirmək planlarına qarşı törədilmiş iqtisadi diversiyadır. Orlivka hadisəsindən qısa müddət sonra Odessa yaxınlığında SOCAR-a məxsus yanacaq anbarlarına dron hücumlarının təşkil edilməsi, Moskvanın hədəflərinin nə dərəcədə konkret olduğunu sübut etdi. SOCAR-ın Ukraynadakı infrastrukturuna qarşı yönələn bu hücumlar Azərbaycan dövlətinin mülkiyyətinə və xarici investisiya portfelinə qarşı açıq-aşkar terror aktıdır".

K.Bayramov vurğulayıb ki, Rusiyanın Azərbaycana qarşı hibrid təhdidləri 2025-ci ildə informasiya məkanını hədəf alan total müharibə səviyyəsinə yüksəlmişdir. APT29 kimi birbaşa Rusiya kəşfiyyat orqanları ilə əlaqəli olduğu beynəlxalq səviyyədə təsdiqlənmiş haker qrupunun Azərbaycanın media platformalarına hücumu, ölkəmizin daxili suveren qərarlarına qarşı yönəlmiş açıq rəqəmsal təcavüzdür. Azərbaycan Parlamentinin Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Mübarizə üzrə Komissiyasının məlumatları bu hücumun mahiyyətini tam şəkildə ifşa edir. Bu kiber-terror aktı Bakıdakı “Rus Evi” və təbliğat ruporu olan “Sputnik” agentliyinin fəaliyyətinin dayandırılmasına verilən iyrənc bir “cavab” idi.
Rusiyanın Azərbaycana qarşı yürütdüyü hibrid müharibə təkcə kiber-hücumlar və fiziki sabotajlarla məhdudlaşmır. Bu proses indi həm də sistematik informasiya terroru və diplomatik şantaj müstəvisinə keçmişdir. Rusiyanın rəsmi və qeyri-rəsmi media platformalarında Azərbaycana qarşı düşmənçilik ritorikası dövlət tərəfindən idarə olunan bir kampaniyaya çevrilib. Konstantin Zatulin kimi rəsmi şəxslərin, habelə Kremlə bağlı jurnalist və blogerlərin əsassız ittihamları, təhdid dolu çıxışları təsadüfi "şəxsi rəy" deyil. Bu, Azərbaycanın suveren qərarlarına təzyiq göstərmək üçün mərkəzdən idarə olunan psixoloji müharibə elementidir. Bakının öz milli maraqlarına uyğun atdığı hər bir addım bu dairələr tərəfindən "xəyanət" kimi qələmə verilərək, ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır. Azərbaycanın ABŞ ilə münasibətlərindəki tarixi sıçrayış, xüsusilə 8 avqust görüşü, prezidentlər səviyyəsində qurulan birbaşa təmaslar və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Rusiyanın hibrid müharibəsində yeni və daha aqressiv bir dalğaya təkan verib".

K.Bayramov əlavə edib ki, bu genişmiqyaslı faktlar vahid bir həqiqəti ortaya qoyur: Rusiya Azərbaycanın müstəqil xarici siyasətini, xüsusən də ABŞ ilə strateji yaxınlaşmasını və Avropanın enerji təhlükəsizliyindəki artan rolunu birbaşa təhdid kimi qiymətləndirir. AZAL təyyarələrinə qarşı naviqasiya təxribatlarından tutmuş, APT29 qrupunun kiberhücumlarına, SOCAR-ın aktivlərinin hədəf alınmasından propoqandist maşının yaratdığı təhdidlərə qədər bütün bu addımlar mütəşəkkil hibrid müharibənin tərkib hissəsidir. Lakin göründüyü kimi, Moskvanın bu “cəza” metodları gözlənilən effekti vermir. Əksinə, Azərbaycanın suveren dövlətçilik iradəsini daha da gücləndirir. Bakının nümayiş etdirdiyi diplomatik çeviklik və hərbi-strateji qətiyyət göstərir ki, artıq heç bir hibrid şantaj və regional hegemonluq iddiası Azərbaycanı milli maraqlarından və qlobal tərəfdaşlıq yolundan döndərə bilməz".

Cavanşir Abbaslı
Musavat.com

24.02.2026 20:08
1331