"Avtobus və metroda kartlarından əlavə pul çıxılır" İDDİASI

Son günlər bir sıra vətəndaşlar Bakıkart sistemində anlaşılmaz hallarla qarşılaşdıqlarını bildirirlər. Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, istifadəçilər kartlarından istifadə etmədikləri halda belə, balanslarından 60 qəpik məbləğində gediş haqqının çıxıldığını qeyd edirlər.
Şikayət edənlərin sözlərinə görə, bu hallar daha çox günorta saatlarında və xüsusilə gecə vaxtlarında müşahidə olunur. Vətəndaşlar bildirirlər ki, həmin vaxtlarda nə ictimai nəqliyyatdan istifadə ediblər, nə də kartlarını hər hansı terminala yaxınlaşdırıblar. Buna baxmayaraq, balanslarında azalma qeydə alınıb.
NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-dən Musavat.com-a bildirilib ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır: “Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir. Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.
Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.
Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə BakıKart-a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq”, -deyə qeyd edilir.
Şahanə Rəhimli
Musavat.com

 
01.05.2026 14:12
679